ABŞ xarici siyasətində prioritet: Dünya nizamı yox, milli maraqlar

Son dövrlərdə ABŞ rəsmilərinin səsləndirdiyi bəyanatlar ölkənin xarici siyasətdə strateji kursunu dəyişdiyini və daha sərt xətt tutduğunu göstərir. ABŞ Senatının nüfuzlu üzvlərindən senator Marko Rubionun “Xarici siyasətdə dünya nizamını deyil, ABŞ-nin maraqlarını rəhbər tutacağıq” açıqlaması beynəlxalq müzakirələrə səbəb olub. Bu bəyanat Vaşinqtonun artıq beynəlxalq hüquq və qlobal əməkdaşlıq prinsiplərini deyil, birbaşa milli maraqlarını ön plana çəkdiyini göstərir. Belə bir yanaşma mürəkkəb geosiyasi mühitdə ABŞ-nin dünya nizamındakı mövqeyini və iddiasını yenidən gündəmə gətirir.
Bu mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, ABŞ özünü daim qlobal sistemin aparıcı aktoru kimi təqdim edir və bu yöndə açıq bəyanatlarla çıxış edir.
“Biz bilirik ki, ABŞ hökuməti dövlət olaraq onsuz da qlobal sistemdə əsas aktorlardan biri olduğunu iddia edir. Onlar qlobal sistemin Amerika Birləşmiş Ştatlarının maraqları ətrafında cərəyan edən proseslərə tabe olması ilə bağlı kifayət qədər iddialı çıxışlar edirlər. Trampın dövründə də, Trampa yaxın siyasətçilərin dilində də bu ritorika açıq görünürdü. Bu isə onu göstərir ki, ABŞ-nin növbəti hədəfi yeni dünya nizamında əsas söz sahibi olmaq və bütövlükdə dünya sistemini formalaşdırmaqdır,” – deyə politoloq qeyd edib.
Aytən Qurbanova əlavə edib ki, bu planların nə dərəcədə reallaşacağı ABŞ-nin siyasi-iqtisadi potensialından və beynəlxalq arenada atacağı addımlardan asılı olacaq. “Amma bunun asan olmayacağı da aydındır,” – deyə o vurğulayıb.
Zəhra Ağayeva
17:12 04.06.2025
Oxunuş sayı: 5115