Sümük iliyi xəstəliyinin müalicəsində xarici donorlardan istifadə olunacaq - Həkim perspektivləri açıqladı
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, gələn ildən sümük iliyi köçürülməsində xarici donorlardan istifadə ediləcək.
Onun sözlərinə görə, bununla bağlı danışıqlara artıq başlanılıb:
"Az sayda olsa belə növbəti ildən digər ölkələrin donor banklarından istifadə edilərək sümük iliyi transplantasiyası əməliyyatları icra ediləcək. Bu da ciddi bir irəlləyiş olacaq".
V.Qurbanov həmçinin Sümük İliyi Transplantasiyası Mərkəzində uyğunluq testlərinin həyata keçirilməsi üçün laboratoriyaların hazır olduğunu da söyləyib:
"Gələn ilin ortalarına yaxın digər donorlardan xəstəyə sümük iliyi transplantasiyasının şahidi olacağıq".
Bununla bağlı həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında ilik köçürülməsinin müsbət tərəflərini qeyd edib və əsas mahiyyətini izah edib:
"Təbii ki, ilik köçürülməsi prosesi uzun müddət xəstələrimizi ciddi çətinliklərlə üzləşdirirdi. Demək olar ki, xəstələrin əksəriyyəti məcbur qalıb Türkiyəyə və Avropaya gedərək sümük iliyi köçürülməsi əməliyyatını keçirirdilər. Lakin sümük iliyi köçürülməsində xarici donorlardan istifadə olunması çox müsbət haldır. Bunun əhəmiyyəti ondan ibarətdir ki, ağır vəziyyətdə olan və kəskin leykoz diaqnozu qoyulmuş xəstələr uzun vaxt itirmədən, qısa müddət ərzində birbaşa öz ölkəmizdə bu əməliyyatı keçirmək imkanı qazanacaqlar. Beləliklə, sümük iliyi köçürülməsi üçün ölkə daxilində daha əlçatan şərait yaradılacaq.
Gülbəniz Bayramova
16:41 20.11.2025
Oxunuş sayı: 1304