Azərbaycan-Qırğızıstan İnkişaf Fondu kiçik SES-in tikintisinə vəsait ayıracaq
 
                                            Azərbaycan və Qırğızıstan Oş vilayətindəki (Qırğızıstan) Kulun çayında 5,4 MVt gücündə kiçik su elektrik stansiyasının (SES) tikintisi layihəsini təsdiq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyindən bildirilib.
Layihə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə oktyabrın 30-da Bişkekdə keçirilmiş Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Şurasının altıncı iclasında təsdiq olunub.
"İclasda tərəflər daxili normativ aktlara dəyişiklikləri müzakirə edərək təsdiqləyiblər, həmçinin Oş vilayətinin Kara-Kulja rayonundakı Kulun çayında 5,4 MVt gücündə kiçik su elektrik stansiyasının tikintisi üzrə investisiya layihəsi təsdiq edilib. Layihənin həyata keçirilməsi yeni iş yerləri yaratmağa və ölkənin sənaye potensialını gücləndirməyə, idxaldan asılılığı azaltmağa və ölkənin enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək", - məlumatda qeyd edilir.
Layihənin ümumi dəyəri 5,2 milyon ABŞ dolları təşkil edir və bu məbləğin 2,5 milyon dollarını Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təmin edəcək.
Bundan başqa, iclasda digər aktual məsələlər də müzakirə edilib.


18:39 31.10.2025
Oxunuş sayı: 1248
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        