Qida Agentliyi cərimə ilə yanaşı, müəssisələrin müasirləşməsinə də kömək etməlidir - Ekspert
Son günlər “Binə Çörək Zavodu” MMC ilə bağlı yayılan məlumatlar ictimai müzakirələrə səbəb olub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müəssisədə gigiyena və istehsal qaydalarının pozulması faktları aşkarlanaraq inzibati cərimələr tətbiq edilib.
Lakin aparılan monitorinqlər göstərir ki, zavodda sanitar vəziyyət və istehsal standartları hələ də tələb olunan səviyyədə deyil. Belə vəziyyət qida təhlükəsizliyi və istehlakçı hüquqları baxımından ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı Crossmedia.az- a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi istehsal müəssisələrini cərimələməklə yanaşı, orada rekonstruksiya və müasirləşdirmə işlərinin aparılmasına da kömək etməlidir:

“Lazım gələrsə, dövlət tərəfindən müəyyən investisiyalar cəlb olunmalıdır ki, müəssisələr bağlanmasın, əksinə, fəaliyyətini davam etdirsin.
Qeyd edim ki, çörəklərlə bağlı şikayətlərin sayı ildən-ilə azalmaqdadır və hələlik “Binə Çörək Zavodu” MMC ilə bağlı bizə hər hansı şikayət daxil olmayıb.
Şübhəsiz ki, Qida Təhlükəsizliyi Agentliyinin apardığı işlər mühümdür, lakin bu, hələ kifayət qədər deyil.
Əgər müəssisə dəfələrlə cərimələnir, amma yenidənqurma işləri aparılmırsa, bu, əlbəttə ki, arzuolunan hal deyil.
Düşünürəm ki, “Binə Çörək Zavodu” da bundan nəticə çıxaracaq və fəaliyyətini Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə uyğunlaşdıracaq”.
Türkanə Məşədiyeva
18:47 03.11.2025
Oxunuş sayı: 5909