Şiəlik və sünnülük

1. Şiə məktəbləri: hakimiyyətin və siyasi liderin mistikası
Şiə
termini və onun mənşəyi, tarix boyunca inkişafı və istifadə sahəsi, həm
dilçilik, həm də terminoloji baxımından çoxqatlı və mürəkkəb bir fenomen kimi
çıxış edir. “Şiə” (الشيعة) sözü ərəbcə “ş-y-ʿ” kökündən gəlir və lüğəvi olaraq
“tərəfdar, köməkçi, dəstəkləyici, bir şəxs ətrafında toplanan qrup” mənalarını
ifadə edir. Eyni zamanda “yayılmaq, çoxalmaq, bağlı olmaq” semantik sahələrini
də əhatə edir. Müfrədi “şiî” (şîī) formasındadır. Bu söz Quranda da işlənmiş,
on iki yerdə müxtəlif formalarda (şîa, şiyâʿ, eşyâʿ) istifadə olunmuşdur ki,
bunlar ümumilikdə sözlük mənasında işlənmişdir.
Sözügedən termin ilk İslam dövründə konkret bir məzhəb və ya dini ideologiya bildirən anlam daşımamış, adi mənası ilə “tərəfdar” kimi istifadə olunmuşdur. Məsələn, xəlifə Ömər iranlı əsir Hürmüzan və tərəfdarları haqqında “Allah bu adamı və şiəsini İslama ram etdi” ifadəsini işlətmişdir (İbn Saʿd, Ṭabaḳāt, V, 89). Bu istifadə formaları terminoloji deyil, siyasi-sosial bağlılıq mənasındadır. “Şiə” termini əvvəlcə “Şîʿatü Əlī” (Əlinin tərəfdarları) və “Şîʿatü Osman” (Osmanın tərəfdarları) şəklində izafətlə işlədilmişdir. Sonradan bu qruplar özlərini və qarşı tərəfi ayırmaq üçün “Əhli Sünnə” və “Əhli Təşyəyyü” kimi fərqləndirməyə başlamışdır. Sonralar şiə və sünnü alimləri bu terminin meydana çıxma səbəbini və mahiyyətini özünəməxsus şəkildə izah etməyə çalışmışlar. Saʿd b. Abdullah əl-Qummi və Həsən b. Musa Nevbaxtî kimi şiə alimləri, “Şiə”nin Peyğəmbər dövründən etibarən Hz. Əliyə sadiq olanların siyasi-sosial qrupu kimi formalaşdığını iddia edir (əl-Məqālāt, s. 15-16). Şeyx Müfid (ö. 413/1022) isə Şiənin, Peyğəmbərdən sonra Əli ibn Əbu Talibin imamətini qəbul edib, əvvəlki xəlifələrin legitimliyini rədd edənlərdən ibarət olduğunu deyir (Evāʾilü’l-maḳālāt, s. 1–2). Tusi bu anlayışa “nass” (ilahi təyin) və “vasiyyət” kimi elementləri əlavə edərək, imamətin ilahi təyinatla vəhyə əsaslanmalı olduğunu bildirir (Telḫīṣü’ş-Şāfī, II, 56).
Şiə təliminin strukturuna görə, İmamət, xilafətdən fərqli olaraq sırf siyasi yox, həm də dini-fəlsəfi bir məqamdır. İmamın seçilməsi ümumi razılıqla deyil, ilahi təyinat və nass yolu ilə mümkündür. Şiəyə görə, Hz. Peyğəmbər Hz. Əlini öz canişini kimi təyin etmiş, bu isə ictimai yox, dini məsuliyyətin davamı kimi anlaşılmalıdır. İmamların ismət anlayışı (məsumiyyət) şiə təlimində önəmli yer tutur.
"Şiə" termini İslamın ilkin
dövrlərində leksik mənasında “tərəfdarlıq” anlamı daşıdığı halda, zamanla
xüsusi dini-siyasi bir mənaya keçmiş və imamət ideyasına əsaslanan bir düşüncə
məktəbi kimi təşəkkül tapmışdır. Onun terminoloji formalaşması, həm sosioloji,
həm siyasi, həm də teoloji inkişaf prosesləri ilə paralel şəkildə baş
vermişdir. Bu məfhumun inkişafı həm İslam məzhəblərinin təmayüllərini, həm də
siyasi legitimlik anlayışını köklü şəkildə təsirə məruz qoymuşdur.
Hz. Muhəmmədin vəfatından dərhal sonra, xəlifəliklə bağlı qəti bir təyinat (nass) olmadığı üçün, Ənsar və Mühacirlər arasında liderlik məsələsində fikir ayrılığı yaranmışdır. Bu mübahisə Səqifə Bəni Səidə adlı məclisdə öz həllini tapmış və Əbu Bəkir ilk xəlifə seçilmişdir. Hz. Əli və yaxınları isə, cenazə işləri ilə məşğul olduqları üçün, bu prosesə qatılmamış, nəticədə biyəti gecikmişdir. Lakin, sonradan Hz. Əli Əbu Bəkir və Ömərə biyət etmiş, onlarla siyasi əməkdaşlıq etmiş və şuranın önəmli üzvü olmuşdur. Bu davranış, Hz. Əlinin öz imamətinin ilahi təyinatla müəyyənləşdiyinə dair açıq və qəti bir nassın olmadığını qəbul etdiyini göstərən əlamətlərdən biri kimi qiymətləndirilə bilər. Bu, sonrakı Şiə teologiyasının bəyan etdiyi fərziyyələrlə ziddiyyət təşkil edir.
Xəlifə Osman dövründə valilik vəzifələrinə qohumlarının gətirilməsi, idarəetmədə zəiflik və favoritizm, bölgələrdə xalqın məmurlar tərəfindən istismar edilməsi kimi səbəblər etirazların güclənməsinə səbəb olmuşdur. Nəticədə, 656-cı ildə (hicrətin 35-ci ili) Mədinəyə gələn isyançılar xəlifə Osmanı öldürmüşlər. Bu hadisə artıq siyasi qütbləşməni dərinləşdirmiş, Hz. Əliyə yönələn dəstək dalğasını artırmışdır. Hz. Əli xilafəti qəbul etdikdən sonra Cəməl döyüşü (Xanım Aişə, Təlha, Zübeyr ilə), Sıffin döyüşü (Muaviyə ilə), Nəhrəvan döyüşü (Xəvariclə) kimi ardıcıl hərbi-siyasi qarşıdurmalar yaşanmış və Hz. Əli dövləti sabit şəkildə idarə edə bilməmişdir. Hz. Əlinin 661-ci ildə (hicri 40) xəvariclərdən olan İbn Mülcəm tərəfindən qətlə yetirilməsi, şiə kimliyinin sosioloji əsaslarını daha da gücləndirmişdir.
Hz. Əli öldükdən sonra oğlu Həsən, Kufə
xalqı tərəfindən xəlifə kimi tanınsa da, Müaviyə ilə anlaşma imzalayaraq
hakimiyyətdən çəkilmişdir. Bu hadisə, Şiə çevrələrində birmənalı qarşılanmamış,
bir çoxları tərəfindən Hz. Həsənin bu qərarı tənqid olunmuşdur.
Müaviyənin zor gücünə hakimiyyəti ələ
keçirməsi və özünü "Xəlifətullah" elan etməsi ilə xəlifəlik
anlamı öz ilkin məzmununu itirdi. Yəni, bu o demək idi ki, Əməvi hökmdarları
özlərini Peyğəmbərin xəlifəsi (davamçısı) deyil, birbaşa Allahın Yer üzündə təmsilçisi
kimi təqdim edir (dolayı yolla Peyğəmbəri inkar etməklə) və dolayı yolla öz
iradəsinin Allahın iradəsi olduğunu və özlərinə itaətin Allaha itaət olduğunu
çatdırmaq istəyirdilər. İlk Əməvilərdən başlayaraq sonrakı dövrlərdə qurulan
bütün xilafətlər sultanlıq (monarxiya) anlayışı ilə eyniləşdi.
"Xəlifətullah" (Allahın yer
üzündə xəlifəsi) anlayışı, ontoloji baxımdan ilahi hakimiyyətin dünyəvi təcəssümü
kimi izah olunur. Bu ideya, hökmdarın Allahın yer üzündəki kölgəsi, iradəsinin
nümayəndəsi və ilahi qaydaların icraçısı olduğunu irəli sürür.
Sasani imperiyasında şahlar "Xvaday
Namag" kimi mənbələrə əsaslanaraq özlərini "Tanrı tərəfindən seçilmiş"
və ya "İlahi nurun daşıyıcısı" kimi təqdim edirdilər. Sasani şahları
"farr-i yəzdi" (ilahi nur) anlayışına əsaslanaraq, ilahi qüdsiyyətin
daşıyıcısı olduqlarını iddia edirdilər. Bu, İslamda Abbasilərin və Əməvilərin
öz hakimiyyətlərini "Xəlifətullah" konsepsiyası ilə əsaslandırmalarına
təsir göstərmiş ola bilər.
Bizansda imperator "Deus gratia
imperator" (Tanrının lütfü ilə imperator) kimi qəbul edilirdi və bu,
hakimiyyətin ilahi mənşəli olduğunu bildirirdi. Bizans ideologiyasında
imperator Tanrının yerdəki təcəllisi deyil, Onun yer üzündəki kölgəsi kimi təqdim
olunurdu. Bu fikir Əməvilər dövründə siyasi-məzhəbi diskurslarda "Xəlifətullah"
anlayışının formalaşmasına təsir göstərmiş ola bilər.
İslamda "xəlifə" anlayışı
Qurani-Kərimdə müxtəlif surələrdə keçir (Bəqərə, 2:30: "Mən yer üzündə
bir xəlifə yaradacağam." Sad, 38:26: "Ey Davud! Biz səni yer
üzündə xəlifə etdik."). Bu ayələrdə xəlifəlik, sultanlıq deyil,
Allahın vəhylərini insanlara çatdıran peyğəmbərlik funksiyası ilə əlaqələndirilir.
"Xəlifətullah" anlayışı müxtəlif
dini-fəlsəfi ənənələrin sintezi nəticəsində formalaşmışdır. Onun ontoloji əsasları
Neoplatonizm, Sasani və Bizans teokratiyası ilə bağlıdır. Bu, hökmdarın sadəcə
siyasi lider deyil, ilahi iradənin yerdəki nümayəndəsi olması ideyasını gücləndirmişdir.
Kərbəla faciəsi (680) şiəlik tarixində
simvolik və teoloji baxımdan dönüş nöqtəsidir. Əməvi xəlifəsi Yezidin xilafətini
tanımayan Hz. Hüseyn, Kufədən gələn dəvətlərə cavab verərək oraya yollanmış,
lakin Kərbalada qətlə yetirilmişdir. Bu hadisə, şiə kimliyində zülmə qarşı
müqavimət simvolizmini, məzlumiyyət, İmam Hüseynin şəhadəti və fədakarlığı
ideyalarını mərkəzi ideoloji sütunlara çevirmişdir. Kərbəla faciəsi (680) və
Hz. Hüseynin şəhid edilməsi, yalnız bir ailə faciəsi deyil, siyasi-ideoloji bir
zümrənin kimlik əsasını formalaşdıran qırılma nöqtəsi oldu. Bu hadisədən sonra
Hz. Əli və övladlarına qarşı loyal siyasi mövqe, Əməvi düşmənliyi və zülmə
qarşı müqavimət düşüncəsi ideoloji mahiyyət qazanaraq, fərdi sadiqlikdən
kollektiv dini-siyasi düşüncəyə çevrildi. Beləliklə, ilk "məzhəbi"
kimlik nüvəsi meydana gəldi.
Abdullah ibn Səba ətrafında toplanan düşüncələr Hz. Əlinin məsihlik, ilahi təbiət və ölməzlik ideyası daha sonra "Səbəiyyə" adı ilə tanınsa da, bu ideyalar sistematik məzhəb halına gəlməmişdir. Bu, daha çox spekulativ və marjinal bir fenomen kimi qalmışdır.
Muxtar əs-Səqəfî 685-ci ildə Kufə mərkəzli bir üsyan təşkil etmiş, imam olaraq Hz. Əlinin başqa bir oğlu Muhəmməd ibn Hənəfiyyəni tanıtmışdır. Bu hərəkat Hz. Hüseynin qisasını almaq məqsədi daşıyırdı. Muhəmməd ibn Hənəfiyyə "mehdilik" statusuna qaldırıldı. Onun ölümündən sonra bir çox tərəfdar onun ölmədiyini, geri qayıdacağını (rəcat) irəli sürdü. Nəticədə Keysaniyyə daxilində bir neçə dalğa və təriqət formalaşdı, lakin bu cərəyan VIII əsrin ortalarından etibarən zəiflədi və sonda tarix səhnəsindən çəkildi.
Hz. Hüseynin oğlu Əli Zeynəlabidin, Kərbəlada
sağ qalmış və siyasi fəaliyyətlərdən uzaq təcrid olunmuş zahid bir həyat
sürmüşdür. Bu mövqe, bir müddət şiəliyin mistik və sakit dönəmi kimi qiymətləndirilə
bilər.
Hz. Əlinin nəvəsi olan Zeyd b. Əli, Əməvilərə
qarşı siyasi aktiv müqaviməti davam etdirdi. O, 122/740-cı ildə Kufədə üsyan
etdi. Əvvəl ona beyət edən bəzi şiələr, onun Əbu Bəkr və Öməri müsbət yad etməsinə
görə onu tərk etdilər. Bu ayrılanlar daha sonra Rafizə adlandırıldı. Zeyd Kufədə
döyüş zamanı oxla yaralanaraq öldü.
Zeydiyyə bu mərhələdə ilk mütədil
şiə məzhəbi kimi təşkilatlandı. İdeoloji olaraq onlar, İmamətin Qureyş qəbiləsindən
olan, ədalətli və savadlı kimsəyə aid olduğunu qəbul edirdilər. İmamın silahla
çıxış etməsi şərt idi. İlk üç xəlifəni (Əbu Bəkr, Ömər, Osman) kafir saymır,
lakin onların xilafətini tənqid edirdilər. Zeydiyyə daha sonra Xorasan bölgəsində,
Təbəristanda (IX əsr) və ən uzunömürlü olaraq Yəməndə (Saʿda və Səna mərkəzli)
Hadiyə nisbətlənən "Hədəviyyə" kimi müxtəlif siyasi-ideoloji qurumlar
şəklində təmsil olundu. Günümüzdə Yəmən əhalisinin əhəmiyyətli hissəsi hələ də
Zeydiyyəyə bağlıdır.
İsnə Aşəriyyə (On iki İmam Şiəliyi)
Zeydiyyə ilə paralel dövrdə formalaşmağa başladı. Zeydin qardaşı Muhəmməd əl-Baqir,
bu cərəyanın ideoloji lideridir. Onun oğlu Cəfər əs-Sadiq, şiə fiqhi və
teologiyasının əsasını qoymuş, həm Zeydi şiələrinin, həm də İmamiyyə şiələrinin
hörmət etdiyi fiqur olmuşdur. Cəfər əs-Sadiqdən sonra imamət zənciri 12 nəfər
üzərindən formalaşdırılmışdır. Bu cərəyan İmamətin Allah və Rəsul tərəfindən təyin
edildiyini (nass və vəsiyyət), İmamların məsum (günahsız) olduğunu, rəcat, bəda,
təqiyyə kimi teoloji prinsipləri qəbul edirdi.
Kufəli Hişam b. Həkəm hicri VIII əsrin ən
mühüm şiə teoloqlarından və mütəfəkkirlərindən biri idi. O, əsasən, İmam Cəfər
Sadiq (ə) və İmam Musa Kazımın (ə) yaxın səhabələrindən biri kimi tanınır. Şiə
kəlamının (ilahiyyatının) formalaşmasında onun böyük rolu olmuşdur. İlk zamanlar
bir az da mütəzilə yönümlü fikirlərə meylli idi. Daha sonra İmam Cəfər Sadiqin
tələbəsi oldu və onun təsiri ilə imamət anlayışını qəbul etdi. Hişam öz dövründə
müxtəlif dini və fəlsəfi məktəblərlə – xüsusən də mütəzilə, materialistlər (dəhrilər)
və sünni alimlərlə kəskin elmi mübahisələr aparmışdır. O, xüsusilə İmamın məsumluğu,
imamətin ilahi bir təyinat olduğu fikrini müdafiə etmişdir. Hişam əqli dəlillərin
istifadəsinə böyük önəm verirdi. O, xüsusilə İmamın məsumiyyətini və ilahi təyinatını
məntiqi sübutlarla müdafiə edirdi. Məşhur bir fikri: "Əgər insan cəmiyyətində
bir rəhbər olmasa, cəmiyyət dağınıqlıq və pozğunluğa sürüklənər."
Hişam ibn Həkəmin Mütəzilə nümayəndəsi
Amr ibn Ubeyd ilə mübahisəsi sonrakı mənbələrdə əks olunur. Onlar ağılı və
insan iradəsini önə çıxarırdılar, xüsusən də "insan öz əməllərinə görə tam
məsuldur" fikrini müdafiə edirdilər. Amr deyir: "İnsan öz işlərini
özü seçir və Allah onların seçimlərinə müdaxilə etmir." Hişam cavab
verir: "Əgər Allah bəndənin işlərindən xəbərsizdirsə, demək, Allah
cahildir (bilməyən). Əgər bilir, amma qarşısını almırsa, ya bacarıqsızdır, ya
da razıdır. Halbuki Allah nə cahildir, nə bacarıqsız, nə də zülmkar."
Hişam, Allahın hər şeyə hakim olduğunu,
amma insanın da müəyyən sərbəst iradəyə sahib olduğunu müdafiə edirdi. Lakin,
bu sərbəstlik Allahın elmindən və iradəsindən asılıdır.
Hişamın bir neçə əsəri olduğu bilinsə də,
bunlar zamanla itmişdir. Onun fikirləri əsasən Şeyx Tusinin "əl-Fihrist"
kimi klassik mənbələrində qeydə alınmışdır. Şiə kəlam tarixində ilk sistemli
imamət nəzəriyyəsini müdafiə edən şəxs kimi tanınır. Hişam b. Hakem, şiə kəlamında
rasionalizmin (əqli əsaslandırmanın) başlanğıc nöqtəsini təşkil edir. Onun fəaliyyəti
sonrakı dövrlərdə Nəcməddin Tusi, Əllamə Hilli kimi mütəfəkkirlərin irsinin təməlini
qoymuşdur.
Şiə Kəlamı ilə Mutəzilə arasındakı
oxşarlıqlar bu idi ki, hər ikisi ağlın və rasionalizmin dini təhlildə önəmli
yerini, ədalət və insanın əməllərində azadlığı müdafiə edirdilər. Onların fərqləri
bu idi ki, Şiə kəlamı imamət məsələsini təməl prinsip kimi qəbul etdiyi halda,
Mutəzilə üçün belə bir prinsip yox idi. Şiə düşüncəsində imamlar ilahi elm və
ismətə malik idisə, Mutəzilədə bu cür şəxsi rəhbərlik anlayışı yox idi. Bu, Şiə
kəlamının özünəməxsus teoloji xarakterini formalaşdırmışdır.
Şiə kəlamı, həm əqlin rolu, həm də ilahi rəhbərliyin
davamlılığı (imamət) anlayışı ilə İslam teoloji sistemində unikal bir mövqe
tuturdu. Onun formalaşması, bir tərəfdən rasional metodların (əql, istidlal),
digər tərəfdən Əhli-Beyt imamlarının dini və siyasi təlimlərinin harmoniyasına
dayanırdı. Şiə kəlamı zamanla Mutəzilə, Əşariyyə və Maturidiyyə kimi məktəblərlə
dialoq və rəqabət içində inkişaf edərək zəngin bir sistem qurmuşdur.
Şiə kəlamının formalaşmasında və inkişafında
bəzi klassik əsərlər mühüm rol oynamışdır. Bu əsərlər imamiyyə şiəsinin (Cəfəri
məzhəbinin) əsas inanc prinsiplərini sistemləşdirərək həm daxili izah vermiş, həm
də xarici məktəblərlə (mütəzilə, əhl-i sünnə və fəlsəfi cərəyanlar) dialoq
qurmuşdur.
Şeyx Saduq (İbn Babuyeh əl-Qummi - vəfat:
381/991) imamiyyə şiəsinin ən böyük mühəddislərindən və erkən kəlamçılarındandır.
Onun "İtiqadatül-İmamiyyə" əsəri şiəliyin əsas mənbələrindən biridir.
Şeyx Müfid (vəfat: 413/1022) imamiyyə kəlamının ən böyük reformatorlarından və
sistemçilərindəndir. Onun “Təṣḥîḥul-itiqad" (etiqadların düzəldilməsi)
şiəliyin əsas mənbələrindəndir. O, Şeyx Saduqun əsərində gördüyü bəzi sadəlövh
və rəvayətçi yanaşmaları tənqid etmişdir. Şeyx Müfid İmamiyyə şiə kəlamını sırf
hədis əsasında deyil, əqli-nəqli bir sistem halına gətirmişdir. Sonrakı böyük
alimlər (Şeyx Tusi, Əllamə Hilli və s.) əsasən Şeyx Müfidin yanaşmasına söykənmişlər.
Şeyx Saduq, Şiəliyi sadə və xalq üçün anlaşılır bir formada yazdısa, Şeyx Müfid onun verdiyi təməl üzərində daha rasional və fəlsəfi bir kəlam irəli sürdü. Bu iki əsər bir yerdə şiə kəlamının ilkin bünövrəsini və doktrinal sistemini yaratdı.
Erkən dönəmlərdə Şiəlik daha çox siyasi-seçim və haqsızlığa qarşı çıxış kimi təşəkkül etmişdi. Zamanla bu siyasi dəstək ideoloji, epistemoloji və hüquqi sistemə çevrildi. Şiəliyin məzhəbləşməsi, imamət anlayışının metafizikləşdirilməsi, tarixi hadisələrin ilahi plana yerləşdirilməsi və Əhli-beytin mistikləşdirilməsi ilə müşayiət olundu. Bu məzhəblər, xüsusilə Zeydiyyə və İmamiyyə, artıq müstəqil hüquq məktəblərinə, mədəniyyət daşıyıcılarına və siyasi quruluşlara çevrildilər.
Şiəliyin məzhəbləşməsi, sadəcə dini
ixtilaf nəticəsi deyil, siyasi travmaların teoloji struktur halına gəlməsi
prosesidir. Zeydiyyə və İmamiyyə bunun iki əsas sütununu təşkil edir: biri fəaliyyətçilik
və siyasi fəallıq, digəri isə, teoloji dərinlik və hüquqi sistemləşmə üzərindən
inkişaf etmişdir. Bu prosesdə sosial-iqtisadi amillər, rəsmi sünni rejimlərin
siyasəti, mədrəsə və təbliğ şəbəkələri, imam və alimlərin nüfuzu mühüm rol
oynamışdır. Bu təhlil göstərir ki, Şiəlik sabit və monolit bir ideologiya kimi
deyil, zaman-zaman dəyişən, fərqli coğrafi və tarixi şərtlərdə çeşidlənmiş bir
təlimlər kompleksi kimi formalaşmışdır.
Şiəliyin intellektual və metafizik nüvəsi ilk imamların şəxsiyyətində formalaşmağa başlamışdır. Xüsusilə, Muhəmməd əl-Baqir və oğlu Cəfər əs-Sadiq dövründə imamət sadəcə dini rəhbərlik yox, həm də ilahi bilik və mükəmməl hökmetmə səlahiyyəti kimi başa düşülməyə başladı. Bu dövrdə İmam anlayışı siyasi liderlikdən uzaq, lakin ilahi hidayətin daşıyıcısı kimi təqdim olunurdu.
İmamların ismət (günahsızlıq), nass
(ilahi təyinat), elmi ləyaqət və batini biliklərə malik olması fikirləri tədricən
şiə teologiyasının ayrılmaz elementinə çevrildi. Xüsusilə Cəfər əs-Sadiq dövründə
imamətin yalnız bioloji zəncirə bağlı deyil, həm də metafizik və əqidəvi zərurət
olması fikri formalaşdı. Bəda (ilahi qərarın dəyişdirilə bilməsi), rəcət və
Mehdəviyyət kimi təlimlər daha yumşaq, məqbul formalarda sistemləşdirilərək
İmamiyyə şiəliyinin inanc çərçivəsinə daxil edildi.
Cəfər əs-Sadiqdən sonra imamlar zənciri
On İki İmama qədər ardıcıllıqla davam etdi. Hər bir imam yalnız dini rəhbər
kimi deyil, həm də ictimai davranış və siyasi mövqedə təqiyyə (gizləmə) və
ictihad (şəxsi dini hökm) əsaslı fəaliyyətlər göstərdi. Abbasilər dövründə
İmamlar daha çox nəzarət altında tutuldu və imamət, səssiz müqavimətin və
daxili proseslərin simvoluna çevrildi. Bu şəraitdə şiə kimliyi daha çox elm, əxlaq
və mənəvi rəhbərlik üzərində quruldu.
On ikinci İmam Muhəmməd əl-Mehdinin qeybə
çəkilməsi, İmamiyyə teologiyasının əsas dönüş nöqtələrindən biri oldu. İki mərhələli
qeyb dövrü (kiçik və böyük qeyb) vasitəsilə imamın fiziki yoxluğuna baxmayaraq,
onun mənəvi varlığı qorunub saxlanıldı. Kiçik Qeyb dövründə dörd nümayəndə
(növbə ilə təyin olunan naiblər) vasitəsilə imamın təlimatı cəmiyyətə
ötürülürdü. Lakin sonra, Böyük Qeyb dövründə imam artıq heç bir şəxslə əlaqə
saxlamadığı elan edildi. X əsrin ortalarından etibarən dini rəhbərlik fəqihlərə
(dini hüquq alimlərinə) həvalə olundu. Beləcə, mərcəiyyət (mərceyi-təqlid)
anlayışı meydana gəldi və şiə icması fiqhi-siyasi həyatını fəqihlərin vasitəsilə
yönləndirməyə başladı.
Sonrakı dönəmlərdə Şiələr,
imamların Allah tərəfindən seçildiyini və onların yalnız dini rəhbər deyil, həm
də siyasi liderlik bacarıqlarına malik olduğunu iddia edirdilər. Bu yanaşmaya
görə, İmamlar yalnız nəslən seçilmiş və Allah tərəfindən xüsusi hikmət və rəhbərlik
qabiliyyəti ilə təchiz olunmuş şəxsiyyətlərdir. İmamətin bu xüsusiyyəti, cəmiyyətdəki
dini və ictimai məsələlərin düzgün idarə edilməsinə zəmanət verir, çünki bu şəxslər
Allahın xüsusi iradəsi ilə təyin olunurlar. Şiə arqumentinə görə bu, yalnız
dini bir məsələ deyil, həm də əxlaqi və hüquqi bir məsələdir. İmamlar, Allahın
göndərdiyi rəhbərlərdir və bu səbəbdən onların rəhbərliyi təkcə insan seçkiləri
ilə deyil, ilahi seçimlə təsdiqlənməlidir. Onlar da, bu yanaşmalarını əsasən Qədr-Xum
hadisəsinə və bəzi Quran ayələrinə əsaslandırırlar (Allah Adəmi, Nuhu,
İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi. Onlar biri
digərindən olan hənif bir nəsil idilər.” – Əli İmran 3:33-34). Qədr-Xum
hadisəsi, Muhəmməd Peyğəmbərin Əli ibn Əbu Talibin öz varisi olduğunu bəyan
etdiyi məqam və yer kimi qəbul olunur. Bu hadisə, xüsusilə şiə ənənəsində, Peyğəmbərin
"Mənim mövlam, Əlidir" ifadəsi vasitəsilə, Əlinin dini və
siyasi rəhbərlik vəzifəsini Allah tərəfindən seçilmiş kimi təsdiqlədiyi bir an
kimi qiymətləndirilir.
Seçki yolunun tərəfdarları isə, Peyğəmbərin varisinin
seçilməli olduğunu və rəhbərliyin kollektiv şəkildə, yəni məscid icması tərəfindən
demokratik yolla müəyyən edilməli olduğunu müdafiə edirdilər. Onlar, bu məsələdə
hələ Peyğəmbərin dövründə qurulan şura ənənəsinə və Qurana istinad edirdilər (O
kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz
aralarında məsləhətləşir. - Şura 42:38). Onlara görə, rəhbərliyin seçilməsi
cəmiyyəti daha balanslı və ədalətli edir, çünki bu, insanların iradəsinə və
onları təmsil edən liderə əsaslanır. İslamda rəhbərin haqqını müəyyən edən şey,
onun ədaləti, elmi və davranışlarıdır. Bu keyfiyyətlərə görə xalq onu seçir. Bu
fikir, Əbu Bəkir və sonra gələn Rəşidi Xəlifələr tərəfindən təmsil olunurdu. Rəşidi
Xəlifələr özlərini Peyğəmbərin xəlifəsi, yəni onun davamçısı kimi təqdim
edirdilər.
İmamiyyə şiəliyi ilkin dövrlərdə siyasi
hakimiyyətdən uzaq durmuş, ancaq zamanla siyasi nümayəndəlik qazandığı dövrlər
olmuşdur. Büveyhilər və Həmdanilər dövründə məzhəb yarı-rəsmi status qazanmış,
amma İslam dünyasında ilk dəfə rəsmi şiə dövləti Səfəvilər tərəfindən
qurulmuşdur (1501–1736). Bu dövrdə Oniki İmamçı təlim rəsmi dövlət
ideologiyasına çevrilmiş, din-siyasət əlaqəsi bir sistem halına gəlmiş, fiqh və
əqidə xalqın hüquqi və sosial həyatını müəyyən edən əsas dayaqlara
çevrilmişdir.
İslam İnqilabı (1979) ilə Ayətullah
Xomeyni "Vilayəti-Fəqih" nəzəriyyəsini irəli sürərək, imamın
yoxluğunda siyasi və dini rəhbərliyin ali fəqihə aid olduğunu əsaslandırdı. Bu,
İmamiyyə şiəliyinin yenidən bir dövlət forması ilə birləşməsini təmin etdi və
bu günkü İran İslam Respublikası formasını aldı.
Şiə qaliyyə firqələri
Qaliyyə
firqələri
Firqə adı |
Qısa təsviri və xüsusiyyətləri |
|
Səbəiyyə |
Ən erkən qali firqə sayılır. Hz. Əlini
tanrılaşdırmış, onun ölmədiyini və yenidən qayıdacağını iddia etmişdir. |
|
Keysaniyyə və alt qolları |
Muxtar Səqəfî tərəfindən qurulmuşdur. Muhəmməd ibn Hənəfiyyəni
Mehdî kimi qəbul etmiş, ondan ayrılan Bəyaniyyə, Həşimiyyə, Cənahiyyə kimi
alt firqələr daha radikal görüşlərə sahib olmuşdur. |
|
Erkən İsmailiyyə və Karmatilər |
İmamların qeybi bilməsi, şəriətin zahirinin keçici
olması kimi ideyaları müdafiə etmişdir. Karmatilər Kəbəni yağmalamış, radikal
və inqilabi fəaliyyətləri ilə fərqlənmişdir. |
|
Nusayrilər (Ələvilər) |
İbn Nusayr tərəfindən təsis edilmişdir. Hz. Əliyə
ilahi status verilmiş, dini ibadət sistemi tamamilə batini əsaslarla
formalaşdırılmışdır. Bu ənənə müasir Nusayriliyin təməlini təşkil edir. |
|
Əhsaiyyə (Şeyxiyyə) |
Əhməd əl-Əhsai tərəfindən XIX əsrdə qurulmuşdur.
İmamları fövqəlbəşər varlıq kimi qəbul etmiş, metafizik "rükn"
anlayışını ortaya atmışdır. |
|
Babiyyə və Bəhaiyyə |
Bab (Ali Məhəmməd Şirazi) özünü əvvəlcə imamın nümayəndəsi,
sonra isə Mehdî və peyğəmbər elan etmişdir. Sonrakı Bəhaiyyə İslamdan
ayrılmış, müstəqil din formasına çevrilmişdir. |
|
Xüsusilə Kərbəla faciəsi (680) şiə kimliyində dərin travma yaradaraq siyasi məğlubiyyətin yerini metafizik müqavimət və
mistik qəhrəmanlıq düşüncələrinə buraxmışdır. Bu dövr, imamların artıq sırf dini rəhbər yox,
həm də
ilahi iradənin yer
üzündəki təcəssümü kimi düşünülməsinə zəmin yaratdı.
Şiəlik içərisində bəziləri bu metafizik yanaşmanı daha da irəli apararaq,
imamların “tanrılaşdığı” və kainatın onların nuru ilə yaradıldığı kimi fikirləri müdafiə etməyə başladılar.
Bu hərəkatların formalaşmasında aşağıdakı faktorlar mühüm rol oynamışdır:
- Hz.
Əli və
onun nəslinə duyulan sevginin mistik və
məcazi çərçivədən çıxaraq literal
(həqiqi) ilahiləşdirməyə çevrilməsi;
- Qnostik,
Maniçi, Məzdəkçi və
hind təsəvvüfləri kimi
İslam öncəsi dinlərdən gələn hulul, tənasüh və
bâtinilik kimi təlimlərin şiə çərçivəyə daşınması;
-
İmamların ölümsüzlüyü, dünyaya qayıdacağı (rəcət) və xilaskarlıq funksiyasının (mehdəviyyət) ideallaşdırılması.
Qaliyyə firqələri arasında müəyyən fərqliliklər olsa da, aşağıdakı inanc və
təlimlər onları
ortodoks İslamdan fərqləndirmişdir:
1. Hülul və təşbih - Allahın zatının (və ya ruhunun) əvvəlcə Hz. Muhəmmədə, daha sonra isə, Hz. Əliyə və onun nəslinə “köçdüyü” inancı əsas götürülür. Bu fikir, antropomorfik təmayüllərlə Allahın bəşərə bənzədilməsi və ya bəşərin tanrılaşdırılması şəklində təzahür edir.
2. Əli və Əhli-Beytin ilahiləşdirilməsi - Hz. Əlinin ilahi mahiyyət daşıdığı, kainatın onun nuru ilə yaradıldığı, ölmədiyi və qiyamət ərəfəsində qayıdacağı kimi iddialar Qaliyyə düşüncəsinin əsasını təşkil edir. Bu təlim, bəzən Abdullah ibn Səba adlı fiqura istinad edilərək izah olunur; lakin onun tarixi varlığı və təsiri mübahisəlidir.
3. Bəda və
ilahi elmin sərhədləri – bəda, Allahın bəzi planlarını dəyişdirdiyini iddia edir.
Bu fikir teoloji cəhətdən Allahın elm və iradəsinin dəyişkən və
qeyri-mütləq olduğunu ehtiva etdiyindən, həm sünni, həm də
etidalçı şiə düşüncəsində rədd edilmişdir.
4. Tənasüh və
Rəcət - Tənasüh (ruhların bədəndən bədənə keçməsi) və rəcət (ölmüş imamların dünyaya qayıdacağı) kimi anlayışlar Zərdüştlük və
Hind ənənələrinin təsiri altında inkişaf etmişdir.
5. Şəriətin ləğvi və
ibaha - bəzi qaliyyə
qruplar dini qaydaların yalnız batini izahla mənalandırılmalı olduğunu iddia etmiş və beləliklə şəriət hökmlərini ləğv etmişdirlər. Bu yanaşma bəzən əxlaqi sərbəstlik (ibaha) və normativ strukturların dağıdılması ilə nəticələnmişdir.
İsmailiyyə,
Cəfər əs-Sadiqdən sonra imamət anlayışı
üzərindəki fikir ayrılığı nəticəsində meydana çıxmış və özəl olaraq batini (ezoterik) teologiyası ilə seçilən bir
şiə qoludur. Əsas fərq, Cəfər əs-Sadiqin oğlu İsmailin imam olması
inancında cəmlənir. İsmailin ölmədiyinə və qeybə çəkildiyinə inananlar (həqiqi İsmailiyyə) və imamətin onun oğlu Məhəmmədə keçdiyini deyənlər (klassik İsmailiyyə) olmaqla iki əsas istiqamət yaranmışdır.
İsmailiyyə batini təfsir, riyazi-kozmoloji sistem və
imam mərkəzli maarifçilik anlayışı
ilə sistemləşdirildi. Fatimilər dövründə İsmailiyyə dövlət dininə
çevrildi və əl-Əzhər Universiteti kimi elmi mərkəzlər yaradıldı. Fatimilər dövründən sonra
İsmailiyyə Nizariyyə və Müstaliyə kimi iki əsas qola bölündü. Nizarilər, Həsən Sabbah rəhbərliyində Əlamut qalasında gizli fəaliyyətlərlə tanındı və sui-qəsd siyasəti ilə
tarixi yaddaşda "haşhaşilər" adı ilə qaldı.
İsmailiyyənin müasir forması
Nizari İsmailiyyəsidir və
hazırda Ağa Xan IV rəhbərliyindədir. Bu qrup,
daha çox sosial inkişaf, təhsil və
modernist dəyərləri vurğulayan, hüquqi yükümlülüklərdən çox əxlaqi və
mənəvi tərəqqiyə yönəlmiş bir inanc sisteminə sahibdir. Öz dini həyatını simvolik ayinlərlə, rasional izahlarla və mərkəzləşdirilmiş dini rəhbərliklə idarə edir.
İmamiyyə və İsmailiyyə kimi şiə qolları, zaman-zaman siyasi təzyiqlərə, tarixi faciələrə və ideoloji parçalanmalara məruz qalsalar da, hər biri öz təməl prinsiplərini qorumağa çalışaraq fərqli siyasi və metafizik modellər formalaşdırmışdır.
Qaliyyə firqələri, həm sünni alimləri, həm də
zeydi və
Cəfərilik kimi etidalçı şiə düşüncə cərəyanları tərəfindən ciddi
şəkildə tənqid edilmiş
və İslamın əsas əqidəsinə zidd olaraq xaricdə tutulmuşdur.
Bəzi sufi və şiə qaliyyə qrupları imamət məsələsini
ilahlaşdıraraq ona yeni ontoloji don geyindirdilər və nəticədə, varlığın ilk
substansiyası kimi dəyərləndirilən “Nur-i Muhəmmədiyyə” (Həqiqət-i Muhəmmədiyyə)
anlayışı meydana çıxdı. Bu ideya ilk dəfə Mənsur Həllacın şeyxi hesab edilən
iranlı sufi Səhl bin Abdullah Tüstəri (öl. 896) tərəfindən ortaya qoyulmuşdur.
Ona görə, Allah, Hz. Muhəmmədin nurunu öz nurundan yaratmış, sonra onu öz əli
ilə formalaşdırmışdır. Bu nur, Allahın huzurunda yüz min il qalmış; bu müddət ərzində
Allah, gecə gündüz yetmiş min dəfə bu nuru təfəkkür etmiş və sonra bütün məxluqatı
bu nurdan yaratmışdır. Hz. Adəmdə təcəlli olub, ardından digər peyğəmbərlərə
keçən və Hz. Peyğəmbərdə qərarlaşan bu nur, vəfatından sonra da davam etmiş
kainat varlığını bu şəkildə təmin edə bilmişdir.
Bəzi Sufi və şiə mütəfəkkirləri, varlığın
ilk substansiyası kimi "nur" anlayışını irəli sürərək, ilahi nurun
bütün kainatı əhatə edən təməl prinsip olduğunu bildirdilər. Bu kontekstdə
"Nur-i Muhəmmədiyyə" anlayışı, Peyğəmbər Muhəmmədin Allahın ilahi
nurunun təcəssümü olduğu fikrindən yola çıxır. Bundan irəli gələrək, bəzi mütəfəkkirlər
Hz. Muhəmməd və Hz. Əlinin vahid bir nurun fərqli aspektləri və təzahürləri
kimi izah etdilər. Bu yanaşma, həm ilahi vəzifənin ontoloji təməlini, həm də
imamətin və rəhbərlik rolunun metafizik əsaslarını ortaya qoyur: "Mən və
Əli Allahın hüzurunda bir nur idik, o, ərşi, kürsünü, lövhü, qələmi, cənnəti, cəhənnəmi
və mələkləri yaratmazdan min min (yəni milyon) il əvvəl. Sonra Allah Adəmi
yaradanda bu nuru iki yerə böldü və o, Adəmin belində yer aldı."(
Kuleyni, "əl-Kafi", c. 1, səh. 442; Məclisi, "Bihar əl-Ənvar",
c. 15, səh. 24; Əmini, "əl-Gədir", c. 2, səh. 62; Bəhrani, "Təfsir
əl-Burhan", c. 3, səh. 310)
Bu yanaşma, İslam düşüncəsində Hz. Muhəmməd
və Hz. Əlinin yalnız tarixi şəxsiyyətlər kimi deyil, ontoloji və metafizik
varlıq sferasının əsas ünsürləri kimi qəbul edilməsi ilə bağlıdır. Bəzi mütəfəkkirlər
bu iki şəxsiyyəti vahid ilahi nurun fərqli təcəlliləri kimi görmüş və onların vəzifələrinin
yalnız zahiri deyil, həm də batini və kosmik funksiyalara sahib olduğunu irəli
sürmüşlər.
Bu konsepsiya xüsusilə qaliyyə Şiə
teologiyasında və İrfani ənənədə geniş yayılmışdır. Şiə məktəbinin bir çox
nümayəndəsi Hz. Əlini ilahiləşdirilmiş bir rəhbər və ya metafizik imamət
prinsipinin təcəllisi kimi izah etmişdir. Bu fikrin əsası Nur-i Muhəmmədiyyə
konsepsiyası ilə birləşərək imamların ilahi bilik və nurun daşıyıcısı
olduqlarını iddia edən görüşlərdə də öz əksini tapmışdır.
Sufi ənənəsində də Hz. Muhəmməd və Hz. Əli arasındakı mistik əlaqə xüsusi yer tutur. İbn Ərəbi kimi sufi filosoflar Hz. Əlini “vilayət”in (mistik rəhbərliyin) simvolu və Hz. Muhəmməddən sonra ilahi biliyin əsas varisi kimi görürdülər. Bu baxımdan, Muhəmməd-Həqiqəti və Əli-Həqiqəti bir-birini tamamlayan iki əsas varlıq aspekti kimi nəzərdən keçirilmişdir.
Beləliklə, bu yanaşma həm imamətin ilahi əsaslarını, həm də Hz. Muhəmməd və Hz. Əlinin İslam kosmologiyasında fundamental metafizik rol oynadığını vurğulayan konseptual bir çərçivə yaradır. Bu, yalnız tarixi və siyasi liderlik anlayışından kənara çıxaraq, varlıq, nübüvvət və imamət arasındakı dərin fəlsəfi və mistik əlaqəni açıq şəkildə ifadə edir.
“Nur-i Muhəmmədiyyə” (Həqiqət-i Muhəmmədiyyə)
anlayışının mənşəyi və inkişafı ilə bağlı müxtəlif fəlsəfi və teoloji
yanaşmalar mövcuddur. Bəzi tədqiqatçılar bu konsepsiyanın əsasən
neoplatonçuluqdakı "logos" anlayışı ilə əlaqəli
olduğunu irəli sürmüşlər. Plotin və digər neoplatonçulara görə, logos ilkin və
ali bir varlıq mənbəyi olan Birin (To Hen) təcəllisi və kainatın yaradılışında
vasitəçi bir prinsip kimi qəbul edilirdi. Bu yanaşma İslam mühitində xüsusilə
imamət və peyğəmbərlik konsepsiyası ilə əlaqələndirilmişdir.
Bu düşüncə əvvəlcə sufilik və İsmailiyyə
kimi cərəyanlara daxil olmuş və imamət anlayışının əsasını təşkil etmişdir. Bu
düşüncə sufilər tərəfindən Hz. Muhəmmədin varlığın ilk səbəbi və kainatın
metafizik əsası olması kimi izah edilmişdir. İbn Ərəbi, Əhməd əl-Qəzali və digər
sufi mütəfəkkirlər bu fikri daha da inkişaf etdirərək, Varlıqda Muhəmmədi
birliyin rolunu vurğulamış və onu ilahi təcəllinin mərkəzi kimi görmüşlər. Beləliklə,
bu anlayış, antik fəlsəfi konsepsiyalar, irfan teologiyası və sufiliyin sintezi
nəticəsində formalaşaraq İslam fəlsəfi-dini ənənəsində mühüm yer tutmuşdur.
1. Əhli-sünnə məktəbləri
" hl-i sünnə" termini “əhlü’s-sünnə və’l-cəmaa” ifadəsinin qısa forması olaraq “sünnəti mənimsəyənlər” mənasına gəlir. Buradakı “sünnə” (ənənə), sadəcə fiqh ya da fərdi əməllər deyil, Hz. Peyğəmbərin dini anlama, açıqlama və təbliğ metodu kimi başa düşülür. Yəni sünnə, yalnız əməl və sözlər toplusu deyil, İslamın əsaslarını dərk və tətbiq üsuludur. Bu anlayışlara əsaslanaraq əhl-i sünnə, "Hz. Peyğəmbər və səhabə cəmiyyətinin əsas dini məsələlərdə (usulü’d-din) təqib etdiyi yolu mənimsəyənlər" kimi tanımlana bilər.
“Əhl-i sünnə” ifadəsi bir termin kimi nə
Quranda, nə də erkən hədis mənbələrində yer alır. O, erkən siyasi və etiqadi
ixtilaflar fonunda, xüsusilə Mutəzilə və Şiə təlimlərinə qarşı “ortodoks
mövqe”ni ifadə etmək üçün istifadə olunmağa başlamışdır. Bu termin ilk dəfə
hicri III əsrdən (IX əsr) sonra, Əhli-hədis və Əhli-rəy arasında yaranan
metodoloji uzlaşmaların məhsulu kimi meydana çıxmışdır. Əbu Abdullah əl-Halîmi
və Şəhristani kimi alimlərdən etibarən, bu termin artıq nəzəri bir mövqe kimi
işlədilmişdir. Təhlillər göstərir ki, əhl-i sünnə anlayışı Hz. Peyğəmbərin sünnəsinə
(ənənəsinə) və səhabə cəmiyyətinin yoluna bağlılıqla formalaşmağa başlamış və təkamül
yolu ilə siyasi-etiqadi bir mövqeyə çevrilmişdir. Sonrakı əsrlərdə isə, bu
anlayış ortodoksiya ilə heterodoksiya arasında sərhəd cizgilərini müəyyənləşdirən
bir ölçüyə çevrilmişdir.
Əhl-i sünnənin sistemli bir teoloji məktəbə
çevrilməsi, fərqli ideoloji və siyasi zəmində baş verən ixtilaflar fonunda
inkişaf etmişdir. Xüsusilə Hz. Əli ilə Muaviyə arasındakı müharibələr (Siffin),
müsəlmanların bir-birini öldürməsi nəticəsində etik və əqidəvi problemləri
aktuallaşdırmışdır. X-XI əsrlərdən başlayaraq İslam dünyasında Sünni kəlam
Əşariyyə və Maturidiyyə məktəbləri ilə fikir üstünlüyü və nüfuz qazanmağa
başlamış, bu məktəblər əksər bölgələrdə rəsmi və ortodoks inanc sistemi kimi qəbul
edilmişdir. Bu cərəyanlar həm əqli (mücərrəd) dəlillərlə, həm də nəqli (mətn əsaslı)
dəlillərlə Mutəzilə, Murciə, Müşəbbihə, Fəlsəfə kimi axınlara qarşı duraraq fəlsəfi
və metafizik rəqabətə qarşı bir düşüncə sistemi formalaşdırdılar.
İslamda dini biliklərin əsas mənbəyi vəhiydir.
Əhl-i sünnə anlayışına görə, şəriət hökmləri Allahın muradını əks etdirir. Bu
murad, vəhyin Peyğəmbər vasitəsilə açıqlanması və onun tətbiqindəki nümunəvi təcrübə
ilə konkretləşir. Səhabə nəsli, bu təcrübənin ilk şahidləri və daşıyıcıları
olduğundan, onların anlayışı və rəvayətləri – mətnlərin düzgün anlaşılması üçün
əsas ölçüdür. Bu çərçivədə Peyğəmbərin sünnəsi və səhabənin anlayışı, Allahın
istədiyi dini şəkli təmsil edən ən yaxın model kimi qəbul edilir. Beləliklə, səhabənin
din anlayışı əhl-i sünnə üçün epistemoloji dayaq nöqtəsinə çevrilmişdir.
Əhl-i sünnə metodologiyası, mənbə mərkəzli
və məntiqi inteqrativ xüsusiyyət daşıyır. Bu
metodologiyada aşağıdakı əsas prinsip və qaydalar mövcuddur:
2.
Açıq ayələrə və səhih
hədislərə əsaslanma;
3. mətnləri bütövlükdə
anlamağa çalışmaq, kontekstuallığı nəzərə almaq (yəni, bir sözün, cümlənin və
ya fikirin ifadə olunduğu şəraitə uyğun başa düşülməsi);
4. zahiri mənaya önəm
vermək, lakin zərurət olmadıqca təvilə (bir mətnin və ya ifadənin zahirən
göründüyündən fərqli, məcazi, simvolik və ya dərin mənasını axtarmaq, onu şərh
etmək və təfsir etmək) getməmək;
5. ağlı nəqlə (ayət və
hədislərə) tabe tutmaq, lakin nass (Quran və hədis) olmayan mövzularda ağlı
ictihadda (düşünməkdə) istifadə etmək.
Bu metodoloji yanaşma, həm Sələfi, həm də kəlamçı əhl-i sünnə qruplarında özünü göstərir.
Əhl-i sünnənin teoloji bünövrəsi və əsas prinsipləri
Etiqadi prinsip |
Əsas mənbə və izah |
Xuləfayi Raşidîn legitimliyi |
Siyasi-sosioloji sabitliyin qorunması |
İman-əməl əlaqəsi |
Əməl imanın tərkib hissəsi olmasa da, tamamlayıcısıdır. |
Quranın məxluq olmaması |
Allahın əzəli sifətlərindən biridir (Əhməd b. Hanbəl) |
Külli qədərin Allahın təqdiri ilə olması |
Determinizm yox, ilahi iradə mütləqdir. |
Allahın sifətləri əzəli və həqiqidir. |
Sübuti və feili sifətlərin gerçəkliyi qəbul olunur. |
Rüyətullah |
Allahın axirətdə görülməsi məkanı və istiqaməti olmayan bir görmədir. |
Bu prinsip
və təlimlər zamanla fərqli coğrafiyalarda və intellektual mühitlərdə inkişaf edərək
fərqli şərhlərlə ifadə edilmişdir. Əhl-i sünnə daxilində müxtəlif düşüncə yönləri
olsa da, bu fərqliliklər əsas prinsipial çərçivəni dəyişməmişdir. Lakin, Sələfiyyə
alimləri (İbn Teymiyyə və davamçıları) Əşariyyə və Maturidiyyə kəlamçılarını
Rüyətullahı “idrakla” izah etmələri, xəbəri sifətləri təvil etmələri və əməli
imandan ayırmaları səbəbilə tənqid etmişlər. Sünnî kəlamçılar isə, onları
zahirilikdə təşbih və cismanilik riskini artırdığını, xəbəri sifətləri zahiri mənaları
ilə qəbul etmənin antropomorfizmə yol açacağını vurğulamışlar (Fəxrəddin Razi və
b.).
Mutəzilə məktəbinin
əhl-i sünnəyə yönəltdiyi başlıca iradlar bu idi ki, onlar, sifətlərin əzəliliyi
və rüyətullah kimi anlayışların təşbihinə yol açır, əməllərin Allah tərəfindən
yaradılmasını iddia etməklə ilahi ədalətə zidd davranır, Allahın hikmətini nəzərə
almayan iradə anlayışını ortaya qoyurlar. Mutəzilə terminologiyasında əhl-i
sünnə çox zaman Mücbirə (Cəbrilər), Müşəbbihə və Mücəvvirə kimi adlarla
xatırlanmışdır. Şiələr isə, onları Hz. Əliyə öncəlik tanımadıqları və bütün səhabəyə
hörmət edilməsini vacib saydıqları üçün tənqid etmiş, rəyə əsaslanan hüquqi qərarların
və zəif rəvayətlərin istifadəsinə görə ittiham edirlər.
Əhl-i sünnə,
İslam düşüncəsində həm mətnə sadiqliyi, həm də ağlın mötədil istifadəsi ilə
orta xətt tutmağa çalışmışdır. Bu məktəbin əsas qayəsi, vəhyin və sünnənin
orijinal ruhunu qorumaq, bidət və zahiri təhriflərə qarşı dini təməl prinsipləri
müdafiə etmək olmuşdur. İctimai legitimlik, nəqli əsaslar və fərqli qrupların şərhi
ilə zənginləşən sistem kimi əhl-i sünnə, həm daxildən, həm xaricdən yönələn tənqidlərə
qarşı fəlsəfi və teoloji mövqeyini qorumuşdur. Bu yanaşma, İslam teoloji
tarixində ən geniş yayılmış və mərkəzləşdirilmiş ortodoks inam forması kimi
formalaşmışdır.
Əvvəlki
dövrlərdə əhl-i sünnə müctəhidlik və ictihad fəallığı (intellektual aktivliyi)
ilə seçilmişdir. Lakin, sonrakı dövrlərdə müctəhid imamların (dörd fiqh məzhəbi
başçıları və başqalarının) görüşləri təqlid səviyyəsinə gətirilmişdir. Quran və
Sünnəyə birbaşa müraciətin qeyri-mümkün hesab edilməsi, həm fikri ixtira və
inkişafın önünü kəsmiş, həm də məzhəb təəssübkeşliyinə yol açmışdır. Bu geriləmə
tendensiyası, İslamın əqidə və hüquq sistemində inkişafı dayandıran əsas amillərdən
biri kimi qiymətləndirilmişdir.
Fəlsəfi və nəzəri mübahisələrə
baxmayaraq, elm və məzhəb tarixində “əhl-i sünnə” termini üç əsas istiqamət üzrə
oturuşmuşdur:
6.
Əşariyyə: nəqli əsasların üstünlüyünü qoruyaraq ağlı təmkinlə
istifadə edən rasionalist sünnilik.
7.
Maturidiyyə: nəqli və əqli meyarları tarazlayan sistematik sünnilik.
8. Sələfiyyə: literalizmə əsaslanan (dini və ya hüquqi mətnlərin, yalnız zahiri, lüğəvi mənasına əsaslanaraq, kontekstual, metaforik, ya da dərin mənəvi izahları rədd edərək başa düşülməsi prinsipidir), sahabə və təbiin yolu ilə məhdudlaşan əqidə anlayış
Əşariyyə
Əşarilik, adını qurucusu Əbu Həsən əl-Əşəridən
alan, İslam iman sistemində ortaya çıxan və xüsusilə Allahın sifətləri, insanın
əməlləri və iman-günah münasibətləri ilə bağlı məsələlərə dair mövqeyi ilə
tanınan teoloji məktəbdir. Əşarilik, əvvəlki rasionalist yönümlü Mutəzilə və bənzər
cərəyanlara qarşı ortodoksal sünni mövqeyin formalaşmasına mühüm töhfə vermiş və
öz dövründən etibarən sistemli şəkildə inkişaf etdirilmişdir. Onun əsas məqsədi,
İslamın etiqad əsaslarını həm mətnə (nəqlə), həm də ağıla istinad edərək müdafiə
etmək olmuşdur.
Əşariliyin ortaya çıxışı, əsasən II/VIII əsrdə
İslam dünyasında teoloji parçalanmanın dərinləşməsi fonunda baş vermişdir. Bu
dövrə qədər Xəvaric və Şiə kimi siyasi-etiqadi firqələrin ardınca Cəhmiyyə və
daha sonra Mutəzilə kimi rasionalist təmayüllü məktəblər meydana gəlmişdi. Mutəzilə,
ağıl prinsipini üstün tutaraq ilahi sifətləri inkar etmiş, Quranın məxluq
olduğunu müdafiə etmiş və bu baxışlar Abbasilər dövründə rəsmi məzhəbə
çevrilmişdi. Lakin, bu cərəyanlar nəinki teoloji ziddiyyətlər, həm də ictimai
narazılıqlar doğurmuş, nəticədə Əhməd ibn Hənbəl kimi alimlərə qarşı təzyiqlər,
“Mihnə” hadisəsi və düşüncə azadlığının boğulması geniş reaksiyaya səbəb
olmuşdu. Belə bir tarixi və ideoloji şəraitdə Əşariliyin təşəkkülü və yayılması
üçün münbit zəmin yaranmışdı.
Əşarilik məktəbi, ortodoksal sünni təlimini sistemli şəkildə müdafiə etməyə çalışan ilk rasionalist təmayüllü təşəbbüslərdən biri kimi formalaşdı. Əbu Həsən əl-Əşəri, əvvəlcə Mutəzilə mühitində yetişmiş, lakin daha sonra sünni görüşləri müdafiə etməyə başlayaraq, əvvəlki mövqeyindən kəskin şəkildə ayrılmışdır. Bu dönüş, sünni kelamın institusional əsaslar üzərində formalaşmasının başlanğıcı kimi dəyərləndirilə bilər. Əşəri, Əhməd ibn Hənbəlin təməl prinsipial mövqelərini (məsələn, Quranın əzəli olması, ilahi iradənin mütləqliyi və Allahın sifətlərinin təsdiqi) qəbul etmiş, lakin bu prinsipləri ağılla əsaslandırmağa cəhd göstərmişdir. Bu isə, onun həm nəqli, həm də əqli yanaşmaları birləşdirən metodoloji yanaşmasını ortaya çıxarmışdır.
Əşariliyin formalaşmasında İbn Küllab, Həris əl-Muhasibî və Əbu Əli əl-Kərabisi kimi mütəfəkkirlər də nəzərəçarpacaq rol oynamışdır. Əşariliyin irəliləməsində, xüsusən IV/X əsrdə onun tələbələri – əl-Bakıllani, İbn Furək, əl-İsfəraini kimi alimlərin apardıqları sistemləşdirici fəaliyyət xüsusi yer tutur. Bu dövrdə Əşari metodologiyası təsnif olunmuş, xəbər və mütəşabih ayələrin təvilində daha çevik, lakin ortodoksal yanaşma ortaya qoyulmuşdur. Əşarilərin təsəvvüfə müsbət baxmaları və çoxsaylı sufi mütəfəkkirlərlə əməkdaşlıq etmələri onların təsir dairəsini daha da genişləndirmişdir. Beləliklə, Əşarilik təkcə kəlam deyil, eyni zamanda ruhani və elmi-pedaqoji müstəvidə də nüfuz sahibi olmuşdur.
Əşarilik məktəbinin sistemli teoloji
struktura çevrilməsində əl-Bakıllaninin rolu əvəzsizdir. O, əql və məntiqi
kateqoriyalar vasitəsilə dini sübutların analitik əsaslarını qurmuş,
“inikasu’l-ədillə” (dəlillərin əksini sübut kimi istifadə etmə) metodunu ortaya
atmış və Əşariliyi Şimali Afrikadan Əndəlüsə qədər yaymışdır. İbn Furək və əl-Halimi
kimi alimlər isə, onun sistemini İsfahan və Nişapur bölgələrində yaymışlar.
Əşariliyin inkişafında müasir baxışla üç mərhələ
ayırmaq olar: formalaşma dövrü (Əşəri və tələbələri), sistemləşmə dövrü
(Bakıllani və ardıcılları), institutlaşma və dövlət dəstəyi dövrü (Nizamiyə mədrəsələri
və Səlcuqlular dönəmi). Xüsusilə Nizamulmülkün himayəsində Bağdad və Nişapurda
təsis edilən mədrəsələr Əşariliyin mədrəsəvi və dövlət səviyyəsində yayılmasını
təmin etmişdir. Əksinə, Sultan Tuğrul Bəy dövründə vəzir Kundurinin Mutəzilə
meylli mövqeyi Əşarilərə qarşı repressiyalara səbəb olsa da, bu hal müvəqqəti
olmuş və Əşarilik tezliklə yenidən dirçəlmişdir.
Əşariliyin rasionalizmlə nəqli uzlaşdıran
metodologiyası, onu sünni islamın ən nüfuzlu teoloji məktəbinə çevirmiş,
xüsusilə Şafii və Maliki məzhəbləri içərisində geniş qəbul edilmişdir.
Əhli-sünnənin rasional-teoloji ifadəsinə çevrilən bu məktəb, həm dini təfəkkürün
elmi əsaslarla qurulmasında, həm də bidət cərəyanlara qarşı ortodoksal müqavimətin
qurulmasında strateji rol oynamışdır.
Əşariliyin intellektual inkişafı, İslam
elmi düşüncəsinin tarixi çərçivəsində həm daxili mübarizələrə, həm də fəlsəfi təsirlərə
cavab kimi təkamül etmişdir. Bu inkişaf, erkən dövrdə rasionalist meyllərlə
mübarizə, orta dövrdə fəlsəfə ilə münasibət və sonrakı mərhələdə təsəvvüf ilə
sintez axtarışı ilə səciyyələnir.
Əşariliyin ilk dövründə əsasən Mutəzilə və
Batiniliklə fikri mücadilə aparılmış, bu mübarizədə Aristotel fəlsəfəsinin müəyyən
prinsipləri tənqid edilmiş, lakin tamamilə rədd edilməmişdir. Bu yanaşma, həm
mövqeyin müdafiəsi, həm də alternativ izah metodlarının axtarışı baxımından nəzərə
çarpır. Bu dövrdə Əşarilər kəlam metodologiyasını qurarkən filosofların bilik nəzəriyyələrinə
və ontoloji baxışlarına qarşı məqbul əqli əsaslar qurmağa cəhd göstərmişlər. Bu
gedişatın qırılma nöqtəsi, VI/XII əsrin əvvəllərində Əbu Həmid Qəzalinin fəaliyyəti
ilə baş verdi. Qəzali bir tərəfdən fəlsəfi sistemləri tənqid edərək İslam Məşşailiyini
ifşa etməyə çalışmış, digər tərəfdən Aristotel məntiqini İslam elmlərinin
metodoloji alətinə çevirmişdir. Onun “Məqasidül-Fəlasifə” və “Təhafütül-Fəlasifə”
əsərləri fəlsəfi sistemlərin epistemoloji və metafizik əsaslarını sarsıtmağı hədəfləyərkən,
“Miyarül-ilm” və “Mihakkün-nəzar” adlı əsərləri ilə məntiqi bilginin əsas şərti
kimi təqdim etmişdir. Lakin, onun “İqtisad fi’l-itiqad” əsərində açıq şəkildə
ifadə etdiyi kimi, son nəticədə bilik yalnız təqlidi və ya nəzəri əsaslarla
deyil, “kəşf” və ya intuisiya yolu ilə əldə edilə bilər. Bu, Əşariliyin
intellektual sərhədlərinin genişlənməsinə və mistik idrak formalarına qapı
açmasına səbəb olmuşdur.
Qəzali sonrası dönəmdə onun tələbələri və təsiri
altındakı alimlər vasitəsilə Əşarilik regional miqyasda da gücləndi. İbn Tumert
Muvahhidlər dövləti vasitəsilə Əşariliyi Şimali Afrikada yaydı, eyni zamanda
İbnü’l-Ərəbi mühitində fəlsəfəyə qarşı kəşf metodunu müdafiə edərək Əşariliyi
orada təmsil etdi. Bu, həm fəlsəfənin metafizik prinsiplərinə qarşı mistik
idrakın üstünlüyü fikrini, həm də Əşariliyin coğrafi genişlənməsini təmin etdi.
Fəlsəfə ilə kəlam arasında dialoq, yalnız
Qəzali ilə başlamamış, onun təsirini ardıcıl və daha sistemli şəkildə davam
etdirən mütəfəkkirlər vasitəsilə yeni mərhələyə keçmişdir. Muhəmməd b. Əbdülkərim
Şəhristani “Nihayətül-iqdam fi ilm-il-kəlam” əsərində fəlsəfə ilə kəlamın
qarşılıqlı təsirini zirvəyə çatdırmış, bəzi köhnə nəzəriyyələri, xüsusilə də
Bakıllani və Cüveyninin qəbul etdiyi "əhval nəzəriyyəsi"ni tənqid edərək
Əşarilik təlimini qorumağa çalışmışdır.
Bu intellektual prosesin kulminasiya nöqtəsi Fəxrəddin Razidir. Onun “Məalim”, “Muhaṣṣal” və “Mətaṭalibül-ʿAliyyə” kimi əsərləri vasitəsilə kəlam və fəlsəfə arasındakı sərhədlər demək olar ki, aradan qalxmışdır. Razi, Aristotel məntiqini, metafizikasını və epistemologiyasını kəlamın dili halına gətirmiş, “fəlsəfi kelam” mərhələsini başlatmışdır. Onun təsiri ilə Seyfəddin Amidi, Qazi Bəyzavi və Ədudəddin əl-İci kimi alimlər bu fəlsəfi kəlam metodunu sistemləşdirərək Əşariliyin rasional strukturunu gücləndirmişlər.
Lakin, bu rasional və fəlsəfi yüksəlişin ardınca intellektual tənəzzül mərhələsi gəlmişdir. Səddəddin Təftəzani ilə başlayan və Seyyid Şərif Cürcani ilə davam edən dövr, orijinal təfəkkürün yerini mətn şərhləri və izahlarına (şərh və haşiyəçilik) buraxdığı bir mərhələ olmuşdur. Təftəzani, yalnız əvvəlki mətnləri şərh etməklə kifayətlənməmiş, özü də əsərlərinə şərh yazar hala gəlmişdir. Bu metodoloji təkrarçılıq, yaradıcı irəliləyişin qarşısını almışdır. Bu ənənəyə Şimali Afrikada Məhəmməd b. Yusuf Sənusi də qoşulmuş, “Əqaidüs-Sənusi” silsiləsi ilə bu anlayışı davam etdirmişdir.
Əşariliyin son dövründə digər diqqətəlayiq tendensiya, təsəvvüflə inteqrasiya cəhdləri olmuşdur. Cəlaləddin Dəvvaninin “Şərhul-Əqaidil-Ədudiyyə” əsərində İbn Ərəbi irfanı ilə Əşari kəlamını uzlaşdırmaq istəyi bu cəhdlərin kulminasiyasıdır. Vəhdətül-vücud kimi metafizik sistemlərin Əşari rasionalizmi ilə uyğunlaşdırılması, bu məktəbin yalnız rasional əsaslarla deyil, mənəvi təcrübə vasitəsilə də idraka açıq olmağa başladığını göstərir.
Əşarilik fəlsəfə və təsəvvüflə inteqrasiya
sayəsində daha geniş yayılmışdır. Qəzali (ö. 1111) ilə bu tendensiya zirvəyə
çatmış, onun “Təhafütü’l-fəlâsifə” və “İhyâu ulûmi’d-dîn” əsərləri vasitəsilə həm
fəlsəfəyə tənqidi yanaşma, həm də dini təcrübəyə mistik baxış gətirilmişdir.
Osmanlı dövründə mədrəsə proqramlarında Əşarilik kəlamı fəal şəkildə tədris
olunurdu.
- Maturidilik
Maturidilik məktəbinin tarixi inkişafı
İslam düşüncə tarixində rasional yanaşmanın və sünnî əqidənin formalaşmasında
mühüm mərhələləri əhatə edir. Bu məktəbin əsası kimi qəbul edilən fikirlərin
kökləri Əbu Hənifəyə qədər uzanır. Əbu Hənifə Quran və səhabə görüşlərinə əsaslanaraq
İslamın əsas əqidə prinsiplərini müəyyən etməyə çalışmış, əqli metodlardan
istifadə etməklə bu prinsipləri əsaslandırmışdır. Bu yanaşma, sonrakı dövrdə
onun tələbələri və davamçıları vasitəsilə sistemləşdirilmiş və Maturidilik
adlanan əqidə məktəbinin ideoloji bazasını formalaşdırmışdır.
Əbu Hənifənin irsi, bir əsrdən artıq
müddətdə onun tələbələri tərəfindən qorunmuş və yayılmışdır. Xüsusilə, Bağdadda
baş qazı təyin edilən Əbu Yusifin fəaliyyəti nəticəsində Mavəraünnəhr bölgəsinə
Hənəfi qazıların təyin olunması, bölgədə Əbu Hənifənin həm fiqhi, həm də
etiqadi baxışlarının yayılmasına zəmin yaratmışdır. Bu mühit, Əbu Mənsur əl-Maturidinin
elmi təlimat alıb formalaşması üçün əlverişli şərait yaratmışdır. Həmin dövrdə
bu məktəb əsasən “Əbu Hənifə tərəfdarları” və ya “rəy əhli” kimi tanınırdı.
Bağdadda fəaliyyət göstərmiş bəzi Hənəfi
alimləri, “İraq şeyxləri” adlandırılan bu qrup sünniliklə yanaşı, mutəzili
meyllərə də sahib olmuş və hətta bəzi qaynaqlarda mutəzilə alimləri arasında
göstərilmişlər. İbnüs-Səlci, Əbu’l-Həsən Kərhi və Cəssas kimi alimlərin fəaliyyəti
bu baxımdan qeydə layiqdir. Onlar Əbu Hənifənin əslində mutəzili mövqedə
dayandığını iddia etmişlər ki, bu da onun irsinə müxtəlif cərəyanların iddia
etdiyi bir dövrün göstəricisidir.
Bunun əksinə olaraq, Maturidiliyi doğuran
əsas fikri və intellektual cərəyanlar Mavəraünnəhrdən çıxmışdır. Bu bölgədə
formalaşan və “Hənəfi kəlamçıları” kimi tanınan alimlərin başında Cûzcaniyyə mədrəsəsinin
qurucusu Əbu Süleyman əl-Cûzcani durur. Onun rəhbərliyi altında yetişən ilk kəlamçı
Əbu Bəkr Cuzcani olmuşdur. O, “əl-Fərq və’t-təmyiz”, “Kitabü’t-Tövbə” və
“Kitabü’t-Tövhid” kimi əsərlərlə Hənəfi kəlamının inkişafına zəmin hazırlamış,
onun yetirmələrindən Əbu Nasr əl-İyazi və Əbu Mənsur Maturidi kimi şəxsiyyətlər
bu fikri irsin əsas daşıyıcılarına çevrilmişlər.
Əbu Nasr əl-İyazinin “Məsələtü’s-sıfât” əsərində
ilahi sifətlər məsələsində sünni mövqeyini əsaslandırması və müxalif cərəyanlara
qarşı əqli və nəqli arqumentlər inkişaf etdirməsi bu məktəbin intellektual
gücünü göstərir. Eyni dövrdə fəaliyyət göstərmiş digər alimlər – Əbu Abdullah əl-Əzdi,
Nusayr ibn Yəhya əl-Bəlxi və Kərramiyyəyə qarşı əsərlər yazmış Muhəmməd ibn Yəman
Səmərqəndi bu regionda sünni kəlam ənənəsinin yarım əsrdən çox inkişaf etdiyini
göstərir.
Bu intellektual mühit, nəticə etibarilə,
Maturidiliyin təşəkkülünə səbəb olmuşdur. Əbu Mənsur Maturidi bu ənənəni
sistemləşdirərək ona forma və məzmun vermişdir. O, Əbu Hənifənin fikirlərini
yalnız təkrar etməklə kifayətlənməmiş, onları Quranla uyğulamaqla əsaslandırmış,
həm də müxalif fikirlərə qarşı müdafiə etmişdir. Onun “Kitabü’t-Tövhid” və “Tə’vilatü’l-Quran”
əsərlərində bu yanaşma bariz şəkildə görünür. Maturidi həm kəlam, həm də fiqh
sahəsində Əbu Hənifəyə sadiq qalmış, onun əqli metodologiyasını inkişaf etdirərək
sistemli bir əqidə təlimi halına gətirmişdir.
Əbu Mənsur Maturidinin fəaliyyəti nəticəsində
bu məktəb “Maturidilik” adı ilə tanınmış və xüsusilə türk dünyasında geniş
yayılmış sünni kəlam ənənəsinə çevrilmişdir. Onun irsi yalnız məntiqi əsaslandırma
baxımından deyil, eyni zamanda sosial və siyasi sabitliyi qorumağa yönəlmiş bir
ortodoks yanaşma kimi İslam tarixi boyunca mühüm təsirə malik olmuşdur.
Maturidilik nəinki Əbu Hənifənin irsini qoruyan, eyni zamanda onu sistemləşdirib
gələcək nəsillərə ötürən fundamental teoloji məktəb olmuşdur.
Əbu Mənsur Maturidinin din anlayışı və
onun ətrafında formalaşan Maturidilik məktəbi, İslam düşüncə tarixində müstəsna
bir əhəmiyyətə malikdir. O, nə yalnız nəqli əsas götürən Sələfiyyə, nə də ağlı
ön plana çıxarıb nəqli ikinci dərəcəyə salan Mutəzilə yanaşmalarını yetərli
saymışdır. O, bu iki ifrat mövqe arasında mötədil və təmkinli bir mövqe seçərək,
dini dərk və izah etmək üçün həm nəqli (vəhyə əsaslanan) bilikləri, həm də əqli
(ağla dayanan) düşüncəni uzlaşdıran metodoloji çərçivə yaratmışdır. Onun bu
yanaşması, yalnız teoloji debatlara cavab vermək üçün deyil, həm də İslamın
ümumi prinsiplərini rasional əsaslarda müdafiə etmək üçün sistematik bir zəmin
yaratmışdır.
Əsərləri arasında “Kitabü’t-Tövḥid”
və “Təvilatü’l-Quran” Maturidi təfəkkürünün əsas sütunlarını təşkil edir. Bu mətnlərdə
o, Quran ayələrini ağıla və hikmət fəlsəfəsinə uyğun şəkildə şərh etmiş, vəhylə
təslimiyyət arasında rasional əlaqəni təmin etmişdir. Onun bu üsulu nəinki
Sünni kəlam metodologiyasına yenilik gətirmiş, həm də onu yüksək səviyyəyə
qaldırmışdır.
Maturidinin yanaşmasının orijinallığı
ondadır ki, o, Mutəzilə kimi əqlə ifrat güvənməyib, lakin əqlin dinin
anlaşılması və əsaslandırılmasında vazkeçilməz olduğunu qəbul etmişdir. O, həmçinin
Şiə və Batinilik kimi digər cərəyanların da teoloji mövqelərini tənqid
etmişdir. “Rəddü Kitâbi’l-İmaməli-baʿżir-Rəvafıż” adlı əsəri Şiə imamət
anlayışına qarşı, “ər-Rəd aləl-Qaramiṭa” isə, Qaramitə və qali-Batini
ideologiyalarına qarşı yazılmışdır. Bu tənqidlər onun yalnız rasional əsaslandırma
ilə kifayətlənmədiyini, həm də ideoloji təmizləmə və iman prinsiplərinin müdafiəsinə
yönəldiyini göstərir.
Əhli-Sünnə anlayışına bağlılığını isə,
Maturidi konkret şəkildə ifadə etməmişdir. Buna baxmayaraq, onun metod və
mövqeyi əsasında onun Sünni bir kəlamçı olduğu bəllidir. Bəzi müasir tədqiqatçılar
onun Mürciə təsirinə açıq olduğunu, hətta bu məktəbin bir davamçısı olduğunu
iddia etmişlər. Bu iddialar əsasən onun ircâ (iman və günah münasibəti)
mövzusundakı mötədil fikirlərindən qaynaqlanır. Lakin, bu baxışa qarşı arqument
kimi qeyd edilməlidir ki, "mürciə" anlayışı teoloji sahədə yalnız
iman-günah-təkfir münasibətləri kontekstində işlənmiş, digər əsas teoloji məsələlərdə
(uluhiyyət, nübüvvət, axirət) Maturidinin mövqeyi Əhli-Sünnə ilə uyğun gəlmişdir.
Maturidinin fikirləri ölümündən sonra da əhəmiyyətini
itirməmiş, tələbələri və onlardan sonra gələnlər vasitəsilə sistematik şəkildə
yayılmışdır. Bu məktəbin təşəkkülündə önəmli rol oynamış şəxslər arasında Əbu
Nasr əl-İyazînin oğulları Əbu Əhməd və Əbu Bəkir, Hakim Səməqəndi, Əbu Həsən
Rüstüfaqni, Əbu Cəfər -Dəbusi və Əbu Yüsr Pəzdəvi kimi simalar mühüm rol
oynamışdır. Onlar Maturidinin metodunu yalnız qoruyub yaymaqla kifayətlənməmiş,
eyni zamanda onu sistematik Maturidilik məktəbinə çevirmişlər. Bu məktəbin
inkişafı, İslam düşüncə tarixində rasionalizmlə ənənəviliyin tarazlanması
baxımından mühüm bir mərhələdir. Bu məktəbin müstəqil məfkurəvi kimliyə
qovuşması isə, əslində, Əbu Muin ən-Nəsəfî ilə sistemli bir forma almışdır.
Maturidilik, ilkin mərhələdə daha çox Əhl-i sünnə adı altında tanınsa da, Nəsəfinin
əsərlərində açıq şəkildə Əşarilik ilə fərqli bir nəzəri mövqedə dayandığı
müşahidə olunur. Bu isə, Maturidiliyin yalnız teoloji deyil, həm də
epistemoloji və metodoloji fərqlərə sahib müstəqil bir kəlam məktəbi olduğunu
sübut edir.
Maturidiliyin inkişaf mərhələləri üç əsas
dövrə bölünə bilər: klassik sistemləşmə dövrü, təsirə açıq dövr və nəhayət,
yeni kəlam və modern təhlil dövrü.
Klassik dövrdə Nəsəfi ilə başlayan
sistematizasiya, onun ardıcılları ilə davam etmişdir. Bu dövrün mühüm xüsusiyyəti,
məktəbin əqidəvi və metodoloji əsaslarının təkamülə uğraması və geniş bir
coğrafiyada yayılmasıdır. Lakin, VIII/XIV əsrdən etibarən Əşariliyin nüfuzunun
artması, Maturidiliyin intellektual təsir dairəsini zəiflətdi. Razi, Amidi və Təftazani
kimi Əşarilərin fikirləri, hətta Maturidilər tərəfindən istinad olundu. Bu, məktəb
daxilində özünəinamın zəifləməsi və ikinci plana keçid prosesinin təzahürü idi.
Bu dövrdə Maturidilər tərəfindən yazılan əsərlər daha çox şərh və şərhə haşiyə
formasında idi, yəni yaradıcı kəlam fəaliyyətindən çox müdafiə xarakteri
daşıyırdı.
Osmanlı dövründə isə, paradoksal şəkildə
Maturidilik adını daşıyan alimlər, mədrəsələrdə əsasən Əşariliyin əsərlərinə
müraciət edirdilər. Bu, məktəbin zahirdə mövcud, lakin praktikada passiv hala gəlməsinə
səbəb olmuşdur. Şərh və haşiyəçilik ənənəsi isə, din elmlərindəki intellektual
durğunluğun təzahürlərindən biri kimi ortaya çıxmışdır.
-
Sələfilik
İslam düşüncəsində Sələfilik, terminoloji
baxımdan “sələf” – yəni Peyğəmbər (s.ə.s), səhabə və tabiun dövründə yaşayan və
onların əqidə-fiqh baxımından nümunəvi sayıla biləcək alim və zümrələrinə əsaslanan
yanaşma kimi meydana gəlmişdir. Bu anlayış, yalnızca zaman etibarilə əvvəlkilərə
hörmət etmək deyil, eyni zamanda onların dini təcrübəsini, metodologiyasını və
düşüncə tərzini də dəyişməz və ən doğru model kimi qəbul etmək üzərində
qurulmuşdur. Lakin, Sələfilik təkcə tarixi istinadlar sistemi deyil, həm də
İslam intellektual tarixində rasional teologiyaya və sonrakı bidət sayılan təfsirlərə
qarşı reaktiv və müdafiəvi mövqedə olan teoloji-siyasi bir cərəyan kimi inkişaf
etmişdir.
Sələf anlayışının istinad nöqtəsi, başda
Buxari və Müslimdə qeyd olunan "Ümmətimin ən xeyirliləri mənim
zamanımda yaşayanlardır, sonra onları izləyənlər, daha sonra onları izləyənlərdir..."
hədisinə dayanır. Bu hədis, tarix boyunca dini legitimlik və həqiqilik
iddiasında olan bütün təriqət və cərəyanlar üçün ciddi təsir gücünə malik
olmuşdur. Bu çərçivədə "sələf-i salihin" yalnız tarixən ilk gələnlər
deyil, həm də ən doğru dini idrak və əməl sahibləri kimi təqdim olunmuş, bu da
onları təkcə keçmişin deyil, gələcəyin də ölçü və modeli halına gətirmişdir.
VIII əsrdən etibarən İslam dünyasında Mutəzilə
və Cəhmiyyə kimi rasionalist məktəblərin yayılması ilə birlikdə Sələfi düşüncə
onların arqumentlərinə qarşılıq verməyi əsas vəzifə kimi qəbul etmişdir. Lakin,
bu qarşılıq, rasional bir sistemlə deyil, əsasən mətnə (Quran və hədis) tam
bağlılıq və literalizm üzərindən formalaşmışdır. "Əshabu’l-hədis"
adlanan ilk Sələfilər, dinin fəlsəfi və rasional yollarla izahının yanlış
olduğunu və bunun bidətə yol açacağını vurğulamış, müxaliflərini isə “Haşviyyə”,
“Müşəbbihə” və “Əsəriyyə” kimi mənfi yüklənmiş terminlərlə xarakterizə etmişlər.
Bu erkən mərhələdə meydana çıxan rəddiyyələr (məsələn, Əhməd b. Hənbəl, Osman əd-Darimi
və İbn Quteybə tərəfindən yazılanlar), Sələfiliyin yalnız müdafiə deyil, həm də
hücum yönlü intellektual mövqe olduğunu göstərir.
Sələfi düşüncənin sistemli bir ideoloji xəttə
çevrilməsi Əhməd ibn Hənbəl ilə birbaşa əlaqələndirilir. Onun Mutəzilə ilə
mübarizəsi və “Mihnə” hadisəsindəki sərt və qətiyyətli mövqeyi, onu təkcə əhl-i
hədisin deyil, həm də ümumi olaraq ənənəçi əqidənin rəmzinə çevirmişdir. Bu
dövrdə yazılan əsərlər (məsələn, “ər-Rəd aləz-Zənadiqa” və ya Dariminin "ər-Rəd
aləl-Cəhmiyyə") Sələfi əqidənin sərhədlərini təyin etmək baxımından mühüm
olmuşdur. Əhməd ibn Hənbəl, xüsusilə Allahın sifətləri məsələsində hər cür təvil
və ya təcrübədən uzaq literalist yanaşmanı müdafiə etmiş və bu, onu Əşari və
Maturidi metodundan fərqləndirmişdir.
Təvil – zahiri mənası problemli görünən
bir mətni kontekstə, məcazlara və ya ümumi teoloji prinsiplərə uyğun olaraq
başqa mənaya yönəltmək deməkdir. Təvil, İslam düşüncəsində xüsusilə mütəşabih
(mənası açıq olmayan və ya çox mənalı) ayələrin izahında istifadə edilən
üsuldur. Məsələn: Quranda “əl” termini keçir: "Allahın əlləri
açıqdır." (Maidə, 64). Zahiri anlamda bu, təşbih və təcsimə aparar –
sanki Allahın fiziki əli var. Təvil yoluyla isə "əl" qüdrət və ehsan
anlamında şərh olunur. Yaxud, “Ər-Rahmân ərş üzərinə istiva etdi” (Taha, 5) –
istiva zahiri anlamda “oturmaq” və ya “maddi məkan tutmaq” kimi başa düşülərsə,
bu da təcsim təhlükəsinə yol açır. Təvil edənlər bu ifadəni “Allahın bütün aləmə
hökm və idarəsi yayılmışdır” kimi mənalandırır.
IX-X əsrlərdə xüsusilə Bağdad və Xorasan
bölgələrində Sələfi fikirlər Hanbəli məzhəbinin əsas dayağı olmuşdur. Əbu Bəkr əl-Xəllal,
Bərbəhari və İbn Bəttə kimi alimlər, “Kitabu’s-Sünnə” və “əl-İbanə” kimi əsərlərlə
Sələfi düşüncənin əsas prinsiplərini təfsil etmişdir. Bu əsərlərdə əsas vurğu kəlamçılığın
fəsadlarına, rəy metodunun dində problem yaratmasına və mənbə xaricindəki
arqumentlərin batilliyinə yönəlmişdir. Bu, Sələfiliyin təməlində yalnız dini
bir mövqe deyil, eyni zamanda epistemoloji bir inkarçılıq olduğunu da göstərir.
Xorasan və İran bölgəsində yetişən Əbu
Süleyman əl-Xattabi və İbn Məndə kimi mütəfəkkirlər, Sələfi metodologiyanı
davam etdirsələr də, xüsusilə xəbəri sifətlərin təvili mövzusunda daha yumşaq və
praqmatik mövqe sərgiləmişlər. Xattabi, “əl-Qunyə anil-kəlam” əsərində təcsim
(Təcsim - Allahı cismaniləşdirmək, yəni Allahın bədənə və maddi forma malik
olduğunu iddia etməkdir. Bu, Allahın məxluq kimi bir forma və struktura sahib
olduğunu düşünmək deməkdir və İslamın tövhid prinsipi ilə ziddiyyət təşkil
edir) və təşbih (Təşbih - Allahı məxluqlara bənzətməkdir. Yəni, Allahın sifətlərini
insan sifətləri ilə eyniləşdirmək və ya oxşar kimi düşünmək təşbihdir. Misal
üçün, Allahın “əldə”, “üzdə”, “gözdə” və ya “taxt üzərində əyləşməkdə” (istiva)
təsvir olunması və bunların zahiri mənada başa düşülməsi təşbih təhlükəsi
yaradır) qorxusu ilə bəzi təvili ehtiyatla müdafiə etsə də, ümumən kəlam və fəlsəfəyə
qarşı çıxış etmişdir. Ən sərt mövqe isə, Xərəvi tərəfindən ortaya qoyulmuş və
o, “Zəmmül-kəlam” adlı əsərində təkcə Mutəziləni deyil, Əşariliyi də bidətçi
kimi ittiham etmişdir. Bu, Sələfilik daxilində belə öz aralarında ifrat və mütədil
mövqelərin olduğunu göstərir.
Sələfilik, ilk baxışda yalnız bir ənənəçilik
kimi təqdim edilsə də, əslində İslam düşüncəsi daxilində rəsmi metafizikanı, fəlsəfi
idrakı və teoloji rasionalizmi inkar edən, mətnin zahirinə sadiq qalaraq
alternativ epistemologiya və ilahi idrak modeli təqdim edən bir cərəyan
olmuşdur. İbn Teymiyyə dövründə bu cərəyan daha sistemli və teoloji məzmun
qazanaraq günümüzdəki təsir gücünə çatmışdır. Bununla belə, Sələfilik tək bir xətt
üzrə deyil, zaman və məkan üzrə fərqli istiqamət və səviyyələrdə inkişaf etmiş,
bu səbəbdən onu həm ideoloji, həm də elmi-teoloji cərəyan kimi çoxölçülü şəkildə
dəyərləndirmək zəruridir. Bu baxımdan, Sələfilik nə sadəcə “səhabənin yolu”na
bağlılıqla izah oluna bilər, nə də yalnız Hanbəliliklə eyniləşdirilə bilər. O,
İslam düşüncəsinin öz içində apardığı epistemoloji bir mübarizənin adıdır. O, mənbə
ilə təfəkkür, zahir ilə batin, ənənə ilə şərh, mətn ilə məna arasındakı tarixi
qarşıdurmanın bir ifadəsidir.
V-VI (XI-XII) əsrlərdə əhli-hədis və
dolayısı ilə Sələf ənənəsi daxilində ortaya çıxan mülayim bir cərəyan, İslam
elm tarixində mühüm intellektual dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu cərəyanın
əsas mahiyyəti, ənənəvi sələfi mövqeyin rasional metodologiya ilə
uzlaşdırılması cəhdidir. Qazı Əbu Yala əl-Fərranın rəhbərlik etdiyi bu
intellektual hərəkat, onun tələbəsi İbn Əqil və davamçısı İbn əl-Cəvzi ilə daha
da formalaşmışdır. Bu şəxsiyyətlərin ortaq cəhəti, sələfi irsi qoruyaraq məntiq
və istidlal əsaslı kəlam terminologiyasından xüsusi şəkildə istifadə etməyə
başlamalarıdır. Lakin, onların bu mövqeyi həmfikir olduqları Hanbəli çevrələrdə
belə ciddi tənqidə məruz qalmışdır. Onlar sələfi mövqedən uzaqlaşmaqda və bidətə
yaxınlaşmaqda ittiham olunmuşlar.
Əbu Yala, Mutəzilə kəlamının “usul-i
xamsə” kimi tanınan əsaslarını sələfi baxışı ilə yenidən şərh etməyə çalışaraq,
mübahisəli məsələlərdə məhdud təvilə imkan tanımış, lakin həddən artıq
rasionalizmdən uzaq durmuşdur. Onun bu xəttini tələbəsi İbn Əqil daha da
inkişaf etdirərək, “Kitab əl-Cədəl” əsərində təvili rasional çərçivəyə
salmışdır. Bu yanaşma sonralar İbn əl-Cəvzidə öz əksini tapmış, lakin o,
"Dəfʿu şübhəti’t-təşbih" əsərində bu irsə sahib çıxsa da, radikal sələfi
çevrələrin təzyiqi ilə təsir dairəsini itirmişdir.
Eyni dövrdə Dəməşqdə formalaşan əhli-hədis
çevrəsi, Bağdad məktəbinə nisbətən daha sərt və kəskin bir mövqe ilə fərqlənmişdir.
Bu çevrənin əsas nümayəndəsi Muvəffəqəddin İbn Qudamə olmuşdur. Onun “Təhrimu’n-nəzar
fi kütubi əhli’l-kəlam” adlı rəddiyəsi, yalnız kəlam elminə deyil, ümumiyyətlə,
əqli metodlara qarşı sərt mövqeyin göstəricisidir. İbn Qudamə məktəbi, ardınca
yetişən İbn Teymiyyə və tələbəsi İbn Qəyyim əl-Cəvziyyə ilə sistematik və
ideoloji səviyyədə təşkilatlanaraq klassik sələfiliyin radikal və aktiv forması
olan doktrinal Sələfiliyə çevrilmişdir.
İbn Teymiyyənin fəaliyyəti, həm
intellektual, həm də sosial baxımdan dönüş nöqtəsi hesab edilə bilər. Onun
dövründəki xaçlı yürüşləri və monqol istilası müsəlman toplumunu siyasi və mənəvi
baxımdan zəiflətmişdi. Bu səbəbdən İbn Teymiyyə, dini düşüncədə təmizlənmə və
islah xəttini müdafiə etmiş, dini sahədə hər cür fələsəfi və sufistik təsirləri
rədd etmişdir. Onun intellektual mirası, İslam elmlərində kəlam və fəlsəfəyə
qarşı mövqe tutmaqla yanaşı, Quran və Sünnət əsasında təmiz və orijinal dini təlimin
bərpasına yönəlmişdir. Bu miras sonrakı dövrdə yalnız Orta Şərqdə deyil,
Hindistan (Şah Vəliyyullah) və Yəmən (İbn əl-Vəzir, Şövkani) kimi bölgələrdə də
davam etdirilmişdir.
Əhli-hədis və sələfi ənənənin əsas
itiqadi prinsiplərinə gəldikdə isə, bu cərəyan öz mahiyyətində əsasən Əhl-i
sünnə çərçivəsində mövcud olmuş, lakin bəzi təvil məsələlərində, xüsusilə xəbər
sifətləri və ilahi zatla bağlı ayə və hədislərin şərhində fərqlənmişdir.
Onların əsas iddiası, Quran və Sünnət mətni ilə müəyyən olunmamış heç bir dini
prinsipin qəbul edilə bilməyəcəyidir. Bu, sələfiyyənin “bidaət”ə qarşı ciddi
mübarizə apardığını göstərir. Quranda Allahın “yəd” (əl), “vəch” (üz), “istiva”
(əyləşmək) kimi sifətləri haqda onlar antropomorfist şərhlərdən qaçır, lakin bu
sifətlərin mahiyyətinə dair müzakirəni rədd edirlər. Bu mövqe – yəni Sələfî
yanaşmanın Qurandakı mütəşabih ifadələri zahiri şəkildə qəbul etməsi – ilk
baxışda tam literalizm (zahiri mənaçılıq) kimi görünsə də, əslində daha dərindən
baxdıqda bu, ümumi (icmali) bir təvil növüdür. Yəni bu yanaşma, ayənin məzmununu
tam açıqlamadan sadəcə “mənasını Allah bilir” deməklə, onu şərh etməkdən çəkinir
və məna axtarışını Allaha həvalə edir. Bu da dolayısı ilə insanın idrak və dərk
qabiliyyətinə bir sərhəd çəkilməsi deməkdir – yəni bəzi ilahi həqiqətləri insan
ağlı ilə tam qavramağın mümkün olmadığı etiraf olunur. Bu səbəbdən, Sələfi
mövqe, açıq-aşkar təvil aparmasa belə, mahiyyətcə insanın dərk imkanlarını aşan
məsələlərdə təvili inkar etməyən, sadəcə onu icmallaşdıran bir yanaşmadır.
İbn Teymiyyənin irəli sürdüyü əsas
prinsip, sağlam məntiq və doğru nəql arasında heç bir ziddiyyətin mövcud ola
bilməyəcəyi ideyasıdır. O, dinin mənbələrində olmayan istidlallara yer verilməsinin
epistemoloji xaosa və zənnə aparacağını müdafiə edərək, dini düşüncənin əsas
dayağı kimi nəqli əsaslandırır. Lakin, onun bu mövqeyi öz dövründə də, sonrakı
dövrlərdə də yalnız nəzəri mübahisə olmayıb, həm də ictimai bir proqram,
islahat xarakteri daşıyırdı. O və ardıcılları İslam cəmiyyətində yayılmış
mövhumat və şəxslərin müqəddəsləşdirilməsi tendensiyalarına qarşı ciddi şəkildə
çıxış etmiş, dini saflaşdırma proqramı təklif etmişlər.
Əşari və Maturidi alimlərinin bəzi sələfi
mövqelərə uyğun düşməsi, əslində terminoloji və metodoloji fərqlərə baxmayaraq,
bu məktəblər arasında əsas etiqadi prinsipial fərqlərin olmadığını göstərir.
Əşari, “Məqalat”ında əhli-hədisin əsas prinsiplərini sadalayarkən, onların
Quranın məxluq olmadığı, imanın artıb-azalması və əməllə əlaqəsi kimi məsələlərdə
digər sünni məktəblərlə ortaq mövqeyini qeyd edir. Cüveyni və Qəzali isə, sələfi
metodologiyanın xüsusilə avam təbəqənin qorunmasında effektiv olduğunu
vurğulamışlar. Bu, dini biliklərin sıravi insanlara uyğun şəkildə təqdim edilməsinin,
onların imani sabitliyini qorumaq üçün zəruri olduğunu göstərir.
Sələfi təfəkkür, ilk baxışda sadə və
zahirçilik kimi görünməsinə baxmayaraq, əslində öz daxilində bir metodoloji
ardıcıllıq və rasional məhdudlaşdırma daşıyır. Onun əsas məqsədi, dini bilikləri
Quran və Sünnət çərçivəsində saxlamaq, ilahi vəhyin təhrifə və spekulyativ şərhlərə
məruz qalmasının qarşısını almaq, eyni zamanda ictimai-mədəni təmizlənmə və
islahatla dini həyatın sağlamlığını təmin etməkdir. Bu baxımdan, İbn Teymiyyə və
onun ardıcıllarının formalaşdırdığı sələfilik, yalnız teoloji deyil, həm də
sosioloji və epistemoloji baxımdan İslam tarixində mühüm bir mərhələni təmsil
edir.
Müasir Sələfilik XIX əsrin ikinci
yarısından etibarən İslam dünyasında genişlənən islahat və təcdid (yenilənmə) cəhdlərinin
məntiqi davamı kimi formalaşmış və inkişaf etmişdir. Bu cərəyan, xüsusilə İslam
dünyasının Qərb imperiyalist gücləri tərəfindən işğal və müstəmləkələşdirilməsindən
sonra özünü daha qabarıq şəkildə göstərmişdir. Bu dövrün İslam alimləri dini tənəzzülün
səbəblərini araşdıraraq, əsas çıxış yolunu İslamın ilkin qaynaqlarına – Quran və
Sünnəyə dönüşdə görmüşlər. Onların fikrincə, sonrakı əsrlərdə İslama daxil olan
bidətlər (yeniliklər), xurafələr, təsəvvüfün və təriqətlərin xalq arasında
yaydığı passivlik və təqlidin elm dairələrində hökm sürməsi dini zəiflətdiyi
kimi, İslam cəmiyyətlərinin siyasi və mədəni geriləməsinə də yol açmışdır.
Müasir Sələfiliyin nəzəri əsaslarını İbn Teymiyyənin
irsi ilə əlaqələndirmək mümkündür, lakin bu cərəyan onun təlimlərindən daha
geniş bir islahat ideyası halında çıxış etmişdir. Sıddîq Həsən Xan, Məhəmməd
Əbdüh, M. Rəşid Rıza, Cəmaləddin əl-Qasimi və Mahmud Şükri əl-Alusi kimi isimlər
Quran və Sünnəyə qayıdışı yalnız nəzəri deyil, həm də ictimai və siyasi
islahatlarla uzlaşdırmağa çalışmışlar. Məhəmməd Əbdüh, xüsusilə dini təfəkkürün
təqlid zəncirindən xilas edilməsini, dinin ilkin və təhrif olunmamış formasının
bərpasını, əqlin dini anlamda bələdçilik funksiyasını ön plana çəkmişdir. Bu
yanaşma bir tərəfdən dini saflaşdırma və yenidən formatlaşdırma cəhdi idisə,
digər tərəfdən Qərbin elmi-texniki inkişafına qarşı geridə qalmamağı təmin etmək
istəyinə söykənirdi.
Bununla belə, XX əsrin əvvəllərindən
başlayaraq, xüsusilə I Dünya Müharibəsindən sonra iqtisadi, sosial və siyasi
böhranların dərinləşməsi ilə Sələfilik cərəyanında ciddi ideoloji
transformasiyalar baş vermişdir. Məhz bu şəraitdə Həsən əl-Bənna tərəfindən
Misirdə qurulan İxvan-ı Müslimin, daha sonra isə Əbül-Əla əl-Məvdudi tərəfindən
Pakistanda təsis edilən Cəmaat-i İslami kimi təşkilatlar Sələfîliyin ideoloji və
siyasi xarakterini formalaşdırmışdır. Bu mərhələdə Sələfîlik təkcə islahat
deyil, eyni zamanda siyasi mübarizə alətinə çevrilmişdir. Xüsusilə 1970-ci illərdən
etibarən Qərb və Sovet blokları arasındakı soyuq müharibənin yaratdığı şəraitdən
istifadə edən bəzi Sələfi qruplar daha aksionist və radikal mövqelər tutmağa
başlamış, həm ənənəvi İslam şərhlərinə, həm də Qərb mədəniyyətinə qarşı kəskin
bir müxalifət sərgiləmişdir.
Bu istiqamətdə Sələfîlik bir neçə fərqli
məcrada inkişaf etmişdir. İxvan-ı Müslimin kimi nisbi olaraq siyasi praqmatizmi
özündə cəmləyən hərəkatlarla yanaşı, İslam Cihadı kimi tamamilə radikal və
zorakı metodlara üstünlük verən qruplar da yaranmışdır. Bu radikal qruplar
tez-tez İslamın məğzini, əxlaqi və ictimai missiyasını deyil, onun zahiri tərəflərini
və formal ibadət qaydalarını ön plana çıxarmış, tarixi təcrübəni və mədəni zənginliyi
rədd edən monolit bir din anlayışı formalaşdırmağa cəhd etmişdir. Bu isə,
qlobal mediada və siyasi diskurslarda İslamın təhrif olunmuş obrazını yaratmış,
müasir İslam cəmiyyətlərinin çoxşaxəli və tolerant təcrübələri ilə ziddiyyət təşkil
etmişdir.
Sələfîliyin digər bir qolu isə, Səudiyyə Ərəbistanında formalaşmış və Məhəmməd ibn Əbdülvəhhabın ideyalarına əsaslanan Vəhhabilik olmuşdur. Bu istiqamət özünü Sələfiliyin təməl prinsiplərinə sadiq elan etsə də, ciddi şəkildə Hanbəli fiqhinin zahiri təfsirinə bağlanmış, dini təcrübədə yeniliklərə və modernləşməyə qarşı çıxmışdır. Siyasi cəhətdən Səudiyyə dövlət strukturlarına inteqrasiya olunsa da, dini baxımdan əsasən konservativ və mühafizəkar bir mövqe sərgilənmişdir.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
16:54 20.06.2025
Oxunuş sayı: 725