Trampın Nigeriyaya mümkün hərbi müdaxiləsi: ABŞ Afrikada yeni mərhələyə keçir - Ekspert
                                            ABŞ Prezidenti Donald Trampın Nigeriyaya mümkün hərbi müdaxilə ilə bağlı Pentaqona verdiyi göstəriş beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gəlib. Tramp “Truth Social” sosial şəbəkəsində yayımladığı açıqlamada ABŞ Müdafiə Nazirliyinə Afrikanın bu ölkəsində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı “çevik, sərt və amansız” tədbirlər planı hazırlamağı tapşırıb.
Crossmedia.az xəbər verir ki, prezidentin bu bəyanatı ekspertlər tərəfindən ABŞ-nin Afrika siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Tramp, həmçinin Nigeriyanı ABŞ-dən aldığı bütün yardımların dayandırılması ilə hədələyib. Bu, Vaşinqtonun regionda artan təhlükəsizlik narahatlıqlarına daha ciddi yanaşmağa başladığını göstərir.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, Nigeriya məsələsi birbaşa Amerikanın dünyanın yenidən bölünməsi prosesində tutduğu mövqe ilə bağlıdır: “Bu Nigeriya məsələsi, bilirsiniz, bilavasitə Amerikanın dünyanın yenidən bölünməsində — o qitələr ki, dövlətlər arasındakı nüfuz coğrafiyalarına çevrilir — roluyla bağlıdır. Unutmaq lazım deyil ki, ilk növbədə Afrika zonasında çinlilərin artan marağı var və Amerika Birləşmiş Ştatları daha əvvəl, yəni dünya savaşındakı mövqelərini geri qaytarmaq prosesini başlatdı. Latin Amerikasında Venesuela ilə toqquşmalar da bunun nəticəsidir. İkinci mərhələdə isə, əlbəttə, dünyanın ən qiymətli metallara ev sahibliyi edən Afrikanın yenidən müstəmləkələr arasında bölünmə prosesi gedir və Nigeriya onlardan biridir".
Əlibəylinin sözlərinə görə, Nigeriyanın neft və qızıl kimi strateji ehtiyatlara sahib olması bu ölkəni böyük dövlətlərin geosiyasi maraqlarının kəsişmə nöqtəsinə çevirir: “İstər-istəməz, Nigeriyanın və o bölgələrin sahib olduğu neft, qızıl kimi ehtiyatlar çox ciddi strateji məhsullardır. O üzdən də Amerika Birləşmiş Ştatları orada həm Rusiyanı, həm də Çini boyundan kənar vəziyyətdə buraxmaq üçün belə addımlar atır".
Mehriban Yariyeva
13:24 04.11.2025
Oxunuş sayı: 2262