Dönər yeyərkən nələrə diqqət etməliyik?- Ekspert açıqladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə orta məktəb şagirdlərinin dönərdən zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb. Bu hadisə bir daha göstərir ki, xüsusilə də nəzarətsiz şəraitdə satılan fast food məhsulları ciddi sağlamlıq riski yaradır və uşaqlar başda olmaqla hər kəs üçün təhlükə mənbəyinə çevrilə bilər. Belə halların təkrarlanmaması üçün insanların fast food qəbul edərkən hansı məqamlara diqqət etməsi və bu qidaların əvəzi kimi hansı daha təhlükəsiz alternativlərdən istifadə etməsi məsələsi yenidən gündəmə gəlir. Məsələ yalnız gigiyena deyil, həm də qida mədəniyyətinin formalaşdırılması baxımından cəmiyyət üçün aktualdır.

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) araşdırmalara başlaması çox vacib addımdır. Çünki dönər, xüsusilə də ucuz və nəzarətsiz satılan "fast food"lar düzgün hazırlanmadıqda qida zəhərlənməsi riskini ən çox artıran məhsullardandır. İnsanlar "fast food" yeyən zaman müəyyən məqamlara ciddi diqqət etməlidirlər. İlk növbədə restoranın təmizliyi əsas şərtdir. İşçilərin əlləri, önlüyü, əlcəyi, saç toru, eləcə də vitrin və avadanlıqların təmiz görünməsi mühüm göstəricidir. Ətin saxlandığı yerin və bişirmə aparatının vəziyyəti də qida təhlükəsizliyi baxımından həlledici rol oynayır.Dönər ətinin görünüşü də zəruri göstəricilərdəndir. Çox tünd rəngli və ya yanmış hissələr bakteriya riskini gizlədə bilər. Əgər ət çox sürətlə bişirilirsə və ya içi hələ çiy qalırsa, bu da təhlükə yaradır. Eyni zamanda, ətin qoxusuna fikir vermək vacibdir: kəskin və ya turş qoxu heç bir halda qəbul edilə bilməz. Souslar və mayonez də risk qrupunda olan məhsullardır. Qida zəhərlənmələrinin 40%-i məhz souslardan qaynaqlanır. Açıq qabda saxlanılan, soyuducuda olmayan və rəngi dəyişmiş souslardan uzaq durmaq lazımdır. Evdə hazırlanmış mayonez və sarımsaq sousu nəzarətsizdirsə, bu da riski artırır".
Ekspert əlavə edib ki, çörək və tərəvəzlərin təmizliyi də önəmlidir: "Yağlı, günlərlə saxlanılmış çörək trans yağlarla dolu ola bilər. Təravətsiz və yuyulmamış tərəvəzlər isə bağırsaq infeksiyası riskini yüksəldir. Əgər qiymət çox ucuzdursa, burada da təhlükədən şübhələnmək lazımdır. Keyfiyyətli ətin, təmiz tərəvəzin və gigiyenik şəraitin ucuz qiymətə təklif olunması real görünmür. "Fast food" əvəzinə həm ucuz, həm də təhlükəsiz alternativlər mövcuddur. Evdə hazırlanmış yeməklər, lavaşda qızardılmış toyuq, ton balığı sendviçi, qara çörəkdə toyuq-burger, tərəvəz salatı, evdə qızardılmış kartof, meyvə və qoz kimi seçimlər həm toxluq yaradır, həm də mədə-bağırsaq sistemini yormur. "Fast food"un zəhərlənmələrə daha çox səbəb olmasının da bir sıra əsasları var. Ət uzun müddət isti aparatın yanında saxlanılır, mənşəyi və keyfiyyəti məlum olmur, gigiyena qaydalarına əməl edilmir, souslar soyuducda saxlanmır və işçi heyətin şəxsi gigiyenası çox zaman zəif olur. Bundan əlavə, tərkibində həddindən artıq yağ və duzun olması da sağlamlıq riskini artırır".
Müsahibimizin fikrincə, uşaqlar üçün "fast food"a tamamilə qadağa qoymaq doğru nəticə verməyə bilər: "Onların sevdiyi yeməkləri ev mühitində daha sağlam formada hazırlamaq mümkündür. Lakin nəzarətsiz yanaşma həm zəhərlənmə, həm də daha ağır nəticələrlə üzləşmə ehtimalını artırır. Valideyn olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə borcluyuq. Bu, ilk olaraq öz evimizdən, öz süfrəmizdən və öz qidalanma mədəniyyətimizdən başlayır".
Ayhan
10:37 11.12.2025
Oxunuş sayı: 1319