Həkim: “Xəstəliklərin artması müşahidə olunur”
 
                                            Azərbaycanın səhiyyə sahəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sərgi səhiyyə sahəsində yeni əməkdaşlıqlar üçün mühüm platformadır:
"Medinex 2025" səhiyyə mütəxəssislərinin yeniliklərlə tanışlığı, mövcud tərəfdaşlıqların inkişafı, yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır və bu tədbir milli səhiyyə sisteminin innovativ inkişafına töhfə verir.”
Son illər Azərbaycanda səhiyyə sahəsində mühüm yeniliklər müşahidə olunur. Xəstəxanaların texniki imkanlarının genişlənməsi və yeni avadanlıqların tətbiqi tibb sisteminin inkişaf istiqamətində atılmış ən vacib addımlardandır.
Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov Crossmedia.az-a açıqlamasında bildirib ki, səhiyyə sisteminin maddi-texniki bazasının mütəmadi olaraq gücləndirilməsi dövlətin bu sahəyə verdiyi yüksək dəyərin göstəricisidir:

“İlk növbədə onu qeyd edim ki, bu, cənab Prezidentimizin səhiyyəmizə verdiyi böyük bir qiymətdir. Hər il dövlət büdcəsindən səhiyyə sahəsinə xeyli vəsait ayrılır ki, bu da həm maddi-texniki bazanın gücləndirilməsinə, həm də dərman preparatlarının təmin olunmasına mühüm töhfə verir. Əhali sayı ildən-ilə artır, bununla yanaşı xəstəliklərin də artması müşahidə olunur. Ona görə də maddi-texniki baza daim yenilənməli və möhkəmləndirilməlidir.”
F.Museyibovun sözlərinə görə, bu istiqamətdə görülən işlər yalnız indi üçün deyil, həm də gələcək nəsillərin sağlamlığının qorunması baxımından əhəmiyyətlidir:
“Səhiyyəmizin inkişafı, gələcəkdə baş verə biləcək xəstəliklərin qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi üçün bu işlər çox vacibdir. İstifadə olunan hər bir tibbi avadanlığın müəyyən istismar müddəti var. Buna görə də texniki bazanın mütəmadi yenilənməsi mütləqdir.”
Sonda həkim ölkə rəhbərliyinə təşəkkürünü bildirib: “Azərbaycan rəhbərliyinə səhiyyəyə bu qədər diqqət yetirdiyi üçün ölkə başçısına dərin təşəkkürlərimizi bildirməliyik. Bu, həm həkimlər üçün, həm də pasiyentlərin müalicəsi üçün böyük stimul yaradır.”
Fatimə Hacıəliyeva
19:04 31.10.2025
Oxunuş sayı: 1711
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        