DİQQƏT: Cəlbedici iş elanlarına inananlar insan alverinin qurbanı ola bilər
Son vaxtlar xarici ölkələrdə iş axtaran şəxslər arasında yüksək maaş və sadə tələblərlə iş elanları diqqət çəkir. Bir çoxları üçün bu imkanlar cazibədar görünə bilər, lakin belə təkliflər həmişə etibarlı olmur. Bəzən işçilərin istismarı, aldadılması və hətta insan alveri halları ilə üzləşmək riski olur. Xüsusilə gənc və təcrübəsiz şəxslər üçün bu cür elanlar ciddi təhlükə mənbəyi ola bilər.
Ekspertlər xəbərdarlıq edirlər ki, iş axtararkən hər bir detallara diqqət yetirmək və elanların şəffaf olub-olmadığını yoxlamaq vacibdir. Təhlükəsiz qərar vermək üçün işçinin hüquqları, iş şəraiti və sənədləşmə prosesi barədə ətraflı məlumat toplaması, şübhəli hallar yarandıqda müvafiq qurumlara müraciət etməsi həyati əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev qeyd edib ki, son dövrlərdə xüsusilə xarici ölkələrdə ailələrə “xadimə” və ya “köməkçi” axtarıldığına dair yüksək maaşlı elanlara tez-tez rast gəlinir: "Bu elanların bir qismi real olsa da, bəzən insan alveri, əmək istismarı və aldadılma məqsədilə yayımlanan elanlar da olur. Bu səbəbdən bu tip elanlara ehtiyatla yanaşmaq vacibdir. Belə elanlarda adətən diqqətçəkən bir neçə xüsusiyyət olur. Birincisi, həddindən artıq yüksək maaş və çox sadə tələblərlə cəlbedici obraz yaradılır. Məsələn, 2500–3000 AZN maaş, dil tələbinin olmaması və xüsusi bacarıq tələb edilməməsi real bazar şərtlərinə uyğun gəlməyə bilər. İkincisi, tələblərdə qeyri-adi detallara – “ləhcə olmasın”, “mədəni nitq”, “səliqəli və tərbiyəli olsun”, yaş kriteriyalarına – xüsusi vurğu edilir. Bu cür tələblər bəzən işin mahiyyətindən çox şəxsin xarici görünüşünə və davranışına yönəldiyindən risk siqnalı ola bilər".
Hüquqşünas, həmçinin, üçüncü təhlükə əlamətinin şəffaflığın olmaması olduğunu vurğulayıb: "Belə elanlarda çox zaman işəgötürənin kimliyi, iş ünvanı, şirkətin və ya ailənin məlumatları göstərilmir. Sadəcə WhatsApp nömrəsi paylaşılır və “təcili” olaraq işçi çağırılır. Xaricə aparmaq təklifi və viza, sənəd işlərini “tam özlərinin həll edəcəyi” barədə vədlər də insan alverində tez-tez istifadə olunan üsullardandır. Bu sxemdə işçi ölkədən çıxarıldıqdan sonra real iş şəraiti fərqli olur, maaş verilmir və ya hərəkət azadlığı məhdudlaşdırılır. İnsan alveri hallarının qarşısını almaq üçün belə elanlara ehtiyatla yanaşmaq vacibdir".
Ə.Allahverdiyev açıqlamasında tövsiyyələrini də bildirib: "Heç vaxt şəxsi sənədləri tanımadığınız şəxslərə göndərmək, yazılı müqaviləsiz razılıq vermək və ünvan, iş şəraiti barədə dəqiq məlumat almadan qərar qəbul etmək məsləhət deyil. Xaricə gedərkən gidecəkləri ünvanı ailənizlə bölüşmək, işəgötürən barəsində araşdırma aparmaq və şübhə yarandıqda hüquq-mühafizə orqanlarına və ya İnsan Alverinə Qarşı Mübarizə üzrə 152 Qaynar Xəttə müraciət etmək təhlükəsizliyinizi təmin edən vacib addımlardır".
Fatimə Məmmədova
17:07 09.12.2025
Oxunuş sayı: 1059