Azərbaycan 2025-ci ilin ilk rübündə Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin beşliyinə düşüb

Azərbaycan 2025-ci ilin ilk rübündə Avropa İttifaqına boru kəməri ilə ən çox qaz ixrac edən ölkələrin beşliyinə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasına məlumat yayıb.
Məlumata əsasən, bu dövrdə Aİ-nin ümumi qaz idxalı 69 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki rüblə və ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azdır. Bu həcmin 55 faizi (38 milyard kubmetr) boru kəməri ilə nəql olunan qazın, 45 faizi (31 milyard kubmetr) isə mayeləşdirilmiş təbii qazın (MTQ) payına düşüb.
Aİ-nin ən böyük qaz tədarükçüsü əvvəlki kimi Norveçdir – adı çəkilən ölkə ümumi idxalın 31 faizini (21,7 milyard kubmetr) təmin edib. Ardınca ABŞ (24 faiz, 16,6 milyard kubmetr), Rusiya (14 faiz, 9,7 milyard kubmetr), Şimali Afrika (13 faiz, 9,2 milyard kubmetr), Qətər (5 faiz, 3,2 milyard kubmetr) və Azərbaycan (4 faiz, 2,6 milyard kubmetr) gəlir.
Aİ-yə boru kəməri ilə qaz idxalı 38 milyard kubmetrə qədər azalıb ki, bu da əvvəlki rüblə müqayisədə 14 faiz, illik ifadədə isə 10 faiz azalma anlamına gəlir. Bu azalma əsasən Rusiya qazının Ukrayna üzərindən nəqlinin dayandırılması ilə əlaqədardır. Aİ-yə boru kəməri ilə qaz tədarükünün yarıdan çoxunu Norveç həyata keçirib (55 faiz, 20,6 milyard kubmetr), ardınca Şimali Afrika (21 faiz, 7,9 milyard kubmetr), Rusiya (12 faiz, 4,6 milyard kubmetr), Azərbaycan (7 faiz, 2,6 milyard kubmetr) və Böyük Britaniya (4 faiz, 1,6 milyard kubmetr) gəlir.
Eyni zamanda, Aİ-nin mayeləşdirilmiş qaz idxalı 31 milyard kubmetrə qədər artıb ki, bu da əvvəlki rüblə müqayisədə 18 faiz, illik müqayisədə isə 11 faiz artım deməkdir. MTQ-nin əsas təchizatçısı ABŞ olub – 53 faiz (16,6 milyard kubmetr), sonra isə Rusiya (16 faiz, 5,1 milyard kubmetr) və Qətər (10 faiz, 3,2 milyard kubmetr) gəlir. Aİ-də ən çox MTQ idxal edən ölkələr isə Fransa (26 faiz), İspaniya (19 faiz) və İtaliya (13 faiz) olub.
Avropa Komissiyası, həmçinin ümumilikdə Rusiya qazının idxalında kəskin azalma olduğunu qeyd edib – əvvəlki rüblə müqayisədə 28 faiz, illik müqayisədə isə 27 faiz azalma. Rusiya qazının Aİ-nin ümumi idxalındakı payı əvvəlki rübdəki 19 faizdən 14 faizə enib. Rusiya qazının boru kəməri ilə idxalı əvvəlki rüblə müqayisədə 45 faiz, illik müqayisədə isə 39 faiz azalıb. Bununla yanaşı, Rusiya MTQ-i üzrə ixrac demək olar ki, dəyişməyib (5,1 milyard kubmetr, əvvəlki rüblə müqayisədə +0,6 faiz), lakin illik ifadədə 11 faiz azalıb.
15:42 07.07.2025
Oxunuş sayı: 706