ABŞ və Çin arasında geosiyasətdə ciddi rəqabət mövcuddur — politoloq
ABŞ və Çin dünya iqtisadiyyatının əsas aparıcı gücləri hesab olunur. Bu iki ölkə arasında baş verən ticarət qarşıdurmaları qlobal bazarlarda qeyri-sabitliyə, qiymətlərin süni artımına və iqtisadi çətinliklərə səbəb olur. Son danışıqlarda tərəflərin ticarət məsələlərində konsensusa gəlməsi dünya iqtisadiyyatı üçün müsbət siqnal sayılır. Bu razılaşma, həm iqtisadi sabitliyin bərpasına, həm də siyasi münasibətlərin tədricən normallaşmasına təkan verə bilər. Bununla belə, ABŞ–Çin münasibətlərinin arxasında geosiyasi rəqabətin davam etdiyi də istisna edilmir.
Bu barədə politoloq Natiq Miri Crossmedia.az-a açıqlama verib ki, dünya iqtisadiyyatı və ticarətinin əsas arterial damarı ABŞ və Çindir: "Ticarət qarşıdurması dünya iqtisadiyyatına və ticarətinə təsir edir ki, bu da süni şəkildə qiymətlərin artmasına səbəb olur. Milyonlarla insan bundan əziyyət çəkir. Ona görə də, əlbəttə, ticarət yönündə anlaşma dünya iqtisadiyyatı və bazara müəyyən sabitlik gətirəcək. Süni enmə və qalxmaların qarşısı alınacaq, münasibətlər əvvəllər olduğu kimi tədricən tənzimlənəcək. Ancaq bu məsələlərin həmçinin siyasi yönü də var. İqtisadiyyat bilavasitə siyasəti şərtləndirir.
Burada ABŞ və Çin arasında geosiyasətdə çox ciddi rəqabət mövcuddur. Bir tərəfdən Tayvanın ABŞ tərəfindən müdafiə olunması təbii ki, Çini qıcıqlandıran məsələdir. Çünki Tayvanı öz tərkib hissəsi sayan Çin onun müstəqil subyekt kimi fəaliyyət göstərməsini istəmir və bu yöndə ABŞ-la anlaşmada müəyyən problemlər var. Digər tərəfdən ABŞ-nin Çindən müəyyən tələbləri mövcuddur ki, bu da Rusiya–Ukrayna müharibəsinin bitirilməsi ilə bağlıdır. Çünki Rusiya neftinin ən böyük alıcılarından biri də Çin dövlətidir. ABŞ istəyir ki, Çin bu neftin alınmasını dayandırsın. Üstəlik, Çinin Rusiyaya pilotsuz uçuş aparatlarının, dronların komponentlərinin verilməsində və onların idarə olunmasında xüsusi rolu var.
Bu komponentlər və xüsusilə də çiplər, yarımkeçiricilər Rusiyaya verilməsə, Rusiyanın strateji silahlarının istehsalı mümkün olmayacaq.
İndiki vəziyyətdə Çinin bu yardımı dayandırdığı təqdirdə Rusiya hərbi-sənaye kompleksi qısa müddətdə çökəcək. ABŞ də Çindən bunu tələb edir. Ona görə də bir tərəfdən Çinlə ticarət-iqtisadi anlaşmalar müzakirə olunursa, digər tərəfdən məsələnin geosiyasi tərəfləri mövcuddur. Ticarət yönündə anlaşma həmçinin digər sahələrdə də razılaşmalara yol açır".
Politoloq qeyd verib ki, Rusiyanın son günlərdə nüvə təlimləri keçirməsi, “Poseydon” raketinin yenidən sınaqdan keçirilməsi, gələcəkdə ola biləcək “Burevestnik” haqqında Putinin çıxışları və s. bütün bunlar Donald Trampın son Asiya səfəri ilə bağlıdır:
"Vladimir Putində böyük narahatlıq var, çünki Budapeştdə Donald Tramp ilə görüşüb müəyyən anlaşmaya nail ola bilmədiyi üçün bu razılaşmanın məhz Tramp ilə Si Cinpin arasında ola biləcəyindən qorxur. Qlobal səviyyədə bu iki dünya gücü ortaq məxrəcə gəlsə, Rusiyanın müharibəni qısa müddətdə dayandırmasına gətirib çıxara bilər. Tramp çalışır ki, Çinlə Rusiyanı bir-birindən ayırsın, ancaq konkret Ukrayna müharibəsinin dayandırılmasında Çinin əhəmiyyətli rolu var. Buna görə də bu danışıqlarda Çin tərəfinə bu yöndə konkret tələblərin irəli sürüldüyü qənaətinə gəlmək olar.
Nəticələri həm Çin, həm də ABŞ rəhbərliyinin davranışlarında hiss ediləcək. İqtisadi və ticarət yönündə anlaşmalar birmənalı olaraq dünya iqtisadiyyatının xeyrinə olan məsələlərdir".
Türkan Kərimli
16:10 30.10.2025
Oxunuş sayı: 1647