Uşağın xarakteri sizi aldada bilər – Psixoloq açıqladı
Uşaqlar bəzən valideynlərin gözləmədiyi şəkildə davranırlar. Evdə tək olduqda sərbəst, danışqan, yaradıcı və hər şeyə maraqlı yanaşan bir uşaq, ictimai mühitə , sinifə, oyun yoldaşlarının yanına və ya böyük ailə toplantılarına gəldiyi anda birdən sakit, çəkingən və qapalı görünə bilər. Bu davranış fərqi valideynləri çaşdıra və uşağın xarakteri barədə suallar doğura bilər. Əslində isə bu, uşağın özünü qorumaq və ətraf mühitə uyğunlaşmaq bacarığından irəli gəlir. Uşaq sosial mühitdə başqalarının gözləntilərini hiss edir və buna uyğun olaraq öz davranışını tənzimləyir. Tək olduqda isə heç kimdən qorxmadan, heç bir qayda və gözlənti olmadan əsl şəxsiyyətini göstərir — sərbəst, yaradıcı və səmimi. Bu, həm də uşağın özünü rahat ifadə edə bilməsi üçün vacib bir vaxtdır və onun daxili dünyasını, istedadlarını və düşüncələrini kəşf etmək üçün əsl fürsət yaradır.

Bu barədə Crossmedia.az-a açıqlamasında uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova bəzən uşaqların tək olduqları zaman tamamilə fərqli, daha sərbəst və yaradıcı bir obrazla qarşımıza çıxdıqlarını bildirib:
"Halbuki, ictimai mühitlərdə məsələn sinifdə, ailə içində və ya başqa insanların yanında isə daha çəkingən, sakit və ya özlərini qapalı şəkildə təqdim edirlər. Bu halın uşaq psixologiyasında bir sıra mühüm mexanizmlərlə bağlı olduğunu söyləyə bilərik.Birinci olaraq bu davranış fərqi özünü ifadə və sosial adaptasiya bacarıqları ilə birbaşa əlaqəlidir. Uşaq ətraf mühitin reaksiyasını hiss edir və buna uyğun olaraq öz davranışını tənzimləyir".
Psixoloqun sözlərinə görə, əgər uşaq öz fikirlərinə və duyğularına görə tənqid olunmaqdan çəkinirsə, o zaman sosial mühitdə özünü qoruma mövqeyinə çəkilə bilər:
" Bu isə tək qalanda "maskasız" ,yəni daha səmimi və azad şəxsiyyətini üzə çıxarır.İkinci vacib faktor isə emosional təhlükəsizlik ehtiyacıdır.Uşaqlar özlərini emosional olaraq güvəndə hiss etmədikləri mühitlərdə əsl "mən"lərini ifadə etməkdə çətinlik çəkirlər. Tək olduqları anlarda isə bu təhlükə hissi ortadan qalxdığı üçün davranışlarında səmimilik və təbilik artır".
Fatimə Məmmədova
10:50 08.12.2025
Oxunuş sayı: 4920