Şabranda sürüşmə təhlükəsi artıb, evlər dağıla bilər
Şabran rayonunun Əmirxanlı qəsəbəsi yaxınlığında, Dəvəçiçay çayının sahilində inkişaf etmiş sürüşmələr bir neçə yaşayış tikilisini dağıdıb, bir sıra evlər isə uçma təhlükəsi ilə üzləşib.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil nazirliyinin Coğrafiya İnstitutunun "Geomorfologiya və təbii risklər" şöbəsinin müdiri, dosent Sitarə Tariхazər apardığı monitorinqə əsasən bildirib.
Onun sözlərinə görə, sürüşmələr, həmçinin Dəvəçiçay üzərində yerləşən körpü keçidi sahəsində də müəyyən edilib.
Aparılmış monitorinq nəticəsində müəyyən edilib ki, vadinin quruluş xüsusiyyətləri, sürüşmələrin yayılma spesifikliyi və inkişaf şəraiti bu proseslərin Dəvəçiçay çayının aşağı axınında hələ də davam etdiyini göstərir. Sürüşmə proseslərindən zədələnmiş sahələr çayın məcrası boyunca uzanaraq, bəzi yerlərdə onun subasar sahələrini və birinci terraslarını əhatə edir. Bu ərazilər yeraltı suların qalxması və daşqınlarla müşayiət olunan nəmlənməyə məruz qalır ki, bu da sürüşmə proseslərini daha da aktivləşdirir.
Dəvəçiçay vadisində sürüşmələrin aktivləşməsinin əsas səbəbləri təbii amillərlə bağlıdır. Bunlar atmosfer yağıntıları, çayın su sərfi və axın sürəti, zəif və dayanıqsız torpaqlar, onların yüksək rütubətliyi, suyu keçirməyən layların və elastik-plastik layların mövcudluğu, həmçinin torpağın kifayət qədər sıxlaşmaması, torpaqdakı çatlar, yamacların su axınları tərəfindən yuyulması və süni yaradılmış torpaq örtüyüdür. Bununla yanaşı, antropogen təsirlər texnogen yüklənmənin artdığı şəraitdə həlledici amilə çevrilir.
Mümkün nəticələr arasında çay məcrasının qismən bağlanması da var ki, bu, yaxın ərazilərin su basmasına və yamacların deqradasiyasının sürətlənməsinə səbəb ola bilər. Nəticə etibarilə əlavə yaşayış tikililəri də dağılmaq təhlükəsi ilə üzləşəcək.
20:40 08.12.2025
Oxunuş sayı: 905