Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirir - Deputat
Azərbaycanın Mərkəzi Avropa ölkələri ilə münasibətləri son illərdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlir. Ölkənin xarici siyasətində müstəqillik və regional stabilliyi gücləndirməyə yönəlmiş addımlar Slovakiya ilə əlaqələrin inkişafına da öz təsirini göstərir. İkitərəfli əlaqələr enerji, müdafiə və investisiya sahələrində yeni imkanlar açır, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında körpü rolunu gücləndirir.
Mövzu ilə bağlı deputat Nigar Məmmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, Avropa ölkələri Azərbaycanla münasibətlərdə strateji tərəfdaşlığı gücləndirmək istiqamətində praktik addımlar atır: "Slovakiya da bu kontekstdə Bakı ilə əməkdaşlığı inkişaf etdirməyə böyük maraq göstərir. Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri zamanı bu istiqamətdə əhəmiyyətli müzakirələr aparılıb. Ötən il iki ölkə Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə imzalayıb ki, bu da əlaqələri yeni səviyyəyə qaldırıb".
Deputat qeyd edib ki, rəsmi Bakı və Bratislava arasında əməkdaşlıq regionun sabitliyinə və investisiya imkanlarının inkişafına yönəlib: "Slovakiya prezidenti Peter Pelleqri də Azərbaycanın yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş olduğunu vurğulayıb. O, ölkənin Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olduğunu və zəngin enerji resurslarına sahib olduğunu bildirib.
Azərbaycan–Slovakiya əməkdaşlığı həmçinin Avropa İttifaqı ilə əlaqələrdə də mühüm rol oynayır. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Slovakiyanın ehtiyac duyduğu qədər enerji resurslarını təmin edə bilər və yeni qaz yataqlarının işlənməsi ilə ixrac həcmi artırılacaq".
N. Məmmədova həmçinin Slovakiyanın müstəqil xarici siyasət yürütməsini və ölkəsinin Azərbaycanla Avropa İttifaqı arasında körpü rolunu vurğulayıb: "Tərəflər həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq, texnologiya ötürülməsi və birgə istehsal imkanlarını genişləndirməyi prioritet hesab edirlər".
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin bərpasında Slovakiya şirkətləri də iştirak edir, məsələn, Qarabağda "ağıllı kənd" layihəsində təcrübələrini bölüşürlər. Deputat hesab edir ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə arasında əməkdaşlıqda yeni və mühüm mərhələnin başlanğıcı olacaq.
Nigar Yahyazadə
17:45 09.12.2025
Oxunuş sayı: 932