ABŞ-nin dəstəyilə Tailand və Kamboca sülh yolunda addımlayır -AÇIQLAMA
Beynəlxalq münasibətlərdə sülh və sabitliyin qorunması, xüsusilə Cənub-Şərqi Asiya kimi strateji əhəmiyyət daşıyan regionlarda, ölkələrarası əməkdaşlıq və diplomatik təşəbbüslərlə sıx bağlıdır. Son günlər Tailand və Kamboca arasında baş verən hadisələr bu istiqamətdə mühüm addım kimi qiymətləndirilə bilər. Belə ki, Tailandın baş naziri Anuthin Çanvirakun və Kambocanın baş naziri Xun Manet Kuala Lumpurda keçirilən ASEAN sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sənəd imzalayıblar.
Tailand Xarici İşlər Nazirliyinin açıqlamasına görə, sənəd sülh müqaviləsi deyil, münaqişənin sülh yolu ilə həllinə təməl qoyan birgə bəyannamədir. Bununla belə, regionda diplomatik dialoqun güclənməsi və qarşılıqlı etimadın artırılması baxımından bu addım xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a bildirib ki, daha çox Trampın Asiya səfəri raunduna baxmaq lazımdır: "Məsələ ondadır ki, bu raund — fikir verirsinizsə — Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına, Malayziya, Tailand, Kamboca kimi ölkələrə həmkarları ilə birgə səfər idi. Atəşkəs sazişi imzalandı. Əsas nəticəyə diqqət edin: bütün bunlar dünyanın vahid güc mərkəzinin Amerika olması anlamını daşıyır".
Ekspert əlavə edib ki, eyni vaxtda Latın Amerikasında, xüsusilə Venesuelada ABŞ-a qarşı müqavimət güclənir və ehtimal olunur ki, ayın 31-nə qədər orada hakimiyyət çevrilişi üçün addımlar atıla bilər.
Əlibəyli həmçinin razılaşmanın praktiki nəticələrinə toxunub: “Tailand və Kamboca 18 əsgərini azad edir, sərhəd bölgəsində ağır silahlar çıxarılır. Malayziya döyüşlərin başlanmamasını təmin etmək üçün öz ərazisinə qoşunlar yerləşdirib. Bu mübahisə 1907-ci ildən qalır. Dərhal həmin ölkələrlə Tramp ticarət müqavilələri və strateji minerallar üzrə sazişlər imzaladı".
Ekspert vurğulayıb ki, ABŞ hər üç ölkəyə kənd təsərrüfatı malları və ticarət maneələrini qaldırıb. “Amerikada soya ticarəti ilə məşğul olan biznes sferasında mallar əllərdə qalıb, çox kritik vəziyyət yaranmışdı. İndi isə regional sülhün başlanğıcı görünür. Bu həm də Birləşmiş Ştatların hərbi və iqtisadi baxımdan mövqeyini gücləndirməsinin göstəricisidir. Ona görə də bu, qalıcı münasibətdir — heç bir diplomatik manevr bunu dəyişə bilməz".
Mehriban Yariyeva
15:11 27.10.2025
Oxunuş sayı: 882