Şimali Kipr Türk Respublikasının adı niyə dəyişir?- Ekspert açıqladı

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) adı yaxın zamanda dəyişdirilə bilər. Bu barədə ŞKTC Prezidenti Ersin Tatar jurnalist Hilmi Daşdemirə verdiyi müsahibədə məlumat verib. O bildirib ki, artıq federasiya modeli gündəmdən çıxıb və “Şimal” ifadəsi də əvvəlki siyasi mənasını itirib. Yeni mərhələdə adın “Kipr Türk Cümhuriyyəti” olaraq dəyişdirilməsi məsələsi nəzərdən keçirilə bilər.
Sözügedən ehtimal barədə Crossmedia.az-a danışan türkiyəli hüquqşünas, politoloq Ferhat Aznevi 1974-cü ildəki Kipr Barış Hərəkatından sonra, 1974-cü ilin sonunda Kipr Türk Federal Dövlətinin qurulduğunu vurğulayıb: “Buradakı "federal" anlayışı, beynəlxalq hüquq çərçivəsində, gələcəkdə adanın cənubundakı yunan tərəfi ilə suverenlikdən imtina etmədən, bəlkə də iki suveren dövlətin konfederasiyaya bənzər birgə dövlət qurması ehtimalını az da olsa açıq saxlayırdı. Yəni bu, hər iki tərəfin bərabərhüquqlu şəkildə bir araya gələ biləcəyi bir modeli nəzərdə tuturdu”.
Politoloq illər ərzində aparılan danışıqlardan heç bir nəticə əldə edilmədiyinə görə, bu mümkün olan konfederativ – iki suveren tərəfin zəif formada birləşdiyi dövlətəbənzər bir qurum – ehtimalının da artıq reallıqdan uzaqlaşdığını deyib: “Məhz buna görə də, adanın şimalında yerləşdiyi üçün o zaman "Şimali Kipr Türk Federal Dövləti” adlanırdı. Yəni bu "şimal" ifadəsi, gələcəkdə baş verə biləcək bir konfederasiya quruluşu ehtimalını daşıyan federal anlayışın tərkibində yer alırdı".
F.Aznevinin sözlərinə görə, bu günə qədərki proses onu göstərir ki, belə bir birləşmə – yəni Avropa İttifaqındakı, keçmiş Sovetlər Birliyindəki və ya Müstəqil Dövlətlər Birliyindəki kimi suveren dövlətlərin birliyi – artıq mümkün deyil: “Bu səbəbdən "federal" anlayışı ilə bağlı gələcək perspektiv də qalmayıb. Dolayısı ilə "şimal" ifadəsi sadəcə coğrafi mənaya çevrilib. Artıq o, potensial konfederativ birliyə işarə etmir. Belə olan halda, bu günə qədərki inkişaflar nəzərə alınaraq, "şimal" sözünün adından çıxarılması mümkündür".
Fatimə Məmmədova
18:59 02.05.2025
Oxunuş sayı: 887