Bu insanlar ehtiyatlı olmalıdırlar: Həkimdən xəbərdarlıq
Meteoroloji şərait insanların gündəlik həyatına və sağlamlığına birbaşa təsir göstərir. Xüsusilə meteohəssas insanlar üçün havadakı dəyişikliklər fiziki və psixoloji vəziyyətə təsir edə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, oktyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir. Bu isə meteohəssas insanlar üçün əsasən əlverişli şərait yaradacaq.
Crossmedia.az-a danışan həkim Şahvələd Məmmədov bildirib ki, ilin bu dövründə hava dəyişiklikləri təbii haldır: "Qeyri-sabit hava şəraiti müəyyən fəsillərdə, xüsusilə payızda, kəskin şəkildə havanın soyumasına səbəb ola bilər. Məsələn, temperatur 8–9 dərəcə, bəzən isə 12 dərəcə kimi sürətlə düşə bilər ki, bu da bir sıra problemlər yaradır. Əvvəlcə insanların sağlamlığına mənfi təsir göstərir. Hipertoniya xəstələri üçün vəziyyət daha kritikdir. Bundan başqa, 65 yaşdan yuxarı xroniki xəstəliyi olan insanlar və 5 yaşa qədər uşaqlar da belə dəyişikliklərdən təsirlənə bilər. Həmçinin, soyuğa qarşı həssaslığı olanlar, immuniteti zəif insanlar və müxtəlif allergiyası olan şəxslər – məsələn, toz allergiyası olanlar – bu şəraitdə daha çox risk altında olurlar. Ümumilikdə qeyri-sabit hava bütün insan qruplarına təsir etsə də, ən çox bu kateqoriyadakı şəxslərə mənfi təsir göstərir. Ona görə də bu insanlar xüsusilə ehtiyatlı olmalıdırlar".
Mehriban Yariyeva
15:54 27.10.2025
Oxunuş sayı: 1874