Ümid umduğumuz dərmanlar ölümlə nəticələnir: Həkimdən mühüm açıqlama
Tovuzda dərman zəhərlənməsi nəticəsində qadın ölüb. Sevda Məmmədova dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Bu, ilk belə hal deyil. Əvvəllər də dəfələrlə dərmandan zəhərlənmə halları qeydə alınıb. Yəni çarə umduğumuz preparatlar bəzən ölümlə nəticələnir. Beləliklə, insanlar da ölür, ümidlər də...Hərçənd ki, necə deyərlər, boğazımdan kəsib pul verdiyimiz dərmanlar bəzən bir çoxunun son ümid yeri olur.
Dərmanlardan zəhərlənmələr barədə Crossmedia.az-a danışan tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibovin sözlərinə görə, əvvəlcə müəyyənləşdirmək lazımdır ki, zəhərlənmə hansı dərmandan və dozadan baş verib: "İkinci məsələ odur ki, dərmanın yararlılıq müddəti nə qədərdir. Gərək bu suallar araşdırılsın. Dərmandan zəhərlənmə ilə bağlı dəqiq nəticə yalnız tibbi və hüquqi araşdırmalardan sonra məlum ola bilər. Təbii ki, bu işləri hüquq mühafizə orqanları araşdıracaq. Bu, onların səlahiyyətində olan məsələdir. Tibbi baxımdan isə bir daha deyirəm ki, dərmanın növündən, dozasından çox şey asılıdır".
Günel Verdiyeva
13:57 27.10.2025
Oxunuş sayı: 1632