11 dekabr – Beynəlxalq Dağlar Günüdür
Hər il 11 dekabr Beynəlxalq Dağlar Günü kimi qeyd olunur. 2003-cü ildə təsis edilən bu günün məqsədi dağ ekosistemlərinin həyat üçün əhəmiyyətini vurğulamaq, onların qarşılaşdığı təhlükələrə diqqət çəkmək və təbii sərvətlərin davamlı istifadəsini təşviq etməkdir.
Bu barədə Crossmedia.az xəbər verir.
Ekspertlərin məlumatına görə, dağlar bir çox təbii və ekoloji təhdidlər altında qalır. Təbii resursların həddindən artıq istismarı və torpaq eroziyası dağların davamlılığını təhdid edən əsas amillərdən biridir. Bundan başqa, qlobal iqlim dəyişikliyi qlasyerlərin sürətlə əriməsinə və çayların axınlarının dəyişməsinə səbəb olur ki, bu da suyun keyfiyyətinin pisləşməsi və daşqın riskinin artması ilə nəticələnir.
Dağlarda yaşayan yerli icmalar isə unikal mədəniyyətə və təbii resurslardan davamlı istifadə barədə dəyərli ənənəvi biliklərə malikdirlər. Onların təcrübəsi dağların qorunması və ətraf mühitin davamlı idarə olunması üçün böyük önəm daşıyır.
Beynəlxalq Dağlar Günü çərçivəsində dünya üzrə müxtəlif maarifləndirmə tədbirləri, seminarlar və ekoloji aksiyalar təşkil olunur. Məqsəd, insanların dağların ekoloji rolu və onların qorunması məsələlərinə daha çox diqqət yetirməsini təmin etməkdir.
Mehriban İbrahimli
13:09 11.12.2025
Oxunuş sayı: 1039