Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Nazirlər Kabinetinin qərarına əsasən bu il iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından biridir. Bu bayram müsəlmanlar üçün dərin mənəvi və sosial əhəmiyyət daşıyır. Hər il müsəlmanlar bu günü qeyd edərək qurban kəsir və bu əməllə həm dini, həm də insani borclarını yerinə yetirirlər.
Qurban bayramı hicri təqviminin Zilhiccə ayının 10-cu günündə başlayır və 3-4 gün davam edir. Bayramın dəqiq vaxtı Ay təqviminə əsaslandığı üçün hər il fərqli günlərə təsadüf edir və miladi təqvimə uyğun dəyişir. Bu il bayramın ilk günü 6 iyun tarixinə təsadüf edir.
Dini qurban kəsmə Hz.İbrahim (ə) həyatında baş verən əhvalatdan sonra yaranıb.
İslam inancına görə, Allah İbrahim peyğəmbəri imanını sınamaq üçün ondan oğlu İsmayılı qurban verməsini istəyib. İbrahim peyğəmbər bu əmri yerinə yetirməyə hazır olduğu anda, Allah onun sədaqətini görərək İsmayılın yerinə bir qoç göndərib. Qurani-Kərimdə əs-Saffat surəsinin 102-107-ci ayələrində bu barədə belə buyrulur: “O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən”. ( Əs-Saffat surəsi 102). “Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman Biz onu çağırıb dedik: “Ey İbrahim! Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aydın bir imtahandır. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik”. ( Əs-Saffat surəsi 103-107).
Azərbaycanda və bir çox müsəlman ölkələrində Qurban bayramı rəsmi dövlət bayramı kimi qeyd olunur, iş yerləri və məktəblər bağlanır, insanlar ailələri ilə bir araya gəlir. Bayramın ən mühüm rəmzi və dini ayini qurbanlıq heyvan kəsməkdir. Qurbanlıq üçün qoyun, keçi, inək və ya dəvə kimi sağlam və şərtlərə uyğun heyvanlar seçilir. Qurbanlıq heyvanlar adətən bayram namazından sonra, “Bismillah” deyilərək üzü qibləyə kəsilir. Allah (c.c.) Əl-Həcc sürəsinin 34-cü ayəsində bununla bağlı belə buyurur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!”
Bayram günlərində yardımlaşma, paylaşmaq və bir-birinə dəstək olmaq xüsusilə ön plana çıxır. Bu bayramın sosial əhəmiyyəti də böyükdür. Qurban kəsmək və ehtiyacı olanlara paylamaq cəmiyyətin həmrəyliyini gücləndirir, insanlar arasında sevgi və mərhəmət hisslərini artırır. Ailələr bir araya gəlir, qohumlar və dostlar bir-birini ziyarət edir, birlikdə bayram süfrələri açılır. Bu, həm də cəmiyyətin sosial bağlarını möhkəmləndirən mühüm bir ənənədir.
Allah (c.c.) kəsilən qurbanlarımızı qəbul etsin!
Nəzrin Salmanova
00:10 06.06.2025
Oxunuş sayı: 2330