Saxta alkoqollu içkini necə fərqləndirməli? - İzah
Cəbrayıl rayonu, Şükürbəyli kəndində ərzaq mağazasında "Organic Light" və "Organic Vodka" əmtəə nişanlı alkoqollu içkilərdə saxtalaşdırma əlamətləri müəyyən olunub. İçkilərin həcminin fərqli olduğu və tərkibində kənar qarışıqlar (həşərat) aşkarlanıb.
Bu, ilk belə hal deyil. Ümumiyyətlə, saxta alkoqollu içki hazırlamaq çox asan məsələyə çevrilib. Sanki iki üstəgəl ikidir. Odur ki, bəzi işbazlar bundan istifadə edərək pul qazanırlar. Ancaq bu, başqalarının ölümü hesabına da başa gələ bilir...
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, alkoqollu içkilər insan sağlamlığı üçün çox ziyandır, üstəlik, əgər içki saxtadırsa bu, əsl real təhlükədir:

“İstehlakçılar alkoqollu içki alarkən qablaşdırma və etiketi diqqətlə yoxlamalıdırlar — yazılarda səhvlər, bulanıqlıq və keyfiyyətsiz çap ciddi şübhələr doğurmalıdır. Orijinal məhsulda istehsalçı və idxalçı məlumatları, tərkibi, həcmi, istehsal tarixi və barkod aydın və oxunaqlı şəkildə olmalıdır. Əks halda məhsulun etibarlılığı sual altına düşür. Etiketin qoparılması, əyri yapışdırılması və ya şəffaflıqda fərqliliklər saxtalaşdırma ehtimalını artırır. Qapağın zədələnmiş, bərkidilməmiş və ya yenidən açılmış kimi görünməsi isə məhsulun etibarsız olduğunu göstərir.
Rəsmiləşdirilmiş alkoqollu içkilərdə vergi markası olmalıdır, bu marka tam yapışmış, yırtılmamış və orijinal rəngdə olmalıdır. Həddən çox ucuz qiymət də (məsələn, bazar qiyməti 40–50 AZN olan içkinin 10–15 AZN-ə satılması) saxtakarlığın göstəricisi hesab olunur”.
F.Səfərovun sözlərinə görə, saxta içkilər çox vaxt kəskin, yanıq və ya texniki spirt (metanol) qoxusu verir:
“İçdikdən sonra boğazda yanma, baş ağrısı, ürəkbulanma, görmə zəifləməsi və təzyiqin düşməsi kimi əlamətlər yaranarsa, içməyi dərhal dayandırmaq və tibbi yardım axtarmaq vacibdir. Xatırlatmaq lazımdır ki, metanol ciddi zəhərlənməyə səbəb olur — təxminən 30 ml qəbul korluğa, 60–100 ml qəbul isə ölümlə nəticələnə bilər”.
Ekspert sonda qeyd edib ki, belə şübhəli məhsul aşkar etdikdə dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verməyiniz tövsiyə olunur.
Türkanə Məşədiyeva
20:50 12.11.2025
Oxunuş sayı: 1363