Bakıda 14 yaşlı uşağa işgəncə verən şəxs həbs olundu – Ekspert cəza tədbirlərini açıqladı

Bakıda yetkinlik yaşına çatmayan azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı ittiham olunan şəxs həbs olunub.
14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən Günay Novruzova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirlərinin davam etdirildiyini bildirib.
Qeyd edək ki, azyaşlının fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Xatırladaq ki, Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib.
Son zamanlar belə hallar artıb. Yaxın qohumları öz övladlarına əzab verməkdən sanki zövq qalırlar. Məsələnin psixoloji, sosioloji tərəfi bir yana, bəs hüquqi tərəfi necə tənzimlənməlidir?
Bu barədə Crossmedia.az-a danışan hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-a bildirib ki Azərbaycan Respublikasının Cinayət məcəlləsinə görə yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə, döymə və sağlamlığa qəsdən xəsarət yetirmə əməlləri cinayət tərkibi yaradır: "Əgər zorakılıq ağır nəticələr doğurmayıbsa, Cinayət Məcəlləsinin 133-cü maddəsi və 128-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. Əgər sağlamlığa ciddi xəsarət yetirilibsə, Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə məsuliyyətə cəlb olunma tətbiq olunur. Bu maddələr üzrə müxtəlif cəzalar nəzərdə tutulur. Daha uzun müddətli azadlıqdan məhrum etmə cəzası bunlardan biridir. Eyni zamanda Ailə Məcəlləsi uşaqların zorakılığa məruz qalması ilə bağlı hala dövlətin müdaxiləsini zəruri edir. Bu zaman uşaq sosial psixoloji reabilitasiya ilə təmin olunmasına diqqət yetirilməlidir. Eyni zamanda uşaqların müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərdə vardır. Azərbaycan Respublikası Uşaq Hüquqları haqqında Beynəlxalq Konvensiyanın iştirakçısıdır. Konvensiya uşaqları hər cür fiziki və psixoloji zorakılıqdan qorumağı nəzərdə tutur. Həmçinin ictimai sosial tədbirlərdə həyata keçirilə bilər. Əməl konkret şəxs tərəfindən törədilibsə, məhkəmə konkret cəza tədbiri görə bilər. Ümumiyyətlə qeyd etməliyəm ki, yetkinlik yaşına çatmayan şəxslərə qarşı fiziki zorakılıq hallarında tətbiq edilən cəzalar bunlardır: 128-ci maddə:qəsdən sağlamlığa yüngül xəsarət vurmağa görə 300 manatdan 500 manata qədər cərimə, ictimai islah işləri və 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni zamanda 127-ci maddə qəsdən sağlamlığa az ağır zərər vurmada isə 2 ilədək islah işləri, 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər qəsdən sağlamlığa ağır zərər vurulubsa 126-cı maddəyə görə 5 ildən 8 ilədək, əgər ağır olubsa 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Uşağa fiziki iztirab yetirilibsə onda 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə, azyaşlıya və ya yaxın qohuma qarşı törədildikdə isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdu. Əgər uşaq istismara məruz qalıbsa 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".
Müsahibimizin sözlərinə görə, həmçinin ailə və uşaq münasibətlərində ailə məcəlləsinə görə valideynlər uşağa qarşı qəddar davrandıqda valideynlər valideynlik hüququndan, qəyyumlar isə qəyyumluq hüququndan azad edilir: "Eyni zamanda uşaq hüquqları haqqında da qanunda var. Bu qanun uşağın təhlükəsizliyini təmin etməlidir. Onu qəyyumlardan ayıraraq xüsusi müəssisələrdə və ya alternativ ailə mühitində yerləşdirməlidilər. Bir halda ki, uşağa qarşı zorakılıq halları olsun. Həmçinin sosial xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hüquqi yardım və sosial dəstək tədbirləri görülür. Əgər uşağa qarşı zorakılığa yol verilirsə, bu zaman ağır tədbirlər görülür və ağır cəzalar tətbiq olunur. Ya həbs qətimkan tədbiri görülür yada ağır cəzalar təyin olunur. 14 yaşlı uşağa qarşı fiziki zorakılıq, işgəncə verilməsi zamanı Cinayət Məcəlləsinin 13-cü maddəsi ilə sanksiyalar nəzərdə tutulmuşdur. Bu zaman 5 ildən 14 ilədək həbs qətimkan tədbiri nəzərdə tutulur. Əgər sağlamlığına ciddi və ağır xəsarət yetiribsə əlavə olaraq 126-cı maddədə tətbiq olunur. Ümumiyyətlə uşaqlar dövlətin himayəsi altındadır və uşağın hüquqları üstün hüquqlar hesab olunur. Onlara qarşı qeyri qanuni hərəkətlər bütün hallarda cinayət məsuliyyəti yaradır. Əmələ görə isə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Məsələlər hüquq mühafizə orqanları tərəfindən araşdırılır və həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilir".
Niyaz Hacıyev
16:12 05.09.2025
Oxunuş sayı: 1303