Neft Fondunun dövlət büdcəsinə transferlərinin ümumi həcmi 163 mlrd. manatı ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 30 iyun tarixinə ümumi 163 172,4 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfer edib.
Bu barədə Crossmedia.az Dövlət Neft Fonduna istinadən xəbər verir.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 240,5 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.
Əlavə etmək lazımdır ki, 2025-ci il iyun ayının 30-na ARDNF-nin aktivləri cari ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 10,8% artaraq 66 515,6 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.
11:32 07.08.2025
Oxunuş sayı: 815