ABŞ-nin qlobal ticarət müharibəsi nə ilə nəticələnəcək? - AÇIQLAMA

Qlobal ticarət münasibətlərinin getdikcə daha da mürəkkəbləşdiyi bir dövrdə, ABŞ Prezidentinin gömrük rüsumlarını artırmaq qərarı dünya iqtisadiyyatında ciddi narahatlıqlara səbəb olub. Bu addım yalnız inkişaf etmiş ölkələrin bazarlarına deyil, xüsusilə inkişaf etməkdə olan ölkələrin iqtisadi sabitliyinə və ixrac potensialına mənfi təsir göstərmək gücünə malikdir. Ticarət müharibəsinin alovlandığı bir zamanda bir sıra ölkələrin ABŞ ilə razılaşma yolları axtarması isə həm iqtisadi asılılıqların, həm də geosiyasi maraqların təsiri ilə izah olunur. ABŞ-ın ticarət siyasətindəki sərtləşmə qlobal güc balansına və beynəlxalq əməkdaşlıq modellərinə birbaşa təsir göstərməkdədir.
Mövzu ilə bağlı iqtisadi ekspert Xalid Kərimli Crossmedia.az-a açıqlama verib:
"Ümumiyyətlə bu tarif müharibələrinin dünya iqtisadiyyatına təsiri ləngidicidir. Yəni iqtisadi artımı azaldır. Çünki ticarətə maliyyə yaratmaq dünya iqtisadiyyatının böyüməsini ləngidən faktordur. İnkişaf etməkdə olan ölkələrə də təsir edəcək. Lakin onların spektri genişdir. Əmtəə satan, neft-qaz satan ölkələr üçün əmtəə qiymətinin düşməsinə səbəb olacaq ki, bu da onlar üçün heç yaxşı xəbər deyil. Həm enerjinin həmdə digər alüminium və qara metalların qiymətində düşüş ola bilər. Ümumi desək hər bir sahəyə fərqli cür təsir edəcək. İkinci məsələ odur ki, inflyasiya artacaq. ABŞ üçün inflyasiya artacaq və bununla da mərkəzi bankın faiz dərəcələri artacaq. Bu da zəif inkişaf etmiş dövlətlərin valyutası üzərində sərt təzyiq yarada bilər".
Ayhan Ağarzayev
17:00 10.04.2025
Oxunuş sayı: 1517