XƏBƏRDARLIQ: Leysan olacaq, sel gələcək
Son günlər ölkə ərazisində müşahidə olunan güclü yağışlar ciddi ekoloji və sosial problemlər yaradır. Ekoloqlar bildirirlər ki, xüsusilə dağlıq bölgələrdə leysan tipli yağışlar sel hadisələrinə səbəb olur, bu isə həm kənd təsərrüfatına, həm də əhalinin şəxsi təsərrüfatına böyük zərər verir. Şəhərlərdə isə kanalizasiya sistemlərinin köhnə və işlək vəziyyətdə olmaması yağış sularının yollarda yığılmasına, küçələrdə su basmalarına və nəqliyyatın hərəkətində ciddi çətinliklərə gətirib çıxarır. Ekspertlər bu vəziyyətin yalnız müvəqqəti narahatlıq yaratmadığını, eyni zamanda infrastruktura, sosial həyat və insanların gündəlik fəaliyyətinə də mənfi təsir göstərdiyini vurğulayırlar. Onların sözlərinə görə, bu problemlərin qarşısını almaq üçün hidrotexniki qurğuların inşası, su ötürücü sistemlərin işlək vəziyyətdə saxlanması və yağış sularının toplanıb saxlanması üçün sututarların yaradılması zəruridir.
Bu barədə Crossmedia.az-a açıqlama verən ekoloq İlqar Xəlilovun sözlərinə görə, adətən dağlıq ərazilərdə yağan güclü yağış və ya leysan sel yaranmasına səbəb olur ki, bu da əhalinin şəxsi təsərrüfatına və kənd təsərrüfatı əkinlərinə ciddi zərər vurur:
"Ən ciddi təsirlər həm də şəhərlərdə özünü göstərir. Kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olması, o cümlədən, yağış sularını axıdan kanalizasiyanın yollarda olmaması küçələrdə suyun yığılıb qalmasına səbəb olur ki, bu da əhalinin və nəqliyyatın hərəkətinə mənfi təsir göstərir".
Ekoloq güclü yağışların evlərin və həyətlərin su basmasına səbəb olduğunu və bunun çıxış yolunu vurğulayıb:
"Çıxış yolu sellərin qarşısını almaq üçün hidrotexniki qurğuların tikintisi, su ötürücü sistemlərin qurulması və işlək vəziyyətdə saxlanması ən mühüm tədbirlər hesab olunur. Ümumiyyətlə su çatışmazlığını aradan qaldırmaq üçün yağış sularını toplayıb saxlamaq üçün sututarların yaradılması da zəruri tədbirlərdəndir".
Fatimə Məmmədova
14:29 11.12.2025
Oxunuş sayı: 1209