Nikahsız ailələr niyə artır? - Azərbaycanda son 5 ilin statistikası
Son beş ildə Azərbaycanda 82 944 uşaq nikahdankənar doğulub. Bu rəqəm təkcə rəsmi statistika kimi diqqət çəkmir, eyni zamanda cəmiyyətin ailə quruluşundakı dəyişikliklərin və sosial dinamikanın dərin təsirlərini əks etdirir. Keçmişdə ailə və nikah anlayışları daha sərt qaydalarla tənzimlənirdisə, bu gün boşanma faizinin artması, valideyn razılığı olmadan evliliklərin artması və fərqli həyat tərzlərinin ortaya çıxması kimi səbəblər yeni realiti yaradır. İnsanlar ənənəvi ailə modelindən kənara çıxaraq nikahdankənar birliklərə meyllənir, bu isə həm sosial, həm də hüquqi sahədə yeni çağırışları gündəmə gətirir.
Bu məsələ ətrafında Crossmedia.az-a danışan sosioloq Hüseyn İbrahimov qeyd edib ki, əvvəllər bu statistika çox aşağı olmuşdur. Hazırkı dövrdə bu statistikanın bu qədər olması ilə ola bilər ki, gələcəkdə qohum evliliyini qadağan edən qanundan sonra nikahdankənar ailə qursunlar:
"Bu kimi hallar baş vermə səbəblərini ilk növbədə boşanma statistikası ilə əlaqələndirmək daha doğru olar. Boşanma faizi artdıqca bəzi hallarda insanlar ikinci dəfə nikaha girmədən ailə qururlar və birlikdə yaşayırlar. İkinci səbəb isə valideynin narazılığı ilə ailə quran zaman görünür. Belə ki, onlar bu halda nikahdankənar yaşayırlar. Bu həyat tərzində adət-ənənələrdən qaçmaq meyilləri və bu kimi çox hallar həmin statistikaya təsir göstərir. Digər tərəfdən, xarici vətəndaşlarla evlilik məsələsi də bu statistikanın artmasına öz təsirlərini göstərir".
Sosioloq bu xoşagəlməz statistikanın sosial səbəblərini də göstərmişdir:
"Sosial səbəblər sırasında da müəyyən böhran halları müşahidə oluna bilər. Bu böhran halı qeydə alınmasa da, ailə transformasiya dövrü yaşayır. Bu özündə həm boşanma, həm valideyn razılığında evliyə qərar vermə kimi elementləri özündə birləşdirir".
Fatimə Məmmədova
17:58 12.12.2025
Oxunuş sayı: 1356