Qeyri-neft-qaz sektoru Azərbaycan üçün strateji rol oynayır - Ekspert
Azərbaycanın qeyri-neft-qaz sektoru son illərdə ölkə iqtisadiyyatında mühüm rol oynayır və ixracın şaxələndirilməsi siyasətinin əsas komponenti kimi çıxış edir. 2025-ci ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dollarına çatıb. Bu artım, xüsusilə yeyinti məhsulları, aqrar və aqrar-sənaye məhsulları, həmçinin alüminium və kimya sənayesi məhsullarının ixracındakı yüksəlişlə müşahidə olunur.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Crossmedia.az-a bildirib ki, neft sektorunun ixracatının və istehsalının artması pozitivdir: "Biz bunu istəyərdik və daha çox olmasına ehtiyac var. İstehsalı və ixracı təşviq edən proqramların, o cümlədən dövlət proqramlarının artmasına ehtiyac var, çünki dəstəksiz hələlik mümkün olmayacaq".
Ekspert əlavə edib ki, Azərbaycanda istehsal sahələrinin ölkə üzrə yayılması da vacibdir: "Proses Bakı və Abşeronda cəmlənməməlidir. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı regional inkişafın bir konsepsiyanın tərkib hissəsi kimi baxmaq daha məntiqli olardı. Qeyri-neft-qaz sektoru ölkənin ixrac potensialının artırılması və iqtisadi şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi üçün strateji əhəmiyyət daşıyır".
Mehriban Yariyeva
15:14 11.12.2025
Oxunuş sayı: 1797