Ekspert: "NATO Rusiyanın "əlinə oynayır"

NATO-nun baş katibi Mark Rutte Ukraynanın Alyansa gedən yolunun dönməz olduğunu bildirib. O, xüsusilə vurğulayıb ki, Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağını deyəndə, bunun sülh sazişinin bir hissəsi olacağına söz verilməyib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya inteqrasiyası alyansın gündəmində prioritet olaraq qalır və Vaşinqton sammitinin əsas nəticələrindən biri də məhz bu yolun dönməz olduğunun vurğulanması olub.
Hərçənd ki, Kiyev 2024-cü ilin iyulunda keçiriləcək sammitdə NATO-ya rəsmi dəvət gözləsə də, bu baş verməyib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rutte son vaxtlar nüfuzuna ciddi zərbə vura biləcək bəyanatlar səsləndirir:
“Xüsusən Ukrayna mövzusunda bu cür bəyanatlar və addımlar qəbuledilməzdir. Bu NATO-nu gözdən sala bilər. Heç kimə sirr deyil ki, NATO üzvlərinin əksəriyyəti Ukraynanı öz sırasında görmək istəyir və görəcəklər. Bu, qarşısıalınmaz bir prosesdir. ABŞ Prezidenti Donald Trampın xoşuna gəlsin deyə Rutte belə bir bəyanat səsləndirib və son günlərdə onunla görüşüb də. Hazırda Ukraynanın NATO-ya üzvlüyü barədə isə ziddiyyətli fikirlər səslənir. Təəccüblənmirəm. Açıq deyim ki, bu cür qeyri-ciddi bəyanatlar daha çox təcavüzkarın, yəni Rusiyanın "əlinə oynamaqdır". Ona görə də nə atəşkəsə razılıq verir, nə də raketlərlə bombalamağı, dronlarla hücumu dayandırır. NATO-nun nüfuzuna isə böyük ziyan vururlar və bu belə olmamalıdır. Nəzərə alsaq ki, Varşava müqaviləsi təşkilatı artıq yoxdur, KTMT “ölü bir qurumudur”, bu gün NATO hərbi və siyasi təşkilat kimi ciddi qəbul olunur. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Tacikistanla Qırğızıstan arasında münaqişələr var və Ermənistan ümumiyyətlə təşkilatın tədbirlərində iştirak etmir. NATO unutmamalıdır ki, Rusiya Alyansa qarşı ciddi addımlar atıb. Lakin Finlandiyanın və İsveçin Alyansa üzvlüyünə heç bir ciddi reaksiya göstərə bilməyib. O ölkələr rahat şəkildə NATO üzvü olub. NATO Rusiya sərhədləri 1000 kilometrlərlə artıb. Artıq aprelin 1- dən iyulun 15-dək Rusiya orduya 160 min çağırışçı cəlb edir. Onun müəyyən hissəsi yeni yaradılmış hərbi dairədə yerləşəcək, bir hissəsi Ukrayna müharibəsinə göndəriləcək”.
Onun sözlərinə görə, Ukrayna mütləq şəkildə NATO üzvü olacaq: “Sadəcə NATO bəzi məsuliyyəti bölüşməmək məqsədilə ziddiyyətli bəyanatlar verib. Onlar Ukraynanın NATO-ya qəbul olunmasını təşkilatın generallarını çətin vəziyyətə sala biləcəyini, müharibə və hərbi kontingent göndərilməsi mövzsunu düşünürlər. Ukraynalılar isə yalnız öz güclərinə güvəndiklərini və xarici yardıma ehtiyac duymadıqlarını bildirirlər. Ukrayna müharibəsinə göndərilən muzdlular isə artıq sirr deyil. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Dövlətlər məsələn, Fransa, İngiltərə və Almaniya deyir ki, Ukrayna məsələsi həll edilməlidir, ondan sonra orada qoşunların yerləşdirilməsi məsələsinə baxıla bilər. Rusiya isə bildirir ki, NATO üzvü olan ölkələr Ukrayna ərazisinə gəlməməlidir. Bu isə sadəcə bir bəhanədir. Necə yəni, gəlməməlidir? Kimsən ki, başqa ölkənin ərazisi və ya sənə aidiyyəti olmayan bir blokla bağlı fikir səsləndirirsən? Bu cür bəyanatlar NATO-nun ziyanına işləyir. Son vaxtlar Trampın ziqzaqvari, məsələn, “24 saata müharibəni dayandırmaq cəhdləri nəticəsiz qalıb”, “İsrailin uğursuzluğu nəticəsində HƏMAS-ın girov götürdüyü şəxslərin azad olunması məsələsi də həll olunmayıb”, “İrlandiya məsələsi, Kanadanın 51-ci ştat məsələsi də nəticəsiz qalıb” kimi bəyanatları var. İran isə artıq ABŞ-nin zəif nöqtələrindən istifadə edərək bəzi danışıqlara gedir və vaxt qazanmağa çalışır. Bu cür bəyanatlar dünyada xaotik vəziyyətin mövcudluğundan xəbər verir. Xaotik siyasət yeridilir və BMT bu siyasətə sadəcə izləyici mövqeyi tutur”.
Nəzrin Salmanova
11:21 17.04.2025
Oxunuş sayı: 1129