Hərbçilərə şad xəbər: mənzil sahibi olacaqlar
Azərbaycan dövləti hərbi qulluqçularla bağlı daha bir addım atır. Bu addım illərini orduya verən, xidmətini səssiz-səmirsiz davam etdirən hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Uzun müddətdir gözlənilən mənzil məsələsi yenidən gündəmə gətirilib və bu istiqamətdə konkret qərarlar verilir. Dekabrın 12-də keçirilən iclasda hərbi qulluqçuların mənzillə təmin olunması məsələsinə baxılıb. Xüsusilə illərlə xidmət etmiş, bu günə qədər mənzil problemi yaşayan hərbçilərin siyahıları nəzərdən keçirilib. Mənzil almaq hüququ qazanan şəxslər mərhələli şəkildə növbəyə daxil edilib. Qeyd edək ki, bu proses Prezidentin 2011-ci ildə imzaladığı fərman əsasında həyata keçirilir və son illər ərzində mənzil alan hərbi qulluqçuların sayında artım müşahidə olunur. İclas zamanı 606 nəfər hərbi qulluqçunun tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edilib. Bildirilib ki, dövlət büdcəsi hesabına alınan bu mənzillər növbəti il ərzində hərbi qulluqçulara təqdim ediləcək.
Məsələ ilə bağlı Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev hərbi qulluqçuların mənzillə təminatının Azərbaycan Respublikası Prezidentinin 2011-ci ildə imzaladığı fərmanla həyata keçirildiyini qeyd edib:

“Son illər ərzində güclənən Azərbaycanın həm iqtisadiyyatına, həm ölkəmizin hərbi qüdrətinin artırılmasına, həm də ordu quruculuğuna və eyni zamanda 20 il orduda xidmət edən hərbi qulluqçuların mənzil təminatının yaxşılaşdırılmasına imkan verilib. Son illərdə 20 il və daha çox xidmət edən hərbi qulluqçulara ayrılan mənzillərin sayında artım müşahidə olunur”.
Ekspert bu sahədə daha əvvəl rast gəlinən neqativ halların demək olar ki, tam aradan qaldırıldığını bildirib:
“Artıq mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanmasında, tələb olunan mənzillərin sayının və bölgüsünün müəyyən edilməsində şəffaflıq kifayət qədər yüksək səviyyədə təmin olunur. Bu istiqamətdə yaradılan komissiyalar effektiv fəaliyyət göstərirlər. Daha əvvəl hərbi qulluqçulara mənzillərin təmin edilməsi, paralel olaraq həmin şəxslərə əvvəl ödənilən və büdcə üçün kifayət qədər böyük xərclər təşkil edən kirayə pullarının dayandırılması ilə müşayiət olunur ki, bu da ikinci müsbət addım kimi dəyərləndirilə bilər”.
Fatimə Məmmədova
17:45 13.12.2025
Oxunuş sayı: 2203