Keçmiş nazirdən deputata dəstək: Almaniyada Azərbaycan səfirlikləri açılsın
Milli Məclisdə Azərbaycanın Almaniyanın bir neçə federal bölgəsində baş konsulluq açması ilə bağlı təklif səsləndirilib.
Deputat Rizvan Nəbiyev bu fikri parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, bu məsələyə baxıla bilər:
"Azərbaycanın 93 diplomatik nümayəndəliyinin və konsulluqlarının saxlanmasına 215 milyon manat xərclənəcək. Bəzi dövlətlərdə, səfirliklə yanaşı konsulluqlarımızın da təsis olunması nəzərdən keçirilə bilər. Məsələn, həm regionlarla birbaşa iqtisadi əlaqələri gücləndirmək, həm də daha operativ konsulluq xidməti göstərmək üçün Almaniyanın güclü sənaye potensialı olan federal vilayətlərində baş konsulluğumuzun açılması məsələsinə baxıla bilər".
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a açıqlamasında bu təklifə münasibət bildirib: "Belə bir addım olduqca vacibdir. Azərbaycan vətəndaşları Almaniyaya səfər etdikdə müxtəlif məsələlərlə bağlı dəstəyə ehtiyac duya bilirlər. Konsulluqların açılması isə onların mümkün problemlərinin operativ şəkildə həllinə imkan yaradacaq. Ümumiyyətlə, Azərbaycanın Almaniyanın bir neçə vilayətində konsulluq təsis etməsi həm siyasi, həm iqtisadi əlaqələrin inkişafına töhfə verir, həm də orada yaşayan soydaşlarımızın konsulluq xidmətlərinə daha rahat şəkildə müraciət etməsinə şərait yaradır.”
Fatimə Eynullazadə
16:15 20.11.2025
Oxunuş sayı: 1121