Azərbaycanın Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb

Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib.
Crossmedia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovla Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında keçirilən görüşdə aparılıb.
2021-2024-cü illər ərzində Azərbaycanın Aİ-yə qaz ixracının 57 %-dən çox artdığı vurğulanaraq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və tədarük həcmlərinin artırılması üçün investisiyalar və uzunmüddətli müqavilələrin vacibliyi qeyd olunub. Aİ-nin qaz layihələrinin maliyyələşdirilməsinə dair siyasəti nəzərdən keçirilib.
Baş direktor Qert Yan Kupman tərəfindən Orta Dəhliz kontekstində regionla Aİ arasında enerji və elektrik ticarətini artırmağa yönəlmiş planlar çərçivəsində Azərbaycanla əməkdaşlığa, xüsusilə “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə xüsusi maraq ifadə edilib. Söhbət zamanı layihənin texniki-iqtisadi əsaslandırma mərhələsində olması, Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün həyata keçirilən proseslər, dəhlizin elektrik enerjisi ilə yanaşı, fiber-optik komponenti, həmçinin növbəti mərhələdə “yaşıl enerji”nin tədarük imkanları barədə məlumat verilib. Bu dəhlizin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə əlaqələndirilməsi perspektivi diqqətə çatdırılıb.
P. Şahbazov bildirib ki, layihə Avropa ilə Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə birləşdirə bilər, bu da gələcəkdə Qazaxıstan və Özbəkistandan böyük həcmlərdə enerji resurslarının Avropaya ötürülməsini təmin edə və Ai-nin enerji təchizatının şaxələndirilməsi baxımından mühüm rol oynaya bilər.
Görüşdə, həmçinin Azərbaycan-Aİ enerji dialoqunun üçüncü iclasının keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.
13:38
Azərbaycandan Avropa ölkələrinə təbii qaz, “yaşıl enerji” və hidrogen tədarükünə dair müzakirələr aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında keçirilən görüşdə aparılıb.
Nazir qeyd edib ki, onun Qert Yan Kupman ilə görüşü Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığının gündəliyindəki məsələlərin müzakirəsi baxımından səmərəli olub:
“Avropaya təbii qaz, “yaşıl enerji” və hidrogen tədarükü, bu kontekstdə mövcud və planlaşdırılan enerji dəhlizlərinin inkişafı, bu layihələrin enerji təhlükəsizliyində gələcək rolu, investisiya imkanları, eləcə də Azərbaycan-Aİ enerji dialoqunun növbəti iclasına dair fikir mübadiləsi apardıq”.
14:58 12.05.2025
Oxunuş sayı: 849