Bakıda beynəlxalq simpoziumun ilk gününə yekun vurulub

“Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium panellərlə davam edib.
Crossmedia.az xəbər verir ki, Cenevrə Universiteti Təhlükəsizlik üzrə Müşahidə Mərkəzinin həmdirektoru, Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti Ventzeslav Sabevin moderatorluğu ilə “Din təhsili: tarix, ənənə və müasirlik” adlı panel keçirilib. Sessiyada Ankara Yıldırım Beyazıt Universiteti İlahiyyat fakültəsinin Din təhsili kafedrasının professoru Muhammed Ali Yazıbaşı, Sunan Kalijaga Dövlət İslam Universiteti Ədəb və mədəniyyətşünaslıq fakültəsinin dosenti, Ali Təhsilin İdarəedilmə Mərkəzinin direktoru Jarot Vahyudi, Əsvan Universiteti Darul-ulum fakültəsinin İslam tarixi fənni üzrə müəllimi, tarix üzrə fəlsəfə doktoru Abdulla Əhməd Həmmam Əbdülməcid, Postnormal Siyasət və Gələcək Araşdırmalar Mərkəzinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Yelena Muzıkina çıxış ediblər.
Paralel davam edən “Din təhsili: tarix, ənənə və müasirlik” adlı panel Kocaeli Universiteti İlahiyyat fakültəsinin dekanı, professor Abdullah Kahramanın moderatorluğu ilə baş tutub. Paneldə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova, Şəki İslam Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şahin Xancanov, Özbəkistan Respublikası Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Gülmira Açilova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sevinc Rəhnulla, AMEA Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin elmi işçisi Elşən Abdurahmanov çıxış ediblər.
Beynəlxalq simpozium oktyabrın 23-də panel sessiyalarla davam edəcək.
23:55 22.10.2025
Oxunuş sayı: 961