Qidadan zəhərlənmələr kütləviləşib: Özümüzü necə qorumalıyıq?
Tovuz rayonunda baş verən qida zəhərlənməsi hadisəsi əhali arasında ciddi narahatlıq yaradıb. Məlumata görə, bir ailənin dörd üzvü – valideynlər və iki övladı – pendirdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onlara göstərilən tibbi yardımdan sonra ailə üzvləri evə buraxılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Bu, ilk belə deyil. Əvvəllər də dəfələrlə qidadan zəhərlənmə halları olub. Ən pis tərəfi isə budur ki, artıq sadəcə zərərli hesab olunan qidalardan yox, hətta ən təmiz olduğundan əmin olduğumuz pendir kimi məhsullardan da zəhərlənə bilərik. Zəhərlənmə hər birimizə bu qədər yaxındırsa, bəs nə etməliyik?
Tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov Crossmedia.az-a bildirib ki, son dövrlərdə qida zəhərlənməsi halları artıb: "Təbiidir ki, bunun bir sıra səbəbləri vardır. İlk növbədə, qida zəhərlənməsindən şübhələnildikdə dərhal təcili tibbi yardım çağırılmalıdır. Yardım gələnədək evdə xəstənin mədəsi yuyula bilər. Bunun üçün adi ilıq sudan istifadə etmək olar. İki stəkan ilıq su içdirilir və dilin köklərinə basaraq qusma stimullaşdırılır. Mədə təmiz su çıxana qədər yuyulmalıdır. Sonrakı mərhələdə isə Smecta, Enterosgel kimi preparatlardan istifadə edilə bilər".
Həkim əlavə edib ki, çoxsaylı qusma və ishal nəticəsində yaranan susuzlaşmanın qarşısını almaq üçün xəstəyə Regidron və Oralit kimi preparatlar da verilə bilər: "Bu preparatlar orqanizmin su-duz balansını bərpa edir. Kəskin susuzlaşma isə sağlamlıq üçün təhlükəlidir və hətta xəstənin həyatına ciddi təhlükə yarada bilər".
F.Museyibov bildirib ki, zəhərlənmənin hansı qidadan baş verdiyi araşdırılmalıdır və yardım nə qədər tez göstərilərsə, xəstənin sağ qalma şansı bir o qədər yüksək olur. Onun sözlərinə görə, qida zəhərlənməsi simptomları arasında ürəkbulanma, qusma, qarın ağrısı, baş ağrısı və qızdırma kimi əlamətlər müşahidə olunur.
Mehriban Yariyeva
16:27 17.11.2025
Oxunuş sayı: 1574