Türk Dövlətləri Təşkilatında yeni perspektivlər

21 may 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tədbirdə çıxış etdi. Görüşdə Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi və gələcək planlar müzakirə olundu. Zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan və Özbəkstan prezidentləri, o cümlədən TDT-nin Baş katibi iştirak edirdi. Macarıstanın Baş naziri Viktor Orban ev sahibi olaraq çıxış etdi. Görüş zamanı türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarixi, mədəniyyəti və dili paylaşan türk dövlətlərini bir araya gətirən siyasi və iqtisadi əməkdaşlıq platformasıdır. Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında əməkdaşlığı möhkəmləndirmək, regional sabitliyi və rifahı təmin etməkdir. TDT-nin mütəmadi olaraq təşkil etdiyi Zirvə görüşləri bu istiqamətdə mühüm rol oynayır.
21 may 2025-ci il tarixində Macarıstanın Budapeşt şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşü türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan bir hadisəyə çevrildi. Görüşdə iştirak edən dövlət başçıları ortaq gələcəyi formalaşdırmaq və yeni təşəbbüslərə start vermək baxımından mühüm qərarlar qəbul etdilər. Budapeştdə keçirilən Zirvə görüşündə ortaq media sahəsinin inkişafı, gənclər və təhsil layihələri, birgə humanitar təşəbbüslər də əsas müzakirə mövzusu oldu. Zirvə görüşünün yekununda qəbul edilən Bəyannamənin əsas məqamları bunlardır: Türk birliyinin strateji gücləndirilməsi - Dövlət başçıları bir daha Türk birliyinin davamlı inkişafını dəstəklədiklərini bəyan etdilər; Ortaq iqtisadi layihələrin təşviqi – Ticarət, nəqliyyat və enerji sahələrində regional layihələrin dəstəklənməsi barədə razılıq əldə edildi; Ortaq informasiya siyasəti – Türk dövlətlərinin vahid informasiya məkanının formalaşdırılması üçün addımlar atılması qərara alındı; Gənclər və təhsil sahəsində əməkdaşlıq – Türk Universitetləri Şəbəkəsinin genişləndirilməsi və ortaq mübadilənin artırılması vurğulandı; Beynəlxalq əməkdaşlıq – TDT-nin BMT və digər beynəlxlaq qurumlarla əməkdaşlığının genişləndirilməsi məsələsinə toxunuldu.
Ölkəmizin başçısı cənab İlham Əliyev çıxışında Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, Macarıstanın müstəqil siyasət yürütməsini və beynəlxalq nüfuzunun artmasını vurğuladı. Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının fəaliyyətinin gücləndirilməsinin vaciblyini qeyd etdi. Buradakı əsas məqamlara cənab prezident diqqət çəkib: Azərbaycanın TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyi və üzv ölkələrin liderlərini bu tədbirə dəvət etməsi; Azərbaycanın TDT üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğu və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti; Orta dəhlizin rəqəmsallaşdırılması və Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsi məqsədilə vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlərin davam etdirilməsi; Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması və bu fondun Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafında oynayacağı rol; COP29 zamanı Azərbaycan, Qazaxstan və Özbəkstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması və bu sazişin region üçün əhəmiyyəti.
Ölkə başçısı cənab İlham Əliyevin çıxışı Türk Dövlətləri Təşkilatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək və üv ölkələr arasında əməkdaşlığı gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbycanın təşkilat daxilindəki fəal rolu və təşəbbüsləri Türk dünyasının birliyinin möhkəmlənməsinə töhfə verir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
16:28 23.05.2025
Oxunuş sayı: 933