Kişilərdə süd vəzi xərçəngi təhlükəsi: Qarşısı alınmasa...
Müasir dövrdə insanların həyat tərzində baş verən dəyişikliklər sağlamlığa ciddi təsir göstərir. Ətraf mühitin çirklənməsi, düzgün qidalanmama, zərərli vərdişlər və stress bədənin təbii tarazlığını pozur. Bu amillər təkcə immun sistemini zəifləmir, həm də hormon balansında dəyişikliklərə, orqanizmin fizioloji fəaliyyətində pozuntulara səbəb olur. Azərbaycanda kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur. Bu baxımdan, qadın və kişi orqanizmləri arasında olan təbii hormonal fərqləri, həmçinin bu fərqlərə təsir edən xarici amilləri anlamaq vacibdir. Bəs bu kimi xəstəliklər nədən yaranır? Qarşısını necə almaq olar?
Mövzu ilə bağlı həkim Aydın Əliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, qadın və kişi cinsi arasında fərqlər əsasən hormonlarla bağlıdır: ‘’Kişilərdə əsas hormon androgen, qadınlarda isə estrogen və müəyyən miqdarda testosterondur. Əslində, testosteron hər iki cinsdə olur, sadəcə miqdarı fərqlidir. Müasir dövrdə bir çox halda orqanizmdə yaranan dəyişikliklər xəstəlik kimi qəbul olunur. Amma əsas problem çox vaxt düzgün həyat tərzinin olmamasındadır. İnsanlar bəzən elə qidalar qəbul edirlər ki, bu da orqanizmin təbii tarazlığını pozur. Xüsusilə gənclər arasında ayaqüstü yeməklər, keyfiyyətsiz fast-foodlar, çirkli hava, təmiz olmayan su, vaxtı keçmiş və ya keyfiyyətsiz ərzaqlar, telefonlara və siqaretə aludəlik, spirtli içkilər və narkotik vasitələr kimi amillər orqanizmdə ciddi dəyişikliklərə səbəb olur’’.
Ekspert qeyd edib ki, bütün bunlar nəticəsində immun sistem zəifləyir, bədən özünü müdafiə etmək qabiliyyətini itirir: ‘’Kişilərdə ginekomasiya halı var ki, bu da süd vəzilərinin böyüməsi deməkdir. Qarşısı alınmasa xərçəngə çevrilə bilər. Buna bəzi amillər səbəb ola bilir. Xarici amillər — yəni hava, su, qida, kimyəvi maddələr və zərərli vərdişlər — orqanizmdə fizioloji dəyişikliklər yaradır və müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Bu qədər mənfi təsirin içində insanların sağlam qalması, təbii ki, çətinləşir. Bununla yanaşı, genetik amillər də mühüm rol oynayır. Yəni bəzi xüsusiyyətlər nəsildən-nəsilə keçir. Ancaq çox vaxt məhz yaşadığımız həyat tərzi bu genetik zəif nöqtələri üzə çıxarır. Nəticədə, problem təkcə genetik deyil — yaşayış şəraiti və həyat tərzi də xəstəliklərin artmasına səbəb olur’’.
Sevinc Yarməmmədova
10:59 28.10.2025
Oxunuş sayı: 3316