Moskvanın Mərkəzi Asiyadakı təsiri zəifləyir - Dünyada yeni reallıqlar formalaşır

Özbəkistan Rusiyadan üz döndərir. 24 oktyabrda Brüsseldə Avropa Birliyi ilə Özbəkistan arasında "Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq haqqında yeni Saziş" imzalanacaq. Sənədi Avropa Şurasının prezidenti Antoniu Koşta və Özbəkistan prezidenti Şavkat Mirziyoyev imzalayacaqlar. Saziş Daşkəndlə Brüssel arasında münasibətlərdə yeni mərhələ açır, ticarət, investisiya və strateji yaxınlaşmaya diqqət yetirir ki, bu da Özbəkistanın tədricən Moskvadan Avropa Birliyinə yönəlməsindən xəbər verir.
Mövzunu Crossmedia.az-a şərh edən Türk dünyası məsələri üzrə ekspert İlqar İlkin bildirib ki, oktyabrda Avropa Birliyi və Özbəkistan arasında genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanacaq. Onun fikrincə bunun Rusiyaya hər hansı bir təsiri və ya Rusiyanın bu hadisəyə qarşı düşüncəsinin nə olacağı barədə düşünməməliyik: "Artıq Türküstan coğrafiyası 30 ildir müstəqillik qazanıb və atacaqları hər bir addımda Rusiya ilə məsləhətləşməli deyillər. Biz ilk növbədə özümüzü psixoloji olaraq hazırlamalıyıq ki, Rusiya hərbi məsələlərdə heç bir təsir rolunu oynaya bilməz. Belə bir məsələ var idi ki, Mərkəzi Asiya türk dövlətləri Cənubi Kiprdə öz səfirliklərini açdılar. Bu da məsələnin bir tərkib hissəsi idi ki, Avropa Birliyi ilə Türküstan coğrafiyası yaxınlaşmışdı. Düzdür, o zaman Türküstan coğrafiyasını ittiham etdilər".
Avropa Birliyi ilə Türküstanın yaxınlaşmasının ittiham olunmasını yanlış addım hesab edən ekspert vurğulayıb ki, bu addım həm Çin və Rusiya təsirindən, həm də iqtisadi-siyasi basqılardan qurtuluş idi: "Ümumiyyətlə Türküstan coğrafiyasının geopolitik vəziyyətinə baxsaq, onlar oradan çıxmaq üçün mütləq inkişaf etmiş xarici dünyaya inteqrasiya etməli və münasibətdə olmalı idilər. Bunun da ən yaxşı yolu Avropa Birliyi ilə münasibətlərin olmasıdır. Bunun ikinci tərəfi iqtisadidir. Bu gün biz Zəngəzur dəhlizindən danışırıq. Çindən Avropaya bağlanacaq Böyük İpək Yolunun bərpası reallaşmaq üzrədir. Azərbaycan-Ermənistan arasında sülh danışıqları da bu prosesin tərkib hissəsidir. Yəni bu prosesin nə Rusiya qarşısını ala bilər, nə də başqa hansısa bir dövlətin gücü çatar ki, bu prosesə təsir etsin. Çünki artıq dünyada yeni reallıqlar formalaşıb. Çinlə Avropanı birləşdirəcək böyük bir dəhlizin içərisində ilk dəfə Özbəkistan da əsas ölkələrindən biridir. Ona görə də hesab edirəm ki, bundan sonra Rusiyanın Mərkəzi Asiyaya təsiri azalacaq. Rusiya Ukrayna ilə müharibə vəziyyətində qonşuları ilə, keçmiş MDB ölkələri ilə əlaqələrini, təsir imkanlarını itirir. Hesab edirəm ki, Özbəkistan Türk Dövlətləti Təşkilatı çərçivəsində bu gün ən çox inkişaf edən dövlətlərdəndir. İstər iqtisadi cəhətdən, istərsə də inteqrasiya baxımından Özbəkistan elə bir yerdədir ki, onun inkişafının qarşısını heç kim ala bilməz. Rusiyanın da buna heç bir təsiri ola bilməz".
Niyaz Hacıyev
17:21 06.09.2025
Oxunuş sayı: 5593