AQTA uşaq qidasında aşkarlanan risklərlə bağlı xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.
Crossmedia.az AQTA-ya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, bu il noyabrın 17-dək 13 ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və onlar xəstəxanaya yerləşdiriliblər. Həmçinin ABŞ-da həmin məhsulun bütün partiyalarının və qablaşdırma formalarının istifadəsinin dərhal dayandırılması tövsiyə olunub.
Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik olub, adətən, Clostridium botulinum bakteriyası ilə çirklənmiş qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır. Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbzlik, iştahasızlıq, halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma qabiliyyətinin azalması kimi əlamətlərlə təzahür edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırma nəticəsində “ByHeart Whole Nutrition Infant Formula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması mümkündür. Bunu nəzərə alaraq agentlik xəbərdarlıq edir ki, ölkə daxilində fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi potensial risk yarada bilər.
AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və potensial təhlükələr, habelə həmin təhlükələrdən irəli gələn risklər barədə maraqlı şəxslər məlumatlandırılıb.
“INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcək”, - deyə məlumatda vurğulanıb.
17:14 21.11.2025
Oxunuş sayı: 3367