Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin yubiley konfransı keçirilib
Auqsburq şəhərində Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AATİB) 5-ci-yubiley konfransı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Almaniyada çalışan azərbaycanlı həkimlər, tibb tələbələri və alimlər iştirak edib.
Birliyin sədri, Singen Xəstəxanasının aparıcı həkimi, neyrocərrah Turab Qasımov təşkilatın 5 illik fəaliyyəti haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
Cərrah Ümüd Səlimzadənin idarəçiliyi və ginekoloq Mina Mustafayevanın aparıcılığı ilə keçirilən konfransda Almaniyada gənc azərbaycanlı həkimlərin səhiyyə sisteminə inteqrasiyası və ixtisasartırması, Almaniya səhiyyə və tibb təhsili sisteminin beynəlxalq kontekstdə müqayisəli təhlili, müqaviləli həkim fəaliyyətinin üstünlükləri və çatışmazlıqları, süni intellektin tibbi diaqnostika, müalicə, proqnoz və tibbi tədrisdə tətbiqi mövzuları müzakirə olunub.
Frankfurtda çalışan anestezioloq Leylan Məmmədova birliyin yaranma tarixi və gələcək planları haqqında təqdimatla çıxış edib. Drezdendə çalışan nevroloq Könül Məmmədova müxtəlif ixtisaslarda müqavilə əsaslı fəaliyyətin üstünlükləri və imkanları barədə danışıb. Otorinolarinqoloq Elşən Ağayevin moderasiyası ilə keçirilən "Tibbdə süni intellektin tətbiqi"nə həsr olunmuş birinci panel müzakirədə müxtəlif ixtisaslardan olan azərbaycanlı aparıcı həkimlər, eləcə də süni intellekt üzrə ekspertlər çıxış ediblər.
İkinci panel müzakirələrdə isə Almaniyada tibb, rezidentura və doktorantura təhsili mövzusunda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyi bu ölkədə azərbaycanlı həkimləri bir araya gətirən ilk təşkilat hesab olunur. Bu gün təşkilatın həm Almaniyada, həm də xaricdə fəaliyyət göstərən xeyli sayda üzv və fəxri üzvü mövcuddur. Təşkilatın əsas məqsədlərindən biri Almaniyada fəaliyyət göstərən azərbaycanlı tibb tələbələrinin peşəkar fəaliyyətə uyğunlaşmasına dəstək göstərməkdir. Son illər ərzində AATİB platforması çoxsaylı gənc mütəxəssisə təcrübə keçmək, iş tapmaq, ixtisaslaşma və elmi dərəcə qazanmaq imkanları yaradıb.
20:33 01.11.2025
Oxunuş sayı: 1701