Aİ-yə üzvlük Türkiyəyə nə isə qazandırmayacaq- Politoloq
Türkiyənin xarici işlər naziri Hakan Fidan Finlandiyanın paytaxtı Helsinkidə həmkarı Elina Valtonen ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, Türkiyəsiz Avropa İttifaqı (Aİ) natamam qalır.
"Regional sahiblənmənin ən yaxşı nümunələrindən biri olan Avropa İttifaqının Türkiyəsiz - xüsusilə yeni konyunkturda - natamam olacağını, Türkiyənin də Aİ-siz bölgədə həqiqətən natamam bir ayağının olacağını düşünürük", - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın xalqdan dəstək aldığı hər seçkidən sonra xarici siyasətlə bağlı mühüm açıqlamalar verir, yol göstərir:
"2023-cü il mayında Prezident seçkisindən sonra da Prezidentimiz Türkiyənin Avropa İttifaqı yolunda və strateji səfərinin dəyişmədiyini, bu nöqtədə üzvlük hədəfinin tam olduğu barədə bir iradə sərgiləmişdi".
Türkiyə–Avropa İttifaqı (Aİ) münasibətləri beynəlxalq siyasətin ən çox müzakirə olunan mövzularından biri olaraq qalır. Uzun illərdir hər iki tərəf strateji əməkdaşlıq istiqamətində müxtəlif təşəbbüslər həyata keçirsə də, Türkiyənin Aİ-yə üzvlük prosesi hələ də başa çatmayıb. Nazirin səsləndirdiyi fikirlər təkcə siyasi bəyanat deyil, həm də geosiyasi reallığın ifadəsidir. Çünki Türkiyənin regiondakı strateji mövqeyi, iqtisadi gücü və təhlükəsizlik sahəsindəki rolu Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Türkiyə üçün də Aİ ilə inteqrasiya demokratik, iqtisadi və hüquqi islahatların davamı baxımından vacib istiqamət olaraq qalır.
Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Türkiyə həm Avropanı, həm də Asiyanı birləşdirən strateji nöqtədə yerləşdiyi üçün bu baxımdan Avropanın cənub sərhədlərinin qorunmasında əvəzsiz rol oynayır: “Türkiyə Avropanın cənub ayağıdır. Güclü ordusu ilə NATO-nun ikinci ən döyüşkən ölkəsi sayılır. Bu səbəbdən Türkiyə hərbi cəhətdən Avropa üçün vazkeçilməz ölkədir. NATO-da belə natamamlıqdan danışılırsa, bu, məhz Türkiyənin vacibliyini göstərir".

Politoloq hesab edir ki, Aİ hələ də Türkiyəni özününkü saymır: “İttifaq mahiyyət etibarilə xristian mədəni dəyərlər üzərində formalaşmış bir qurumdur. Avropanın aparıcı dövlətləri Türkiyə kimi gənc, dinamik və güclü ordusu olan bir ölkənin üzv qəbul edilməsindən ehtiyatlanırlar. Onlar düşünürlər ki, Türkiyə Aİ-yə daxil olarsa, özləri kölgədə qalacaqlar. Ona görə də mən inanmıram ki, Türkiyə nə vaxtsa bu birliyə bərabər hüquqlu üzv kimi qəbul ediləcək".
Natiq Miri əlavə edib ki, Türkiyənin israrla Aİ-yə üzv olmaq istəyini də anlaya bilmir: “Əgər səni bir təşkilatda istəmirlərsə, orada olmaq sənə üstünlük qazandırmaz. Əksinə, belə bir durumda Türkiyə həmin qurumda ‘yedək dövlət’ rolunda qalacaq. Avropa dövlətləri bu gün Türkiyəyə yalnız təhlükəsizlik baxımından ehtiyac duyduqları üçün münasibətləri yenidən canlandırmağa çalışırlar. Türkiyənin İttifaqa daxil olması onun inkişafı üçün vacib deyil. Əgər məqsəd elmi və texnoloji inkişafdırsa, Türkiyə bunu təkbaşına və ya digər müttəfiqləri ilə də edə bilər. Çünki dünyada dəyişikliklər çox sürətli gedir və bu prosesdə Türkiyə də öz yolunu müəyyən etməlidir. Türkiyənin yeri türklərin yanıdır – yəni Türk Dövlətləri Təşkilatının içindədir. Bu qurum getdikcə beynəlxalq səviyyədə daha ciddi qəbul olunur və bu istiqamətdə inteqrasiyanın gücləndirilməsinə ehtiyac var".
N. Miri, həmçinin türk dövlətləri arasında ortaq dil və mədəni inteqrasiyanın vacibliyini vurğulayıb: “Bu gün postsovet məkanında olan türk respublikaları görüşəndə rus dilində ünsiyyət qururlar. Halbuki vahid türk dili və ortaq əlifbanın formalaşdırılması ən vacib addımlardan biridir. Bu, türk birliyini gücləndirər və gələcəkdə siyasi, iqtisadi, elmi sahələrdə daha sıx əməkdaşlığa yol açar. Türkiyə üçün ən doğru istiqamət məhz türk dünyasının birliyi ilə bağlıdır. Türk birliyinə üzv olmaq Türkiyənin özünə qayıdışıdır. Bu, türk şüurunun və mədəni kimliyinin güclənməsi deməkdir. Dünya münaqişələrinin həllində biz hər zaman türk vicdanını görürük. Türkiyə və Azərbaycan kimi dövlətlər sülhün təmin olunması üçün hər zaman ön sıradadırlar".
Müsahibimizin fikrincə, təşkilata üzvlük Türkiyəyə konkret qazanc gətirməyəcək: “Türkiyənin müdafiə sənayesi bu gün o qədər inkişaf edib ki, dünənə qədər Türkiyəni bəyənməyən Avropa dövlətləri indi ondan silah almağa başlayıblar. Bu, əsl uğurun göstəricisidir. NATO-da Türkiyənin nə əldə etdiyi bəllidir — Aİ-də də fərqli olmayacaq. Ona görə də mən ittifaqa tamhüquqlu üzvlük ideyasını xülya hesab edirəm. Türkiyə üçün əsas istiqamət strateji tərəfdaşlıq və regional güclərin birliyi olmalıdır. Türkiyə öz inkişafını Aİ vasitəsilə deyil, öz resursları və qardaş ölkələrlə əməkdaşlıq yolu ilə təmin edə bilər. Əgər birlikdən danışırıqsa, bu, Türk Birliyi olmalıdır. Çünki bu, Türkiyənin öz birliyidir, öz kimliyinə dönüşüdür".
Mehriban Yariyeva
13:40 06.11.2025
Oxunuş sayı: 1336