Azərbaycanın yanında NATO-nun ikinci gücü olan Türkiyə və müsəlman dünyasının yeganə nüvə dövləti Pakistan dayanır - Rəy
Prezident İlham Əliyevin “Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi” fikri, əslində, bütün bir xalqın iradəsini, milli düşüncəsini və azadlıq idealını özündə cəmləyir. Bu sözlər təkcə bir siyasi bəyanat deyil — bu, illərlə qəlbimizdə yanan azadlıq istəklərinin, torpaq həsrətinin, ədalətə olan sarsılmaz inamın ifadəsidir. Bəli, biz bu qələbəyə çoxdan hazır idik. Hazırlıq təkcə hərbi güclənmədən ibarət deyildi — bu, həm də mənəvi, siyasi, iqtisadi və milli birlik baxımından tam bir səfərbərlik idi. Azərbaycan xalqı heç vaxt işğalla razılaşmadı, heç vaxt torpaqlarını unutmadan yaşadı. Və nəhayət, 2020-ci ildə bu əzmkarlığın nəticəsi olaraq tariximizə “Zəfər ili” kimi yazılan qələbəni qazandıq.
Mövzuyla bağlı fikir bildirən Milli Məclisin deputatı Elman Nəsirov Crossmedia.az-a açıqlamasında bildirib: "Noyabrın 8-də Bakının Azadlıq Meydanında xalqımızın tarixi Zəfərinin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Bu parad təkcə qələbəmizin rəmzi deyil, eyni zamanda Azərbaycan–Türkiyə–Pakistan dostluğunun və qardaşlığının daha bir dəfə təsdiqi oldu. Tədbirdə Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak edərək çıxışlar etdilər".
Millət vəkili vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin paraddakı çıxışı yalnız ölkə ictimaiyyətinə deyil, həm də beynəlxalq aləmə ünvanlanmış mühüm mesajlar daşıyırdı: "Prezidentin çıxışını üç əsas hissəyə bölmək olar:
1. Tarixi Zəfəri şərtləndirən amillər,
2. Zəfərin özü və bu prosesin mahiyyəti,
3. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və yeni strateji hədəflərin həyata keçirilməsi.
Dövlət başçısı çıxışında Zəfəri təmin edən əsas amillər sırasında ilk növbədə Qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi vurğuladı. Prezident hər iki dövlətin rəhbərlərinə və xalqlarına minnətdarlığını bildirdi və xüsusilə qeyd etdi ki, Türkiyə Prezidentinin “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” fikri bütün dünyaya güclü mesaj idi. Pakistan da müharibənin ilk günlərindən etibarən Azərbaycana açıq siyasi dəstək göstərdi. Bu, həm Zəfərimizin qazanılmasında, həm də beynəlxalq arenada haqq səsimizin eşidilməsində mühüm rol oynadı".
E.Nəsirov Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilərkən xalq qarşısında verdiyi vədə toxunaraq deyib: "Prezidentin “biz torpaqlarımızı işğaldan azad edəcəyik” – fikri dövlət siyasətinin əsas prioriteti olmuşdur. 17 il ərzində bu məqsədlə sistemli hazırlıq görülmüş, güclü iqtisadiyyat yaradılmış, ordu müasirləşdirilmiş və vətənpərvər gənclik yetişdirilmişdir. “Güclü iqtisadiyyat olmadan güclü ordu və siyasi müstəqillik mümkün deyil”, – deyən dövlət başçısı vurğuladı ki, Azərbaycanın ədalətli mübarizəsi məhz bu uzunmüddətli strategiyanın nəticəsi kimi 44 günlük Vətən müharibəsində tarixi qələbə ilə başa çatdı. Prezident həmçinin postmüharibə dövründə görülən işlərə də diqqət çəkdi. Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Artıq 60 mindən çox soydaşımız azad edilmiş torpaqlarda yaşayır, işləyir, oxuyur və həyatını qurur".
Deputat bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın tarixi Zəfərinin təkcə milli deyil, həm də Türk dünyası miqyasında əhəmiyyət kəsb etdiyini vurğuladı: "Onun sözlərinə görə, “Azərbaycanın bu Zəfəri Türk dünyasının tarixini daha da zənginləşdirdi və ona yeni dəyər qazandırdı.” Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də öz çıxışında Azərbaycanın yanında olduqlarını, bu birliyin güc və həmrəylik rəmzi olduğunu bildirdi. Bu dəfəki paradda Pakistan və Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin də iştirak etməsi üç dövlətin dostluq, qardaşlıq və hərbi əməkdaşlıq münasibətlərinin rəmzinə çevrildi. Sonda qeyd olundu ki, bu hərbi paradın ən böyük mənası və əhəmiyyəti ondadır ki, bütün dünya bir daha gördü: Azərbaycan tək deyil. Müharibə dövründə olduğu kimi, müharibədən sonra da onun yanında NATO-da ikinci güc olan Türkiyə və müsəlman dünyasının yeganə nüvə dövləti Pakistan dayanır".
Ayhan
15:38 10.11.2025
Oxunuş sayı: 1159