HƏKİM XƏBƏRDARLIĞI: Bu cür əməliyyatlar bəzən ağır fəsadlara səbəb olur
Son zamanlar estetik əməliyyatlardan sonra yaranan ağır fəsadlar və ölüm hallarına dair xəbərlər ictimaiyyətdə ciddi narahatlıq doğurub. İnsanların daha gözəl görünmək arzusu bəzən sağlamlıqları, hətta həyatları bahasına başa gəlir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür əməliyyatlar yalnız peşəkar həkimlər tərəfindən və tibbi standartlara uyğun şəkildə aparılmadıqda, ciddi nəticələrə səbəb ola bilər. Ümumiyyətlə, bu əməliyyatların orqanizmə təsiri və mümkün zərərləri nələrdir?
Mövzu ilə bağlı həkim-terapevt Aydın Əliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, insan sağlamlığının qorunması üçün görülən işlərin bəzilərində belə fəlakətlər də baş verir: ‘’İnsanlar və ailələr böyük itkilər yaşayır, kiminsə övladı, kiminsə yaxınını itirməsi ilə nəticələnir. Amma gəlin düşünək: bu əməliyyatlar əslində nə üçün lazımdır? Bu əməliyyatların müəyyən əsası var. Əsas məqsəd insanın nəfəs alması, yeriməsi və ya bəzi funksional problemlərinin aradan qaldırılmasıdır. Lakin çox təəssüf ki, bu cür əməliyyatlar bəzən tibbi zərurət olmadan, sırf estetik məqsədlərlə aparılır və nəticədə ağır fəsadlara səbəb olur. Həkimlikdə belə hallar istisna deyil. Bəzən ən təcrübəli mütəxəssislər belə pasientin həyatını xilas edə bilmirlər. Amma əsas məsələ maarifləndirmədir. İnsanlar anlamalıdırlar ki, yalnız həyati zərurət yarandıqda estetik əməliyyata müraciət edilməlidir. Sadəcə görünüşdə kiçik dəyişiklik üçün belə risklərə girmək doğru deyil’’.
Həkim qeyd edib ki, tibbi tədbirlər məsələsinə gəlincə, burada problem çox vaxt əməliyyatdan əvvəl gizli qalan sağlamlıq problemləri ilə bağlı olur: ‘’Əgər insanın bədənində müəyyən patologiyalar, orqan çatışmazlıqları və ya zəif immun sistemi varsa, əməliyyat zamanı risk daha da artır. Keyfiyyətsiz qidalanma, siqaret, alkoqol və digər zərərli vərdişlər də bu riskləri artıran əsas amillərdəndir. Ən ciddi problemlərdən biri isə odur ki, bəzən həkimlik sənədi və ixtisası olmayan şəxslər bu sahədə fəaliyyət göstərirlər. Bu artıq tibb işçilərinin deyil, hüquq-mühafizə orqanlarının müdaxilə etməli olduğu məsələdir. Çünki insan həyatı ilə oynamaq olmaz’’.
Sevinc Yarməmmədova
17:04 06.11.2025
Oxunuş sayı: 1316