Azərbaycanlı gənclərin Londonda yaratdığı tətbiq tələbələrin həyatını asanlaşdırır – Müsahibə



Azərbaycanlı gənclər Londonda təhsil alan tələbələr üçün innovativ mobil tətbiq hazırlayıb. “Talab” adlı tətbiq tələbələrə ev tapmaq, hava limanından qarşılanmaq, vizaların alınması və universitet mühitinə uyğunlaşmaq kimi çətinlikləri asanlaşdırır. Tətbiqin qurucusu və təsisçisi Mirkazım Seyidzadə artıq neçə ildir ki, xaricdə təhsil alır, çalışır. Londona ilk dəfə tələbə kimi gəldikdə Mirkazım bir çox çətinliklərlə qarşılaşıb. Bu təcrübələr onda digər tələbələrə dəstək göstərmək məqsədilə təşəbbüs irəli sürmək fikrini formalaşdırıb. Nəticədə “TALAB”I ərsəyə gətirib. Bu barədə Mirkazım Seyidzadə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Bu tətbiq indiyə qədər nə qədər tələbəyə xidmət göstərib? Hansı faydalar verib?
- Əlbəttə ki, hər bir startapın başlanğıc mərhələsində çətinliklərlə üzləşilir. Biz də çox sayda şirkətdən rədd cavabı almışdıq və bu, təbii ki, psixoloji olaraq bizi bir az sarsıdırdı. Ancaq komandamızın gücü və motivasiyası bizi irəli çəkdi. Biz bu çətinliklərdən dərs çıxardıq, daha da möhkəmləndik və davamlı olaraq layihəmizi inkişaf etdirdik. Bir müddət keçdikdən sonra artıq istifadəçi bazamız artmağa başladı, bu gün isə minlərlə tələbəyə xidmət göstəririk. TALAB, tələbələrin gündəlik həyatını asanlaşdırır, onların vaxtına qənaət edir və onlara daha rahat bir mühit təqdim edir. Bu yolda keçdiyimiz təcrübə, həm də bizə çox dəyərli dərslər öyrətdi.
-Hazırda bu tətbiqin vəziyyəti yerdədir?
-9 ay əzrində bizim mobil tətbiqimizin 8000-dən artıq istifadəçisi var, 30-dan çox partnyor şirkətlə əməkdaşlıq edirik. Onların arasında Qatar Airways, Big Yellow Storage, I Hate Ironing və bir sıra böyük əmlak agentlikləri var. Komandamız artıq 8 nəfərdən ibarətdir və hər birimiz bir-birimizə dəstək olaraq gündəlik işimizi davam etdiririk. Hansı ölkədə olmağımızdan asılı olmayaraq, daim əlaqə saxlayır, həftəlik planlarımızı qururuq. Məsələn, yeni biznes modelimizə görə, tətbiq içində tələbələrə müxtəlif mağazalarda və kofe şoplarda endirimlər təklif edəcəyik. Bu da istifadəçilərimizə əlavə dəyər qatacaq. Paralel olaraq istifadəçilər öz dostlarını əlavə edib, TALAB xalları əldə edə bilərlər və sonra da pulsuz xidmətlərimizdən, məsələn, ev təmizliyi, hava limanında qarşılanma və s. qazana bilərlər.
-Tətbiqi qurarkən hansı texnoloji çətinliklərlə rastlaşdınız və onları necə aradan qaldırdınız?
-Əlbəttə, gənclik illərimizdə sahibkarlığa addım atmaq çox həyəcanlı olsa da, bir o qədər də çətinliklərlə dolu idi. Sosial həyatımızı müəyyən qədər qurban verməli olduq. 24/7 kompüter qarşısında işləməli olduq və təbii ki yuxusuz gecələr... Lakin bu, bizim üçün böyük bir təcrübə oldu. Texniki tərəfdən də çoxsaylı çətinliklərlə qarşılaşdıq, amma təcrübəmiz və komandamızın birgə səyi nəticəsində bu problemləri addım-addım aradan qaldırdıq. Hər ay istifadəçilərimizdən aldığımız nəticələrə və rəyə əsasən tətbiqi daim yeniləyirik, bu da istifadəçi təcrübəsini daha da yaxşılaşdırır. Beləliklə, tətbiqimiz hər zaman daha müasir və rahat qalır.
-Başqa yeni layihələr etməyi fikirləşirsinizmi? Yoxsa bunu inkişaf etdirməyi düşünürsünüz?
-Mən 19 yaşımdan sahibkarlıq dünyasına qədəm qoymuşam və bu dövrdə hər bir layihə mənim üçün böyük bir təcrübə mənbəyi olub. Həyatın ən məhsuldar illəri olan bu yaşlarda insanın qazancı ən çox öz təcrübəsindən gəlir. Bu səbəbdən, müxtəlif layihələrə fokuslansam da, TALAB həmişə prioritetim olacaq. Mənim öz həyat təcrübəmə və ya digər tələbələrin qarşılaşdığı problemləri, çətinlikləri nəzərə alaraq mobil tətbiqimizi hər zaman yeniliyəciyicik. Artıq Böyük Britaniyada geniş tanınmışıq və növbəti hədəfimiz Dubay və digər beynəlxalq bazarlara çıxmaqdır. Beləliklə, TALAB-ı daha da irəlilədərək, daha çox tələbəyə xidmət etməyi planlaşdırırıq.
-Gənclərə texnologiya və startap sahəsində hansı tövsiyələri verərdiniz?
-Texnologiya və startap sahəsinə maraq göstərən gənclərə ilk növbədə onu demək istəyirəm ki, real problemləri həll etməyə fokuslansınlar. Çünki ən uğurlu startaplar gündəlik həyatda insanların ehtiyaclarını qarşılamaqdan yaranır. Mənim TALAB ideyam da Londonda təhsil alarkən öz çətinliklərimdən yarandı. Heç bir zaman öyrənməkdən çəkinməsinlər. Bu gün süni intellektdən tutmuş mobil tətbiqlərə qədər saysız-hesabsız imkanlar var. Həm uğurlardan, həm də səhvlərdən öyrənmək çox vacibdir. Startap dünyasında hər addım bir dərsdir. Sonda isə güclü komanda qurmaqdır. Təkbaşına çox şey etmək mümkün deyil. İdeyanı uğura çevirən, ona dəyər qatan məhz düzgün seçilmiş komandadır. Ən əsası isə, motivasiyanı itirməsinlər. Startap yolu çətin olsa da, əziyyətin nəticəsini görmək insanı daha da gücləndirir.
Mehriban
11:15 21.08.2025
Oxunuş sayı: 2280