Yasamal rayonunda “Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti” adlı tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal Rayon Təşkilatında alim-yazıçı Sadıq Qarayevin əsərlərində "Azərbaycançılıq məfkurəsi və zəfərin vəhdəti" adlı tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, AMEA Azad Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Sənan Həsənov, Azərbaycanın məşhur milyonçusu və xeyriyyəçisi Ağamusa Nağıyevin nəvəsi, Milli Dəyərlərin Qorunması ictimai birliyinin sədri Dilarə Muxtarova, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdirləri, əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak edib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrundan canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev
ilk öncə “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir
iştirakçılarına məlumat verib. Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətçiliyinin
keyfiyyətcə yeni mərhələyə keçidini ifadə edən mühüm siyasi-hüquqi hadisə kimi
dəyərləndirilir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti,
yaratdığı hüquqi əsaslar və 1995-ci ildə Konstitusiyanın qəbul olunması müasir
Azərbaycanın inkişafının möhkəm təməlini formalaşdırdı. Bu strateji xətt
Prezident İlham Əliyevin rəhbərliyi altında daha da zənginləşdirilərək əldə
olunan Zəfərlər, suverenliyin tam bərpası, dövlət idarəçiliyinin modernləşdirilməsi
və milli maraqların qətiyyətlə qorunması ilə yeni məzmun qazandı. Bu il ərzində
həyata keçirilən institusional islahatlar hüquqi dövlət prinsipinin gücləndirilməsinə,
idarəetmədə səmərəliliyin artmasına və dövlət-vətəndaş münasibətlərində şəffaflığın
genişlənməsinə ciddi töhfə verir. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışına davam edərək
yazıçı-alim Sadıq Qarayevin yaradıcılıq yolu, elmi fəaliyyəti barədə tədbir
içtirakçılarına məlumat verib, həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı
kitablar haqqında fikirlərini bölüşüb. Onun yazıçı, alim və ictimai xadim
olaraq vətənpərvər fəaliyyəti ilə tanındığını, əsərlərində azərbaycançılıq məfkurəsi
və ideyasını əsas tutaraq, azərbaycançı düşüncəni təbliğ etdiyini deyib, bir
yazıçı kimi mövqeyinin mahiyyətini milli mənafe, ölkə maraqları və bəşəri dəyərlərin
təşkil etdiyini vurğulayıb. Bəxtiyar Nəbiyev Sadıq Qarayevin müəllifi olduğu “Sahilsiz
təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi,
tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət
“Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının adlarını qeyd
edib, onların ümumi xülasəsini xarakterizə edib.
Sonda çıxış edən yazıçı-alim Sadıq Qarayev qeyd edib ki, Azərbaycançılıq məfkurəsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli ideologiyanın əsas sütunu kimi xalqımızı bir amal ətrafında birləşdirib. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik strategiyası Zəfərin təməlini qoyaraq milli ruhun gücünü tarixi reallığa çevirib. Müzəffər Ali Baş Komandan. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycançılığın həm ideya, həm də əməli qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu məfkurə ilə tarixi qələbəmizin vəhdəti müasir Azərbaycanın dayanıqlı inkişaf yolunu müəyyənləşdirir. Sonra əsərlərinin ərsəyə gəlməsindən bəhs edən Sadıq Qarayev təqdimat mərasimin baş tutmasına görə YAP Yasamal rayon təşkilatına və kollektivinə öz minnətdarlığını ifadə edib.
Çıxışlardan sonra fəxri fərman, hədiyyə və bir qrup gəncə
sertifikatlar təqdim edilib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib,
xatirə şəkli çəkdirilib.
17:08 02.12.2025
Oxunuş sayı: 1440