SAĞLAM AİLƏ Tibb Mərkəzinin Gəncə filialında yeni Radiologiya şöbəsi fəaliyyətə başlayıb
SAĞLAM AİLƏ Tibb Mərkəzi əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədilə Gəncə filialında müasir tələblərə cavab verən Radiologiya şöbəsinin açılışını həyata keçirib. Tədbirdə bir sıra dövlət və özəl xəstəxanalardan həkim-mütəxəssislər, həmçinin Gəncə Şəhər İcra Hakimiyyətindən nümayəndələr iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, yeni şöbə, ən son texnoloji yeniliklərlə təchiz olunmuş rentgen, ultrasəs (USM), mammoqrafiya və kompüter tomoqrafiyası avadanlıqları ilə pasiyentlərə xidmət göstərəcək. Radiologiya şöbəsinin yaradılması Gəncə və ətraf bölgələrdə yaşayan sakinlər üçün vaxtında diaqnostika və erkən aşkarlama imkanlarını genişləndirəcək
Açılış mərasimində çıxış edən SAĞLAM AİLƏ Tibb Mərkəzinin təsisçisi və Baş direktoru Vüqar Eyvazov bildirib ki, məqsəd tibbi xidmət göstərməklə yanaşı, regionlarda tibbi profilaktika mədəniyyətinin gücləndirilməsinə töhfə verməkdir.
"Bölgədə radiologiya xidmətlərinin genişləndirilməsi tibbi xidmətlərin çeşidinin artırılması, bu sahədə yeni inkişaf imkanlarının yaranması, həmçinin xroniki xəstəliklərin daha effektiv şəkildə idarə olunması kimi bir sıra mühüm üstünlüklər yaradacaq," – deyə o, əlavə edib.
Mərkəzin Hüquq, Strategiya və Rəqəmsal İdarəetmə üzrə direktor müavini Vədiyə Ələkbərzadə bildirib ki, ən son texnologiyalarla təchiz edilmiş Radiologiya şöbəsi pasiyentlər üçün daha sürətli, dəqiq və etibarlı diaqnostika imkanı yaradacaq. O əlavə edib ki, yeni avadanlıqlar müayinələrin keyfiyyətini artırmaqla yanaşı, prosesin daha rahat və əlçatan olmasını təmin edəcək. Bundan əlavə, nəticələrin sistemli rəqəmsal arxivləşdirilməsi pasiyentlərin diaqnostika tarixçəsinin izlənməsini asanlaşdıracaq və daha effektiv müalicə üsullarının seçilməsinə imkan verəcək.
Yeni şöbə həm fərdi müayinələr, həm də digər ixtisas həkimlərinin göndərişi ilə kompleks diaqnostik paketlər təqdim edəcək. Həkim-radioloqlar və texniki heyət peşəkar təlimlərdən keçib və beynəlxalq standartlara uyğun xidmət göstərməyə hazırdırlar.
2003-cü ildən fəaliyyət göstərən SAĞLAM AİLƏ Tibb Mərkəzi ölkənin aparıcı tibb müəssisələrindən biridir. Mərkəz paytaxtla yanaşı, bölgələrdə də filial şəbəkəsinə malikdir və yüksək ixtisaslı həkim heyəti, müasir laboratoriya və diaqnostika avadanlıqları ilə fərqlənir.
SAĞLAM AİLƏ Tibb Mərkəzi Azərbaycanda ilk və tək TÜRKAK akkreditasiyalı laboratoriya statusuna malikdir.
13:41 18.11.2025
Oxunuş sayı: 1577