Azərbaycan Türkiyəyə qaz nəqlini 6 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 7 milyard 843,39 milyon kubmetr təbii qaz ixrac edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 5,6 % çoxdur.
Bu ilin avqust ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 47,27 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,4 dəfə çoxdur.
Bununla da avqustda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 20,89 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin avqust ayında Azərbaycan Türkiyəyə 742,24 milyon kubmetr təbii qaz ixrac edib.
Təkcə yanvar-avqust ayında Türkiyə ümumilikdə 37 milyard 552,47 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni aylarının göstəricisi ilə müqayisədə 18,5 % çoxdur.
Avqust ayında isə Türkiyə 4 milyard 21,25 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,3 % çoxdur.
Yanvar-avqust aylarında Türkiyəyə 27 milyard 494,63 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (73,22 %), 10 milyard 57,85 milyon kubmetr isə (26,78 %) mayeləşdirilimiş təbii qazın payına düşüb.
Avqustda isə Türkiyəyə 3 milyard 722,52 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (92,57 %), 298,73 milyon kubmetr isə (7,43 %) mayeləşdirilimiş təbii qazın payına düşüb.
Avqustda Türkiyəyə qaz ixracına görə birinci yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 1 milyard 835,24 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin avqust ayı ilə müqayisədə 19,3 % azdır.
Avqust ayında üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 840,01 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin eyni ayları ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 70,97 % artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
15:09 27.10.2025
Oxunuş sayı: 1007