Azərbaycan və AEBA "təmiz enerji" sahəsində planları müzakirə edib
Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında "təmiz enerji" sahəsində planlar və AEBA ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb,
Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr energetika nazirinin müavini Elnur Soltanovla AEBA-nın nümayəndəsi Conatan Herbax arasında keçirilən görüşdə aparılıb.
Məlumata görə, məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.
Müzakirələr zamanı bildirilib ki, "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" prioriteti növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən biri olaraq qəbul edilib. Bu çərçivədə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadənin təşviq edilməsi nəzərdə tutulur.
Hazırda ölkəmizdə bərpa olunan enerjidən istifadə edilməsi və enerji təchizatının şaxələndirilməsi istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. COP29 zamanı Bakıda Energetika Nazirliyi ilə AEBA arasında imzalanmış enerji planlaşdırılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və bu çərçivədə Agentliklə əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətlər, habelə hüquqi çərçivənin inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.
Görüşdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) də təmsil olunub.
16:34 14.11.2025
Oxunuş sayı: 1101