İslam dünyasının yeganə real şansı Türk dünyasındadır - Tural Abbaslı

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çıxışında bildirib ki, “Dünyanın üzləşdiyi mövcud geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.
Bu barədə Crossmedia.az-a danışan Ağ partiya sədri Tural Abbaslı bildirib ki, artıq birqütüblü dünya bitib və çoxqütüblü dünya nizamına doğru irəliləmə gedir:
"Bu prosesdə müxtəlif qütblər formalaşır və təəssüflə qeyd edilməlidir ki, nə Azərbaycan, nə də digər türk dövlətləri hələlik müstəqil şəkildə ayrıca bir qütb formalaşdıracaq gücdür. Türk Dövlətləri Birliyinin ən güclü üzvü siyasi, hərbi və iqtisadi baxımdan Türkiyədir. Lakin Türkiyə belə, təkbaşına yeni dünya düzənində ayrıca bir qütb ola bilmir. O, ya artıq formalaşmış qütblərdən birinə qoşulmalı, ya da ABŞ-nin orbitində yer alan qütblərdən birində mövqeyini müəyyənləşdirməlidir.
Azərbaycan və digər türk dövlətlərinin, eləcə də, bəlkə də, bütün İslam dünyasının yeganə real şansı və imkanı Türk Dövlətləri Birliyidir. Əgər bu dövlətlər bir araya gələ bilsələr, hərbi, siyasi, mədəni və iqtisadi baxımdan güclü bir qütb formalaşdırmaq mümkündür. Buna nümunə kimi Avropa Birliyini göstərmək olar. Avropa Birliyinə daxil olan ölkələrin çoxu, hətta ən böyükləri belə, təkbaşına qütb ola bilməzdi, lakin birlik şəklində onlar siyasi və iqtisadi cəhətdən dünya miqyasında güclü bir qütbə çevriliblər".
T.Abbaslı qeyd edib ki, Azərbaycan Qarabağ problemini həll etdikdən sonra artıq müstəqil siyasət yeridə bilir:
"Eyni zamanda, Türkiyədə də “beşinci kolon”un zərərsizləşdirilməsindən sonra bu ölkə daha müstəqil siyasət yeritməyə başlayıb. Bu iki dövlətin mərkəzliyi ilə Türk Dövlətləri Birliyinin formalaşması prosesi artıq start götürüb. Burada əsasən iqtisadi və hərbi gücdən söhbət gedir. Türkiyə NATO-nun ikinci böyük hərbi gücünə malikdir, Azərbaycan isə Qarabağ Zəfəri ilə sübut etdi ki, güclü və peşəkar orduya sahibdir. Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan kimi dövlətlərin də iqtisadi potensialı nəzərə alınarsa, bu birlik gələcəkdə böyük bir iqtisadi gücə çevrilə bilər".
Onun fikrincə, gələcəkdə digər bəzi dövlətlərin də bu birliyə qoşulması istisna deyil: "Məsələn, Macarıstan hazırda Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində çıxış edir. Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı türk və islam dünyasının yeni dünya düzənində yeganə şansı və imkanıdır".
Türkan Kərimli
11:23 08.10.2025
Oxunuş sayı: 2188