İstanbulda Azərbaycan-Türkiyə Gənclik Forumu keçirilib
Noyabrın 6-da Türkiyənin İstanbul şəhərində “Zəfərin 5 ili” mövzusunda Azərbaycan-Türkiyə Gənclik Forumu təşkil edilib. Tədbir Azərbaycan Respublikası Gənclər Fondu və Türkiyə Gənclik Vəqfi (TÜGVA) arasındakı əməkdaşlıq çərçivəsində keçirilib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan və Türkiyənin Dövlət himnlərinin oxunması ilə başlayan forumda hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən TÜGVA-nın sədr müavini, xarici əlaqələr koordinatoru Muhammed Malik Taylan bildirib ki, Qarabağ Zəfəri təkcə bir dövlətin qələbəsi deyil, həm də bir xalqın dirənişinin rəmzidir.
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxışında Qarabağ Zəfərini 30 il davam edən həsrətin sona çatmasının və bəşəri ədalətin bərpasının tərənnümü kimi qiymətləndirib.
Çıxışında Qarabağ Zəfərini türk millətinə yaşadan Azərbaycan Ordusuna, xüsusilə şəhid və qazilərimizə minnətdarlığını ifadə edən TÜGVA-nın sədri İbrahim Beşinci xalqlarımız arasındakı qardaşlığın “Bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu və bu əsasda davam etdiyini vurğulayıb. Türkiyədə baş verən zəlzələləri xatırladan sədr belə bir çətin dövrdə azərbaycanlıların türkiyəli qardaşlarının yanında olduğunu deyib. “Qarabağ” futbol klubunun son qələbələri haqqında da danışan İbrahim Beşinci bunun şanlı Zəfərin bir təzahürü olduğunu bildirib.
Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Qarabağ müharibəsi qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Əhliyyət Mehdiyev də şanlı Qələbənin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıblar. Onlar Vətən müharibəsi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbir zamanı Gənclər Fondunun fəaliyyətini, TÜGVA-nın tanıtımını, Qarabağ Zəfərini və Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Qeyd edək ki, forumun əsas məqsədi ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin mahiyyətini gənclər arasında təbliğ etmək, onlara Zəfər və qürur hissini yenidən yaşatmaq, eləcə də Azərbaycan və Türkiyə gəncləri arasında dostluq, həmrəylik və strateji əməkdaşlıq münasibətlərini daha da dərinləşdirməkdir.
00:35 07.11.2025
Oxunuş sayı: 1339