Cəmo bəy Cəbrayılbəyli ömrünün son ayları



Cəmo bəyin “Vətən marşı” 1919-cu ildə “Milli nəğmələr" kitabında çap olunduqdan sonra şeir və müəllifi məşhurlaşdı, dillər əzbəri oldu. Əsər 1922-1965-ci illərdə Almaniyada, Türkiyədə dəfələrlə nəşr edildi. Bu gün də Cəmo bəy adı vətənpərvər Azərbaycan oxucusuna yaxşı tanışdır, bu ad özündə indi də çox sirlər gizləyir və möcüzələr gözləyir...
Cəmo bəy Cəbrayılbəyli (1887-1965) ömrünün son aylarında uzun illər çalışdığı və 1946-1950-ci illərdə direktor olduğu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunun müdirinə 1964-cü il noyabr ayının 3-də müraciət edərək yazırdı: “Hörmətli Mirzə müəllim, səmimi salam!
Vücudca zəif olduğum bir yana qalsın, ən adi söhbəti belə gərəkli şəkildə ifadə edə bilmirəm. Ona görə Sizə müraciətimi yazılı şəkildə təqdim etməyi qərara aldım.
Haqqımda Sizə bir neçə sətir məlumat verməyi lazım zənn etdim. Oktyabrın 31-də Nazirlər Soveti tərəfindən mənə 120 man. Personal pensiya (fərdi təqaüd-A.R.) təyin olun-muşdur. Lakin qərar belədir ki, pensiyanı mənə ancaq işdən çıxdıqdan sonra versinlər. Ona görə işdən azad olunmam xüsusda Sizə ərizə verməliyəm.
Maddi cəhətdən birdən-birə çətinliyə düşməmək üçün arzu edirəm ki, bir ay, yaxud yarım ay da olsa maaşımı almaq xüsusda sərəncam verəsiniz. O zamana qədər Mərkəzi Komitə tərəfindən 7 çap listindən ibarət “Xatirələrim”in nəşrə qoyulması qərara alınmışdır. Nəşriyyat mənimlə doqovor (müqavilə-A.R.) bağlayıb, qanorarın yarısını verməli olacaq. Demək ki, o zaman bir növ darısqallıq çəkməli olmaram. Rəy və məsləhətiniz nə cür olsa icra etməliyəm.”
Elmi-Tədqiqat Pedaqoji İnstitutunun direktoru Mirzə Məmmədov ilk növbədə Cəmo bəy Cəbrayılbəylinin arzusunu yerinə yetirərək onun fərdi təqaüdə çıxması üçün əmrinin verilməsini bir ay gecikdirdi. Məktubun sonuna kargüzarlıq tərəfindən imzasız belə bir qeyd vardı: “2 dekabr 1964-cü il tarixli, 155 №-li əmrlə 30 noyabrdan pensiyaya çıxdığı üçün azad edilmişdir.”
Məktubda ömrünü xalq maarifinə, milli təhsilə, ədəbiyyata şərəflə, ləyaqətlə həsr etmiş bir alimin, şairin sıxıntıları, ağrı-acıları özünü büruzə verir. O alimin ki, üç nəfər pedaqoji elmlər namizədi yetirmiş, Az.MİK-in “Fəxri fərman”ı (1935), Azərbaycanın “Əməkdar müəllimi” (1942), “Qafqazın müdafiəsi uğrunda” medalı (1945), “İgidliyə və fədakarlığa görə” medalı (1946), “Şərəf nişanı” ordeni (1946), “Xalq maarifi əlaçısı” nişanı (1950) və digər fəxri adlar, orden və medallarla təltif edilmişdir... Ömrünün 55 ildən çoxunu xalq maarifinə həsr etmiş Cəmo bəy pedaqoji xidmətlərinin müqabilində Nazirlər Sovetinin müəyyənləşdirdiyi ayda 120 manat “Personal pensiya” məbləği sovet rejiminin dövrün ali kateqoriyalı ziyalılarına qarşı acı ironiyası idi...
“Maddi cəhətdən birdən-birə çətinliyə düşməmək üçün” Cəmo bəy yazdığı “Xatirələrim”in (Bakı, Azərnəşr, 1966, 192 s.) qonorarına ümidlər bəsləyirdi və təəssüf ki, sağlığında bu kitabın nəşrini görmək ona qismət olmadı...
Kolumbiyalı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin “Polkovnikə məktub yoxdur” povestinin qəhrəmanı yada düşür... Görünür ədalətsiz dünyada haqqın, ədalətin tapdanması, məntiqsiz dəyərləndirmə meyarları yüzilliklərin dərinliklərindən süzülüb gələn həqiqətlərdir.
Cəmo Cəbrayılbəyli 1964-cü il noyabr ayının 30-da 77 yaşında uzun illər elmi-pedaqoji fəaliyyət göstərdiyi kollektivdən - Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutundan, dostlarından, yetirmələrindən ayrıldı...
Amma doğma kollektivi üçün çox darıxırdı... Onun təxminən 1965-ci ilin əvvəllərində ADETP İnstitutunun direktoru Mirzə Məmmədova ünvanladığı məktubda yazırdı:
“Hörmətli Mirzə Müəllim!
Səmimi salam! Deyirlər qocalıq pis deyil, qocanın nazını çəkən olsa. Şəxsən siz və bütünlüklə kollektivimiz bu cəhətdən məni o qədər minnətdar etmisiniz ki, təşəkkür və minnətdarlığımı izhar etməyə ürəyim istədiyi qədər dəyərli söz tapmaqda acizlik çəkirəm. Xüsusi olaraq elmi şuranın fəxri üzvü kimi qəbul edilməsi məni çox sevindirdi, qəlbimdə silinməz, işıqlı və fərəhli iz buraxdı.
Kollektivimizin məni ata kimi qəbul edərək yanaşdığını heç zaman unutmaram. Mən sizdən rəsmi olaraq ayrılmışamsa da, inanın ki, ürəyim daima sizinlədir.
İmkanım olsaydı tez-tez gəlib görüşərdim, lakin səhhətim aman vermir. Sizə uzun ömür, can sağlığı və müvəffəqiyyət arzu edirəm. Sizi və yoldaşları qucaqlayıb bərkdən öpürəm.”
Ehtimal etmək olar ki, Cəmo bəyin bu məktubu həmişəlik ayrıldığı institutun direktoruna və sevimli kollektivinə ünvanladığı son məktubdur...
Ayrıldı... və uzun müddət yaşaya bilmədi...
Görkəmli ictimai xadim, şair, yazıçı, tərcüməçi, əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 30 iyul 1965-ci ildə Şamaxı yaxınlığındakı Çuxuryurd qəsəbəsində istirahət edərkən 78 yaşında ürək xəstəliyindən vəfat etmiş, Şamaxıdakı “Yeddi günbəz” qəbiristanlığında, yaxın dostu, böyük satirik şair Mirzə Ələkbər Sabirin məqbərəsinin bir neçə addımlığında dəfn olunmuşdur.
30 iyul 2025-ci il. Cəmo bəy Cəbrayılbəylinin vəfatının 60 ili tamam olur!
Onun şərəfli ömür yolu, tariximizdə iz buraxmış misilsiz xidmətləri qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
11:14 30.07.2025
Oxunuş sayı: 2868