Bişkekdə qəbul edilən qərarlar TDT-nin bu prosesdə iştirakının gücləndirilməsinə xidmət edir - Deputat
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində nəqliyyat və logistika sahəsində əməkdaşlıq üzv ölkələr arasında iqtisadi inteqrasiyanın və regional əlaqələrin möhkəmləndirilməsinin əsas istiqamətlərindən biridir. Bu kontekstdə dəmir yolu nəqliyyatının inkişafı, xüsusilə Trans-Xəzər və Bakı–Tbilisi–Qars (BTQ) xəttinin imkanlarının genişləndirilməsi, türk dünyasının iqtisadi məkanında vahid nəqliyyat şəbəkəsinin formalaşdırılmasında mühüm rol oynayır.
Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TDT-yə üzv ölkələrin dəmiryol idarələri rəhbərlərinin 3-cü iclası da bu məqsədlərə xidmət edən mühüm platforma kimi çıxış edib. İclasda Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılması, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal daşımaların inkişafı, həmçinin Zəngəzur dəhlizinin gələcək imkanları ətrafında geniş müzakirələr aparılıb.
Tədbir, həmçinin TDT regionunda nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması, infrastrukturun gücləndirilməsi və tranzit marşrutlarının rəqabət qabiliyyətinin artırılması istiqamətində üzv dövlətlərin birgə səylərinin əlaqələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlama verib: "Ümumiyyətlə, nəqliyyat-logistika sahəsi ənənəvi olaraq fəaliyyətimizin mühüm istiqamətlərindən biridir və bu sahəyə həm yerli, həm də xarici mənbələr hesabına əhəmiyyətli həcmdə investisiyalar yatırılmışdır. Son illər ərzində bu istiqamətin inkişafına xüsusi diqqət yetirilmiş, onun regional və beynəlxalq əhəmiyyətinin artırılması məqsədilə məqsədyönlü addımlar atılmışdır.
Azərbaycan coğrafi yerləşməsinə görə mühüm kommunikasiya qovşaqlarından birində yerləşir və bu üstün mövqedən səmərəli istifadə olunması strateji əhəmiyyət daşıyır. Məlum olduğu kimi, 2023-cü il oktyabrın 19–20-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının dəmir yolu idarələrinin rəhbərlərinin sayca üçüncü toplantısı keçirilmişdir. İki gün davam edən tədbirdə bir sıra mühüm məsələlər – “Şuşa Bəyannaməsi”, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əvvəlki dövrlərdə dövlət başçıları tərəfindən imzalanmış və razılaşdırılmış sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Toplantıda həmçinin Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəsinin genişləndirilməsi istiqamətində qərarlar qəbul edilmişdir. Xatırladaq ki, cari ilin iyul ayında Çin Xalq Respublikası ilə də bu dəhlizin imkanlarının artırılmasına dair razılıq əldə olunmuşdur. Bu qərara əsasən, Çin istehsalı olan məhsulların Azərbaycan üzərindən Avropaya daha sürətli və səmərəli şəkildə çatdırılması üçün zəruri infrastruktur tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur.
Qeyd etdiyim kimi, Azərbaycan son illərdə tranzit-logistika potensialının genişləndirilməsinə xüsusi önəm verir. Ötən il Azərbaycan Dəmir Yollarının vəsaiti hesabına Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsinə əlavə investisiya yönəldilmişdir. Bu addım, Asiyadan Avropaya daşınan yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən daha səmərəli şəkildə daşınmasını təmin etməyə xidmət edir. Nəticədə, daşınmaların həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılmışdır.
Bişkekdə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının bu prosesdə birgə iştirakının gücləndirilməsinə, əlavə investisiyaların cəlb olunmasına, Orta Dəhlizin inkişafına və Çinlə Orta Asiyadan Avropaya istiqamətlənən yüklərin sürətli çatdırılmasına xidmət edir. Bununla yanaşı, bu logistik imkanlardan istifadə etməklə üzv dövlətlər üçün əlavə iqtisadi dəyər və yeni əməkdaşlıq perspektivləri yaradılır".
Deputat həmçinin by razılaşmaların gələcəyə hesablanmış strateji addımlar olmaqla, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə səyləri nəticəsində iqtisadi, ticarət və paralel şəkildə siyasi potensialın genişləndirilməsini hədəflədiyini qeyd edib:
"Bu baxımdan, Azərbaycan prosesdə aparıcı rol oynayaraq regional əməkdaşlığın istiqamətləndirilməsində fəal mövqe tutur. Bu fəaliyyət ölkəmizin milli maraqlarına tam uyğun olmaqla yanaşı, Türk Dövlətləri Təşkilatının və onun üzv dövlətlərinin ümumi gücünün artırılmasına, təşkilatın beynəlxalq miqyasda əsas siyasi və iqtisadi qütblərdən birinə çevrilməsinə də töhfə verir.
Nəticə etibarilə, bu təşəbbüslər Azərbaycanın regional və qlobal miqyasda əhəmiyyətini artırmaqla yanaşı, logistika imkanlarının genişləndirilməsi, kommunikasiya qovşaqlarından səmərəli istifadə və gələcəyə yönəlmiş birgə layihələrin həyata keçirilməsi baxımından da yüksək qiymətləndirilməlidir. Bu, Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən mühüm istiqamətlərdən biridir".
Elmir Heydərli
16:02 03.11.2025
Oxunuş sayı: 9168